İyulun 24-də Bakıda, Milli Gimnastika Arenasında yeniyetmələr arasında taekvondo üzrə birinci dünya çempionatının təntənəli açılış mərasimi keçirilib. Əvvəlcə idmançılar və hakimlər meydana dəvət olunublar. Meydana iştirakçı ölkələrin və Dünya Taekvondo Federasiyasının bayraqları gətirilib.
Azərbaycan Taekvondo Federasiyasının prezidenti, Dünya Taekvondo Federasiyasının vitse-prezidenti Kəmaləddin Heydərov çıxış edərək respublikamızda idman sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıb. Bildirib ki, bu gün Azərbaycanda idman yüksəliş dövrünü yaşayır. Azərbaycan dünyada yüksək inkişaf etmiş idman ölkəsi kimi tanınır.
K.Heydərov deyib ki, ölkəmizdə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu idman siyasəti hazırda dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bu siyasətin nəticəsində idmançılarımız beynəlxalq arenalarda uğurla çıxış edir. Bu siyasət nəticəsində Azərbaycan idman ölkəsi kimi şöhrət qazanıb. Ölkəmizdə beynəlxalq idman yarışlarının təşkili artıq ənənə halını alıb.
Azərbaycanın dünyada irimiqyaslı idman yarışlarına uğurla ev sahibliyi edən ölkə kimi tanındığını vurğulayan K.Heydərov cari ilin aprelində Bakıda taekvondo üzrə Avropa çempionatının keçirilməsini və “Bakı-2015" birinci Avropa Oyunlarını bunun nəticəsi olduğunu vurğulayıb. O, dünya çempionatının Azərbaycanda keçirilməsi ilə bağlı ölkəmizə göstərdiyi etimada görə Dünya Taekvondo Federasiyasının rəhbərliyinə minnətdarlıq etdi.
K.Heydərov bütün idmançılara və komandalara yarışda iştirak etdikləri üçün təşəkkürünü bildirib və uğurlar arzulayıb.
Dünya Taekvondo Federasiyasının prezidenti Çunqvon Ço dünya teakvondo ailəsini bu mötəbər yarış münasibətilə təbrik edib, Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısını yüksək qiymətləndirib. Federasiya prezidenti ölkəmizdə idman siyasətinin uğurla həyata keçirildiyini diqqətə çatdırıb.
Qeyd edib ki, Azərbaycanda keçirilən bu dünya çempionatı gənc taekvondoçulara peşəkar idmana başlamaq və yüksək səviyyəli yarışlara hazırlaşmaq üçün mühüm təcrübə qazandıracaq. Gənc idmançılar üçün dünya səviyyəsində çempionat təşkil etdiyimiz üçün məmnunam. Yeniyetmələr arasında birinci dünya çempionatının keçirilməsi qərarı 2013-cü ilin iyununda qəbul olunub və ilk şəhər kimi Bakı seçilib. Yarışların məqsədi yeniyetmələrin bacarıqlarının artırılması və onlar arasında dünya çempionatının keçirilməsinin gələcəkdə ənənəyə çevrilməsidir. Bakı artıq yüksək səviyyəli idman tədbirlərinin keçirildiyi şəhərə çevrilib. Dünya Taekvondo Federasiyası belə tədbirləri dəstəkləyir. O, yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycan dövlətinə minnətdarlıq edib.
Azərbaycanın gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov çıxışında bildirib ki, qədim və zəngin idman ənənələri olan Azərbaycanda idman və Olimpiya hərəkatını inkişaf etdirmək üçün geniş imkanlar vardır. Nazir müavini ulu öndər Heydər Əliyevin ölkəmizdə idmanın inkişafındakı xidmətlərindən danışıb, Azərbaycan Prezidentinin diqqət və qayğısı nəticəsində bu sahənin inkişaf etdiyini bildirib. Diqqətə çatdırıb ki, Azərbaycanda idmanın inkişafı ölkəmizi beynəlxalq tədbirlərin keçirildiyi məkana çevirib. Yarışın Azərbaycanda keçirilməsi ölkəmizə göstərilən yüksək etimadın nümunəsidir. İ.İsmayılov Azərbaycanın ev sahibliyi etdiyi idman yarışlarının beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb.
Sonra Kəmaləddin Heydərova və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadəyə Dünya Taekvondo Federasiyasının mükafatları təqdim olunub. Bildirilib ki, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov taekvondo üzrə 5-ci Dan qara kəmərə layiq görülüb.
İdmançılar və hakimlər and içdikdən sonra çempionat açıq elan olunub və Azərbaycanın dövlət himni səsləndirilib.
Tədbir xüsusi hazırlanmış şou, “Natiq” ritm qrupunun üzvlərinin iştirakı ilə konsert proqramı və Dünya Taekvondo Federasiyasının seçmə komandasının nümunəvi çıxışları ilə davam edib.
Çempionatda 65-ə yaxın ölkədən 600-dək taekvondoçu birincilik uğrunda mübarizə aparır. 14 yaşadək taekvondoçular arasında keçirilən oyunları beynəlxalq dərəcəli 60-dək hakim idarə edir.
Turnirə iyulun 24-də start verilib. Dörd gün davam edəcək yarışa taekvondo üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası 18 idmançı ilə qatılıb.
AzərTAc
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.