Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Qızıl Qran-Pri” turniri

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xatirəsinə həsr edilmiş güləş üzrə növbəti “Qızıl Qran-Pri” turniri start ərəfəsindədir. Bu gün 40 ölkənin ən mahir güləş ustaları “Sərhədçi” Olimpiya İdman Mərkəzində sayca yeddinci turnirin mükafatları uğrunda mübarizəyə başlayacaqlar.

Beynəlxalq Güləş Federasiyasının (FİLA) təqvimində xüsusi yeri olan bu yarış hər dəfə böyük maraqla qarşılanır və bütün güləş aləminin diqqət mərkəzində olur. Bu da təsadüfi deyil, Azərbaycanda idmanın, o cümlədən güləşin inkişafına daim böyük qayğı və diqqət göstərmiş ulu öndərin xatirəsinə həsr edilən və artıq ənənə halını almış turnir beynəlxalq güləş dairələrində dünya və Avropa çempionatlarından, Olimpiya oyunlarından sonra ən mötəbər yarışlardan biri hesab olunur.

Bakı “Qran-Pri”sinin mükafatları uğrunda, bir qayda olaraq, ən güclü güləş dövlətlərinin , Azərbaycan ilə yanaşı, Türkiyə, Rusiya, İran, Gürcüstan, Bolqarıstan, ABŞ, Almaniya və bir sıra başqa ölkələrin yığmaları mübarizə aparırlar. Bizim idman həvəskarlarımız da öz növbələrində sərbəst, yunan-Roma və qadın güləşi yarışlarının gedişini böyük diqqətlə, onlara bu imkanı yaradan turnirin təşkilatçılarına dərin minnətdarlıq hissi ilə izləyirlər.

Paytaxtımızda keçirilən “Qran-Pri”nin tarixi 2008-ci ildən hesablanır. Əvvəlki altı turnirdə Azərbaycan güləşçiləri üst-üstə 129 medal – 42 qızıl, 32 gümüş və 55 bürünc mükafat qazanmışlar. Bu rəqəmlərdən də göründüyü kimi, idmançılarımız ümummilli liderin adını daşıyan turnirə çox böyük məsuliyyət hissi ilə yanaşır və ulu öndərin adına layiq çıxış  etmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər. Müxtəlif illərdə “Qızıl Qran-Pri”nin sınaqlarından çıxmış Azərbaycan güləşçilərinin bir qrupu – Fərid Mansurov, Rövşən Bayramov, Vitali Rəhimov, Toğrul Əsgərov, Xetaq Qazyumov, Mariya Stadnik, Yuliya Ratkeviç və başqaları  bu gün Olimpiya oyunlarının çempionları və mükafatçıları kimi məşhurlaşmışlar.

İndiki, yeddinci turnirin təntənəli açılış mərasimi bu gün olacaq. Üç gün davam edəcək “Qızıl Qran-Pri”də birinci olaraq “sərbəstlər” xalça üzərində ustalıqlarını nümayiş etdirəcəklər. Onlardan ən güclülər  bu gün axşam saatlarında final görüşlərində qarşılaşacaqlar. Sabah meydana qadın güləşçilər dəvət olunacaqlar. Turnirin finişində isə yunan-Roma güləşi ustaları qalib və mükafatçıları müəyyənləşdirəcəklər. Azərbaycan bu məsul yarışda 50 nəfərə qədər güləşçi ilə təmsil olunacaq.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında