Şriftin ölçüsü:
29.08.2010 02:11 | Oxunma sayı: 781
Bu il avqustun 12-də keçirilən Beynəlxalq Gənclər Günündə BMT tərəfindən gələn il avqustun 12-ə kimi dünyada "Beynəlxalq Gənclər ili" elan olunub. Xəbər verildiyi kimi, bununla əlaqədar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə "Nəsillərarası dialoq və qarşılıqlı anlaşma" şüarı altında tədbir keçirilib. Qeyd edilib ki, Beynəlxalq Gənclər Gününün və ilinin əsas qayəsi gənclərin cəmiyyətdə xüsusi rolunu artırmaq və minilliyin inkişaf məqsədlərində onlara daha çox yer verməkdir. Nazirlik qarşıdakı il üçün xüsusi tədbirlər planı hazırlayıb.
Masallı rayonunun gəncləri də ictimai-siyasi həyatda fəallıqları ilə seçilirlər. Hərbi-vətənpərvərlik tərbiyəsi, hərbi xidmətə hazırlıq, gənclər arasında hüquq pozuntuları, narkomaniyanın və digər zərərli vərdişlərin qarşısının alınması, istedad və qabiliyyətin üzə çıxarılması sahəsində uğurlar qazanılıb.
Rayonda dörd mindən artıq gənc müntəzəm olaraq idmanla məşğul olur. Yüzlərlə oğlan və qız dərəcəli idmançıdır. Onlar zona, respublika və beynəlxalq miqyaslı yarışlarda uğurla təmsil olunurlar. Masallının yaşlı nəslinin idman ənənələrini davam və inkişaf etdirən gənc idmançılar şahmat, sambo, cüdo, güləş, boks, taekvondo kimi növlərdə yüksək nəticələr qazanırlar.
Yanvar ayında yeniyetmələr və gənclər arasında sambo üzrə Azərbaycan birinciliyində Hikmət Alışov (81 kiloqram) ən yüksək pilləyə qalxıb, Bəhruz Mehdiyev (100 kiloqram) 2-ci yeri, ölkə kuboku yarışlarında isə 3-cü yeri tutub. Ruslan Abbasov yeniyetmələr arasında 2-ci olub. Həmin ay boksçu İsmayıl Ağayev (48 kiloqram) ölkə birinciliyində 3-cü yerə, iki ay sonra isə Qoşqar Səfərli (41 kiloqram) 1-ci yerə layiq görülüblər. Güləşçi Məlikağa Məlikli zona turnirində qalib gəlib, Azərbaycan birinciliyində isə üçüncü olub. Cüdoçular Hikmət Alışov və Kamal Qafarlı da ölkə miqyaslı yarışda "bürünc" mükafatlara sahib çıxıblar.
Rayonun şahmatçıları bir çox turnir və çempionatlarda qüvvələrini sınayıblar. "Xocalı şəhidlərinin xatirə turniri"ndə Masallıdan beş idmançı mükafata layiq yerləri tutub. Ölkə birinciliyinin seçmə oyunlarında üç şahmatçı finala vəsiqə qazanıb. Onlardan biri - Sücaət Orucov Azərbaycan çempionatında 16 yaşlılar arasında 1-ci yeri tutub və noyabr ayında Yunanıstanda keçiriləcək Dünya birinciliyinə vəsiqə qazanıb.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 87-ci ildönümünə həsr olunmuş mini-futbol turnirində rayonun 30 komandası iştirak edib. "Energetik" komandası 1-ci, Kolatan və Ərkivan futbolçuları isə müvafiq olaraq 2-ci və 3-cü yerləri tutublar.
Ulu öndərin xatirəsinə həsr olunmuş taekvondo turnirində Masallını təmsil edən on üç idmançı mükafatçılar sırasına çıxıb. Bu növ üzrə respublika çempionatında isə Türkanə Tahirli (52 kiloqram) 1-ci yerə, Rahid İbadov (51 kiloqram), İmran Alışov (68 kiloqram) və Gülgün Niftullayeva (44 kiloqram) 3-cü yerə layiq görülüblər.
Masallıda hər zaman güclü pəhləvanlar yetişib. Hazırda yunan-Roma və sərbəst güləş növləri lazımınca inkişaf etdirilir. Fevral ayında Salyan Olimpiya İdman Kompleksində keçirilən zona yarışlarında hər iki növdə Masallıdan on gənc pəhləvan fəxri kürsüyə yüksəlib.
Güləşin "Sindo-Ryu Pençaq Silat" növü üzrə 11 rayon arasında Azərbaycan birinciliyində Masallı komandası 1-ci yeri tutub. Yeddi nəfər 1-ci, 11 nəfər 2-ci, 5 nəfərsə 3-cü olub.
Masallı rayonunun rəhbərliyi idmanın inkişafını daim diqqətdə saxlayır. İcra hakimiyyətinin başçısı Qəzənfər Ağayev idmançılara qayğı ilə yanaşır, onların yarışlara yola salınmasında, qələbə ilə qayıtdıqdan sonra isə qəbul edilib mükafatlandırılmasında maddi və mənəvi dəstəyini əsirgəmir.
Masallı Rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov bizimlə görüşündə bütün bunlar barəsində ətraflı məlumat verərək bildirdi ki, Beynəlxalq Gənclər ili çərçivəsində rayonda geniş tədbirlər keçiriləcək və rayonun ictimai-siyasi həyatında gənclərin rolu daha da gücləndiriləcək. Hərtərəfli dövlət qayğısı ilə əhatə olunmuş Azərbaycan gəncliyi cəmiyyətin aparıcı qüvvəsidir. Masallıda da gənclərin fəallığı daim hiss olunur.
{nl}
Əli NƏCƏFXANLI, "Xalq qəzeti"
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.