Dünya çempionatı həlledici mərhələdə

Braziliya stadionlarında davam edən futbol üzrə iyirminci dünya çempionatı oyunlarını iştirakçı ölkələrin insanlarına bir qədər həsəd hissi ilə izləsək də (axı, biz niyə orada olmayaq) hər halda, bu günlər planetin ən böyük futbol bayramından əsl zövq alırıq.

Bütün futbol aləminin ən yaxşı dünya çempionatlarından biri hesab etdiyi indiki mundial artıq həlledici mərhələyə qədəm qoymuşdur və ən güclü səkkiz komanda yarımfinalın astanasındadır. Onların yarısı dörddəbir finalda qələbə təqdirində çempionluğa doğru növbəti addım atacaq.

Dörddəbir final oyunlarına bu gün Bakı vaxtı ilə saat 21-də Rio-de-Janeyronun “Marakana” stadionunda Fransa-Almaniya görüşü ilə start veriləcəkdir. Gecəyarısı isə Braziliya-Kolumbiya matçını izləyəcəyik. Daha iki yarımfinalçı sabah Argentina-Belçika və Hollandiya-Kosta-Rika görüşlərində müəyyənləşəcək.

Çempionatın ən sərrast oyunçularının siyahısına Kolumbiya komandasının yarımmüdafiəçisi, 5 qolun müəllifi Xames Rodriges başçılıq edir. Lionel Messi (Argentina), Neymar (Braziliya) və Tomas Müller (Almaniya) hərəyə 4 top vurmuşlar. Bu futbolçuların hamısı mundial meydanında çıxışlarını davam etdirir. Deməli, onlar öz şəxsi hesablarını hələ bir qədər də artıra bilərlər.

Bu arada Beynəlxalq Futbol Federasiyasının (FİFA) saytında yayılmış xəbərə görə, Braziliya komandasının müdafiəçisi David Luis səkkizdəbir final görüşlərinin yekunlarına görə dünya çempionatının ən faydalı oyunçusu hesab edilmişdir. Bu mərhələdə Luis Çili yığması ilə matçda ( pentakampeonlar penaltilər seriyasında qələbə qazanmışlar) həm 18-ci dəqiqədə qol vurmuş, həm də penaltilər seriyasında zərbəni dəqiq yerinə yetirmiş, habelə   bir neçə dəfə arxa xətdə çox etibarlı oynayaraq öz qapılarına zərbə endirilməsinə imkan verməmişdir. Nəticədə Luisin faydalı oyun əmsalı 9,79 faiz olmuşdur.

Faydalı oyun əmsalına görə siyahıda adları ikinci-üçüncü  yerlərdə qeyd olunan futbolçular isə yuxarıda xatırlatdığımız Rodriges və Fransa komandasının hücumçusu Kərim Benzemadır.

Ötən illərin dünya çempionlarından dördünün İspaniya, İngiltərə, İtaliya və Uruqvayın Braziliya ilə vidalaşdığını siz artıq bilirsiniz. Dörddəbir finalın Fransa-Almaniya matçından sonra daha bir keçmiş dünya çempionu oyundan çıxacaq. Digər üç çempionun isə  yarımfinalda yoluna davam edib-etməyəcəyi bu gün və sabah məlum olacaq.

Dörddəbir final görüşlərini gözləyərkən onu da xatırladaq ki, mundialın çempionu 35 milyon dollar məbləğində mükafat alacaq. Gümüş və bürünc medalların sahiblərini müvafiq surətdə 25 və 22 milyon dollar mükafat gözləyir.

Dünya çempionatının yarımfinal oyunları iyulun 9-10-da, üçüncü yer uğrunda görüş və final matçı isə iyulun 13-də keçiriləcəkdir. Tezliklə, cəmi doqquz gündən sonra bütün dünya çempionu alqışlayacaq. Görək bu xoşbəxt komanda hansı ölkə  olacaq...

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında