“İnter” Avroliqanın üçüncü mərhələsinin astanasında

Hər şeydən göründüyü kimi, sonuncu Azərbaycan çempionatının gümüş mükafatçısı Bakının “İnter” komandası UEFA Avropa Liqası turnirində qarşısına çox ciddi məqsədlər qoymuşdur.

Belə düşünmək üçün əsas vardır. İkinci təsnifat mərhələsinin ilk görüşündə səfərdə qazanılmış qələbə Azərbaycan paytaxtı futbolçularını üçüncü raunda çox yaxınlaşdırmışdır.

Birinci mərhələdə Moldovanın Tiraspol şəhərinin eyniadlı komandasını hər iki oyunda üç qolla məğlubiyyətə uğradan “İnter” (səfərdə 3:2, evdə 3:1) bu dəfə ikinci mərhələnin start görüşündə İsveçdə “Elfsborq” klubunun qonağı olmuş və yenə meydanı qələbə ilə tərk etmişdir-1:0. Bakılılar hələ fasiləyədək Slavço Georgiyevskinin vurduğu qolla hesabda irəli çıxaraq bu üstünlüyü italiyalı hakimin final işarəsinədək qoruyub saxlamağı bacarmışlar.

Xüsusilə fərəhlidir ki, Kaxaber Sxadadzenin komandası Moldovadakı kimi, İsveçdə də rəqib meydanı amilindən çəkinməyərək səfərdə böyük əzmkarlıq göstərmiş, hücum futboluna üstünlük vermişdir. Bu isə kollektivə iki görüşün nəticələrinə görə ümumi yekunda “Elfsborq”dan üstün olub üçüncü mərhələyə vəsiqə qazanmaq üçün  yaxşı imkan yaratmışdır. İyulun 24-də Bakıda keçiriləcək cavab matçında “İnter”i heç-heçə də qane edəcək. Çox yaxşı başlanğıcdır və güman etmək olar ki, komandamızı üçüncü  mərhələdə də görə biləcəyik. Bu ümid bir də ona əsaslanır ki, futbolçularımız ilk oyunda  təcrübəli rəqib üzərində daha böyük hesabla qələbə qazanmaq üçün bir neçə dəfə yaxşı imkana malik olmuşlar.

    Təəssüf ki, Avroliqa turnirinə Azərbaycan kubokunun sahibi kimi ikinci təsnifat mərhələsindən başlayan “Neftçi” pərəstişkarlarının ümidini doğrultmadı. Sloveniyanın “Koper” komandasını Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edən bakılılar qonaqların vurduqları iki topa yalnız Araz Abdullayevin bir qolu ilə cavab verə bildilər.

Nəticədə “doğma divarlar” arasında 1:2 hesabı ilə məğlubiyyətə uğrayan “Neftçi” beş gündən sonra Sloveniyada keçirəcəyi cavab görüşü ərəfəsində çətin vəziyyətə düşmüşdür. Lakin hələ hər şey itirilməyib və səfər matçında hadisələrin necə cərəyan edəcəyini demək çətindir. Vəziyyəti düzəltmək, “Koper” səddini dəf etmək imkanları  tükənməyib.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında