“Mundial 2014”. Baş rollarda: Braziliya, Almaniya, Argentina və Hollandiya

Həyəcan dolu iyirminci dünya çempionatının ən gərgin, ən şirin oyunlarında meydanda bu dörd ölkənin komandalarını görəcəyik. Onlardan üçü braziliyalı pentakampeonlar, üç dəfə çempionluq zirvəsinə yüksəlmiş almanlar və qızıl medalları iki dəfə bayram etmiş Argentina dünya çempionatlarının bütün 84 illik tarixi ərzində üst-üstə on dəfə Dünya kubokunun heç nə ilə müqayisəolunmaz sevincini yaşamışlar, Hollandiya isə öz adının çempionların siyahısına daxil edilməsi üçün ağır sınaqlarda daha iki zəfər addımı atmalıdır.

Lakin artıq finalın astanasında olan “Zanbaqlar ölkəsi” komandasının çempionluq iddiasını davam etdirən rəqiblərlə yanaşı addımlamasına zərrə qədər də kölgə salmadan deyə bilərik ki, bu gün onun yerində Kosta-Rikanı da görə bilərdik. Bu ölkənin əzmkar və möhkəm iradəli futbolçuları son bir ayda bir-birindən çətin oyunlardan böyük şöhrətə aparan yolda göstərdikləri  nəticə ilə haqlı olaraq qürur duya bilərlər. Onlar dörddəbir finalda Lui van Qalın yetirmələri ilə nəinki əsas vaxtda, həm də əlavə otuz dəqiqədə kəskin rəqabət apardılar (0:0) və yalnız penaltilər seriyasında uduzdular. Ancaq Kosta-Rika hələ bu oyunadək böyük qəhrəmanlıq göstərib hətta bitərəf azarkeşlərin də rəğbətini qazana bilmişdi. Ötən illərin dünya  çempionları İtaliya və Uruqvay üzərində qələbələr, 1966-cı il dünya birinciliyinin qızıl mükafatçısı İngiltərə ilə heç-heçə, keçmiş Avropa çempionu Yunanıstanla görüşdə qazanılan üç xal. 

Görəsən, nə vaxtsa hansısa bir çempionatda bu qədər çempionun kürəyini yerə vuran ikinci bir komanda olubmu?  Məncə, yox! Braziliyanı tarixində ən böyük müvəffəqiyyətlə, planetin ən güclü səkkiz komandasından biri kimi tərk edən Mərkəzi Amerikanın bu kiçik ölkəsi təkcə özünə yox, hamıya sübut etdi ki, meydanda fədakarlıq nümunəsi göstərəndə, bu zaman, əlbəttə ki, həm də başlıca şərt olan düşünülmüş, ağıllı oyun nümayiş etdirəndə hətta nəhəngləri də diz çökdürmək olar.

Dörddəbir finalın digər üç görüşü də bu mərhələyə gəlib çatan rəqiblərin hamısının bir-birinə layiq olduğunu təsdiq etdi. Almaniya Fransaya yeganə qolla qalib gəldi (1:0), Pele başda olmaqla bütün dövrlərdə Qarrinça, Ziko, Didi, Ademir, Jairzinyo, Sokrates, Tostao,Rivelino, Ronaldo, Rivaldo kimi məşhur hücumçuları ilə ad çıxarmış Braziliya indiki mundialın ən parlaq komandalarından biri Kolumbiyanın öhdəsindən ön xətt oyunçularının yox, mərkəz müdafiəçiləri Tiaqa Silva və David Luisin vurduqları qollar sayəsində gəldi (2:1), Argentinanın da Belçika üzərində üstünlüyü bir top fərqlə ifadə olundu (1:0). Qolla nəticələnən epizodda Messinin əla ötürməsinə və İquaynin gözlənilməz zərbəsinə söz ola bilməzdi.

Təəssüf ki, dörddəbir final görüşlərində Braziliya millisinin lideri Neymarın və argentinalı hücumçu Di Napolinin zədə səbəbindən meydanı vaxtından əvvəl tərk etmələrinin də şahidi olduq. Üstəlik də mundialdan alınan xəbərlərdə Neymarın daha oyuna çıxa bilməyəcəyi bildirilir. Luis Felipe Skolarinin komandası üçün çox böyük itkidir.

Bütün yarımfinalçılar müəyyənləşdikdən sonra aydın oldu ki, 2014-cü il dünya çempionatının ən sərrast oyunçularının siyahısında kolumbiyalı ulduz Xames Rodrigesin lider mövqeyi bir qədər də möhkəmlənmişdir. Gənc yarımmüdafiəçi komanda yoldaşları ilə birlikdə Braziliya ilə görüşdən sonra meydanı göz yaşları içində tərk etsə də (çempionat sahibləri ilə dörddəbir final görüşündən sonra David Luisin ona necə təsəlli verdiyini xatırlayın), o, dünya çempionatı-2014-ün 1 nömrəli qoleadoru ola bilər. Xames Braziliya ilə görüşdə qollarının sayını 6-ya çatdırdı, “bombardirlik” mübarizəsində əsas rəqibləri Neymar, argentinalı Messi və almaniyalı hücumçu Tomas Müller isə həmin gün fərqlənə bilmədilər. İndi Rodrigesi hərəsinin hesabında 4 qol olan bu futbolçulardan iki top ayırır. Bu isə finişin iki addımlığında kiçik fərq deyil.

Beləliklə, mundial meydanında cəmi dörd komanda  qalmışdır, onlardan ikisi Cənubi Amerika futbolunun liderləri Braziliya və Argentina, daha ikisi isə avropalı nəhənglər Almaniya və Hollandiyadır. Bu dəqiqələrdə həmin komandaların baş məşqçilərinin  nə düşündüklərini, yarımfinal üçün nə kimi planlar qurduqlarını, bu zaman təbii ki, necə böyük həyəcan keçirdiklərini təsəvvür etmək çətin deyil. Axı, Dünya  kubokunun sevincini yaşamağa,  cəmi iki qələbə qalır. Bəs bu qələbələrə böyük dördlükdən məhz kim nail olacaq? Bax, bunu demək çətindir, çox çətin.

Cənubi Amerika-Avropa  duelləri artıq start ərəfəsindədir. İlk yarımfinal görüşü bu gecə, Bakı vaxtı ilə 01:00-da Belu Orizonti şəhərində Braziliya və Almaniya komandaları arasında keçiriləcəkdir. Oyunu 40 yaşlı meksikalı hakim Marko Rodriges idarə edəcəkdir. Finalda bu görüşün  qalibinin rəqibi isə ertəsi gün Hollandiya-Argentina matçından sonra məlum olacaq.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında