Kosta-Rika tarixi nailiyyətini bayram edir

 İyirminci mundialda üç keçmiş dünya çempionu ilə mübarizədə böyük hünər göstərərək Uruqvayla İtaliyanı məğlubiyyətə uğradıb, İngiltərə ilə heç-heçə oynayan Kosta-Rika komandası səkkizdəbir finalda futbol aləmini bir daha təəccübləndirdi.

Mərkəzi Amerikanın bu kiçik ölkəsi bu dəfə keçmiş Avropa çempionu Yunanıstan yığmasını çempionatdan kənarlaşdırdı. Əsas və əlavə vaxtlarda 1:1 hesabı qeydə alınan oyunun taleyini penaltilər seriyası həll etdi. Kosta-Rika futbolçuları 11 metrlik zərbələri daha dəqiq yerinə yetirərək (5:3) dörddəbir finalın qapılarını öz üzlərinə taybatay açdılar.

Bununla da Kosta-Rika yığması öz tarixində dünya çempionatlarında ən böyük müvəffəqiyyətini qazanmışdır. Xarici informasiya agentliklərinin yaydıqları xəbərlərə görə Yunanıstan komandası üzərində qələbədən sonra ölkənin paytaxtı San-Xosedə on minlərlə adam tarixi nailiyyəti bayram etmək üçün böyük sevinclə küçələrə çıxmışdır.

Həmin axşam Hollandiya futbolçuları da həmvətənlərini bir daha sevindirdilər. Lui van Qalın yetirmələri gərgin oyunda Meksika komandasına qalib gəldilər-2:1. Dörddəbir finalda hollandlarla Kosta-Rika üz-üzə gələcəklər.

 Bu mərhələdə daha bir görüş Braziliya və Kolumbiya komandaları arasında keçiriləcəkdir. Beşqat dünya çempionları dörddəbir final mərhələsinə penaltilər seriyasını dəqiq yerinə yetirmələri sayəsində vəsiqə qazanmışlar (Çili komandası ilə oyunda), Kolumbiya isə Uruqvayı iki cavabsız topla məğlubiyyətə uğratmışdı.

Səkkizdəbir finalın daha iki görüşü dünən oynanılmışdır. Bu dəfə Avropa və Afrika təmsilçiləri qarşılamışlar: Fransa-Nigeriya, Almaniya-Əlcəzair.

Dörddəbir final mərhələsinin son iki iştirakçısı isə bu günə təyin edilmiş Argentina-İsveçrə və Belçika-ABŞ görüşlərində müəyyənləşəcəkdir.

Mundialın ən sərrast oyunçularının siyahısına kolumbiyalı Xames Rodriges başçılıq edir. Onun hesabında 5 qol vardır. Braziliyalı Neymar, argentinalı Lionel Messi və Almaniya komandasının hücumçusu Tomas Müller hərəyə 4 top vurmuşlar.

 

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında