“Qarabağ” Azərbaycan: Çempionlar Liqasında ilk oyun, ilk qələbə

Azərbaycan çempionu Ağdamın “Qarabağ” komandası Avropanın ən böyük klub turniri UEFA Çempionlar Liqasında qələbələrinin hesabını elə ilk oyunda açmışdır. Üstəlik də, səfər görüşündə. Qurban Qurbanovun yetirmələri ikinci təsnifat mərhələsinin startında Maltanın Ta Kali şəhərinin Milli stadionunda “Valletta” klubunu 1:0 hesabı ilə məğlubiyyətə uğratmış və evə yaxşı əhval-ruhiyyə ilə qayıtmışlar.

“Qarabağ”ın pərəstişkarları, ölkəmizin bütün futbol ictimaiyyəti bu oyunda qolu çox gözləməli olmadılar. Artıq 18-ci dəqiqədə Azərbaycan futbolçuları cərimə zərbəsi vurmaq hüququ qazandılar və Çumbinyo yaranmış imkandan ustalıqla istifadə edərək qarşısıalınmaz zərbə ilə komandasını hesabda irəli çıxardı.

Hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, bu erkən müvəffəqiyyət matçda yeganə qol olub, mübarizənin taleyini Ağdam klubunun xeyrinə həll etdi. Hərçənd qonaqlar meydan sahiblərini və onların azarkeşlərini daha bir neçə dəfə əməlli-başlı gərgin vəziyyətdə saxladılar. Lakin “Valletta”nın qapıçısı Niki Vella çətin anlarda soyuqqanlılığını itirməyib, hücumçularımızın onun qapısı ağzında yaratdıqları təhlükəli vəziyyətlərdə komandasını növbəti qollardan bacarıqla xilas etdi. Qapıçı hətta görüşün başa çatmasına 15 dəqiqə qalmış isveçrəli hakim Adrien Jakkettenin maltalı müdafiəçinin cərimə meydançasında kobud oyununa görə təyin etdiyi penalti epizodunda da özünü itirməyib, Riçard Almeydanın 11 metrlik zərbə nöqtəsindən vurduğu topu qapının aşağı küncündə tuta bildi.

Bununla belə, “Qarabağ”ın rəqib meydanında qazandığı qələbə Ağdam klubunun ikinci təsnifat mərhələsi səddini uğurla dəf etmək əzmini və imkanlarını daha da artırmışdır. İndi başlıcası budur ki, komanda səfərdə qazanılmış qələbədən arxayınlaşmayıb, iyulun 22-də Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcəyi cavab görüşündə ilk müvəffəqiyyəti qoruyub-saxlasın və iki oyunun ümumi yekununda üçüncü təsnifat mərhələsinə “bileti” özünə təmin etsin. Çox inanmaq istərdik ki, çempionumuzun buna gücü və ustalığı çatacaq. Üçüncü təsnifat mərhələsində “Qarabağ” - “Valletta” cütlüyü qalibinin rəqibinin kim olacağını isə sabah püşk müəyyənləşdirəcək.

 

 Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında