Dünya kuboku Almaniyanın üzünə güldü

Bu ölkənin komandası artıq dördqat çempiondur

İdman aləminin  bir ay ərzində böyük maraq və xoş həyəcanla izlədiyi iyirminci dünya çempionatı və ya planetin ən böyük futbol bayramı Almaniya komandasının zəfəri ilə yadda qalacaq. Braziliya stadionlarında artıq tarixə çevrilən “Mundial - 2014”-də Dünya kubokunu məhz bu ölkənin əzmkar futbolçuları öpüb başları üzərinə qaldırdılar.

Rio-de-Janeyronun “Marakana” stadionunda FİFA-nın italiyalı hakimi Nikola Ritsolinin idarə etdiyi gərgin final görüşündə Joahim Lövün komandası Argentina yığması üzərində çətin qələbə qazandı-1:0. Oyunun taleyini isə əlavə vaxtda, 113-cü dəqiqədə Mario Getsenin vurduğu yeganə top həll etdi.

Qızıl medalların sahibləri çempionatda keçirdikləri yeddi görüşdə bir dəfə də məğlubiyyət acısı dadmadılar. Qrup turnirində üç oyunda 7 xal toplayan almanlar (Portuqaliya və ABŞ komandaları üzərində qələbə, Qana ilə heç-heçə ) sonrakı mərhələlərdə Əlcəzair millisinə, fransızlara qalib gəldilər, yarımfinalda dünyada heç kimin ağlına belə gətirə bilməyəcəyi hesabla (7:1) çempionat sahibləri braziliyalıları  məğlubiyyətə uğratdılar, finalda isə Argentina komandasından üstün oldular.

Bununla da 1954, 1974 və 1990-cı illərin dünya çempionu Almaniya növbəti dəfə ən yüksək zirvəni fəth etdi və artıq iki gündür ki, dördqat dünya çempionu adını daşıyır. Bundan əlavə, statistiklər xatırladırlar ki, bu ölkənin futbolçuları dünya çempionatlarında dörd dəfə gümüş mükafatçı olmuş, dörd dəfə isə bürünc medallara sevinmişlər. Almaniyanın Amerika ərazisində keçirilən dünya çempionatlarında qalib gələn ilk Avropa komandası olduğunu da qeyd edək.

İndi Almaniya komandası daha çox dünya çempionu olmuş ölkələrin siyahısında yalnız beşqat çempion Braziliyadan geri qalır. İndiki qələbə ona hesabında dörd çempionluq olan İtaliya ilə bərabərləşmək imkanı vermişdir.

İki dəfə dünya çempionu Argentina da üçüncü çempionluğunu bayram etməyə çox yaxın idi. Messinin komandası həlledici görüşdən məğlub ayrılsa da, Braziliyada öz oyunu ilə xoş təsir bağışladı və Vətənə qürur hissi ilə qayıtdı.

Lionel Messi özü isə dünya çempionatının ən yaxşı oyunçusu hesab edilmiş və ona “Qızıl top” təqdim olunmuşdur.  Argentina komandasının lideri, 27 yaşlı hücumçu mundialda 4 top vurmuş, üstəlik də, dörd görüşdə ən yaxşı  oyunçu hesab edilmişdir.

Çempionatın ən sərrast futbolçusu Kolumbiya yığmasının hücumçusu Xames Rodriges olmuşdur. O, rəqib qapılarından 6 top keçirmişdir.

Hollandiya komandası da xoş sözlərə layiqdir. Dünya çempionatında ən yaxşı məşqçilərdən biri kimi yüksək nüfuz qazanan Lui van Qalın yetirmələri üçüncü yer uğrunda  görüşdə Braziliya komandasına üç cavabsız qolla qalib gəlib vətənlərinə bürünc medallarla qayıtdılar, hərçənd hollandların nümayiş etdirdikləri oyun onların çempionata daha yüksək məqsədlər uğrunda  mübarizə aparmaq əzmi ilə gəlmələrindən xəbər verirdi.

İyirminci  çempionatda baş rollar oynamaq, medal qazanmaq arzusuna çata bilməyən komandalar isə bu məqsədlərinə nail olmaq üçün ən azı 2018-ci ildə Rusiyada keçiriləcək mundialı gözləməli olacaqlar.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında