“İnter” Avroliqa turnirinə Tiraspolda qələbə ilə başladı

Sonuncu Azərbaycan çempionatının gümüş mükafatçısı Bakının “İnter” klubu 2014-2015-ci illər mövsümündə Avropa Liqası turnirinə qələbə ilə başlamışdır. Paytaxt futbolçuları birinci təsnifat mərhələsinin ilk oyununda Moldovanın Tiraspol şəhərinin “Şerif” stadionunda “Tiraspol” klubunun qonağı olmuş və meydanı qələbə ilə tərk etmişlər-3:2.

Görüşə fəal başlayan “İnter” artıq 10-cu dəqiqədə hesabda iki top fərqlə irəli çıxmışdır. Baçana Sxadadze 11 metrlik zərbəni dəqiq yerinə yetirdikdən sonra Elvin Məmmədov komandasının müvəffəqiyyətini bir qədər də möhkəmləndirmişdir. Bakılılar bununla da kifayətlənməyərək hücumları davam etdirib hesabı 3:0-a çatdırmışlar.

Düzdür, oyunun axırına yaxın “Tiraspol” da hücumda iki dəfə fərqlənərək hesabda kiçik fərqlə uduzmuşdur.

Buna baxmayaraq, xorvatiyalı hakim Ante Vuçemtiloviçin Tiraspolda Azərbaycan klubunun xeyrinə qeydə aldığı qələbə bizim üçün ikiqat fərəhlidir. Səfərdə qazanılmış bu müvəffəqiyyət iki oyunun ümumi yekununda birinci təsnifat mərhələsi sınaqlarından şərəflə çıxıb Avroliqada yoluna davam etmək üçün “İnter”ə yaxşı zəmin yaratmışdır. İndi başlıcası budur ki, komandamız iyulun 10-da Bakıda keçirəcəyi cavab görüşündə də inamlı oyun nümayiş etdirib, rəqib meydanında qazanılmış üstünlüyü evdə qoruyub saxlasın.

Həmin axşam daha bir klubumuz  “Qəbələ” də Avroliqa turnirində mübarizəyə başladı. “İnter”dən fərqli olaraq, Qəbələ futbolçuları qitə miqyaslı yarışlarda ilk dəfə oynayırlar. Təəssüf ki, debüt bizə sevinc gətirmədi. “Qəbələ” öz stadionunda Bosniya və Herseqovinanın “Şiroki Briyeq” komandasının qapısına bütün 90 dəqiqə ərzində hec cür yol tapa bilmədi, son 15 dəqiqə ərzində isə iki top buraxdı. Nəticədə 2:0 hesabı ilə qələbə qazanan bosniyalılar doğma sahillərə böyük sevinc içində qayıtdılar.

Bu rəqiblərin də cavab görüşü iyulun 10-da oynanılacaq. Şübhəsiz, səfər matçı “Qəbələ” üçün daha çətin olacaq. Ancaq ilk uğursuzluqla barışmayıb, onun əvəzini çıxmaq imkanları hələ tam tükənməyib. Sadəcə, qarşıdakı görüşə daha yaxşı hazırlaşmaq və vəziyyəti düzəltmək  üçün bütün imkanlardan mümkün qədər səmərəli istifadə etmək lazımdır. Əbəs yerə demirlər ki, futbolda hər şey olur.

Avropa Liqasında Azərbaycanın üçüncü təmsilçisi “Neftçi”nin ilk oyununu isə hələ bir qədər də gözləyəcəyik. Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayacaq bakılıların rəqibi birinci raundda Sloveniyanın “Koper” və Çernoqoriyanın “Çelak Nikşiç” komandaları arasında keçirilən görüşlərin  qalibi olacaq. Bu klubların ilk oyununda “Koper” səfərdə böyük hesabla qələbə qazanmışdır-5:0. Çox güman ki, “Neftçi” məhz Sloveniya təmsilçisi ilə qarşılaşacaq. Komandamız əvvəlcə iyulun 17-də “doğma divarlar” arasında oynayacaq, bundan bir həftə sonra isə səfərə çıxacaq. Çox istərdik ki, “İnter” kimi, “Neftçi” də Avroliqada çıxışlarına qələbə ilə başlasın.

Bir neçə kəlmə də daha nüfuzlu yarış , Avropa klub futbolunun ən mötəbər turniri Çempionlar Liqasında Azərbaycanın şərəfini qoruyacaq “Qarabağ” haqqında. Öz inamlı oyunu ilə ölkəmizdə ümumxalq məhəbbəti qazanmış Ağdam klubu da “Neftçi” kimi ikinci təsnifat mərhələsini gözləyir. Püşk Azərbaycan çempionuna Maltanın “Valletta” komandasını rəqib seçmişdir. İlk görüş səfərdə oynanılacaq. İyulun 15-də Bakı vaxtı ilə saat 21:30-da Maltada başlanacaq oyunda qeydə alına biləcək sərfəli nəticə bundan bir həftə sonra Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək cavab matçında “Qarabağ”ın əzmkarlığını və iki oyunun ümumi yekununda “Valletta”nı Liqadan kənarlaşdırmaq imkanlarını daha da artıra bilər.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında