Dünya çempionatında ən maraqlı hadisələr hələ irəlidədir

Ötən cümə axşamından cümə gününə keçən gecə beş dəfə dünya çempionu adını qazanmış yeganə ölkə olması ilə haqlı olaraq böyük qürur duyan, indi isə altıncı dəfə ən böyük futbol bayramından qalib ayrılmaq arzusu ilə yaşayan Braziliyada “Mundial - 2014"-ün birinci yarısına yekun vurulmuş və 32 komandadan yarısı yenidən dünya çempionatının medalları uğrunda mübarizə aparmaq istəyini ən azı 2018-ci ildə Rusiyada keçiriləcək iyirmi birinci çempionatadək təxirə salmalı olmuşdur.

“Artıq” komandalar kimi oyundan çıxanların məyusluğunu başa düşək, yoluna davam edənlərdən isə futbolun bəzəyi olan qollarla onsuz da zəngin çempionatda pley-off mərhələsində də heç kimi biganə qoymayan parlaq tamaşa gözləyək. Məhz belə olacağına əminliyimizi də gizlətməyək. Çünki artıq bir dəfə məğlub olan komandanın vəziyyəti düzəltmək üçün imkanı qalmayacaq, uduzan çempionatdan çıxacaq, deməli, ölüm-dirim mübarizəsi gedəcək.

Çətin turnir məsafəsinin artıq arxada qalan hissəsində bir çox maraqlı məqamlar yaşanıb. Heç-heçələrin azlığı, qolların və qələbələrin çoxluğu, böyük hesablar, almaniyalı Tomas Müller və isveçrəli hücumçu Şakirinin “het-trik”ləri, hakim səhvləri, rəngarəng tribunalar (azarkeşləri öz sevimli komandalarının forması rəngində olan geyimlərdə görmək olduqca xoşdur, elə təsəvvür yaranır ki, əsl festival mühitindəsən) diqqəti cəlb etməyə bilməz. Qrup mərhələsindən sonra hərəyə 4 qolla ən sərrast hücumçuların siyahısına başçılıq edən braziliyalı ulduz Neymar, Argentinanın əsas ümidi Lionel Messi və Almaniya komandasının hücumçusu Tomas Müllerin bundan sonrakı rəqabəti də maraqla gözlənilir.

Neymar, Messi və Müllerdən fərqli olaraq, daha bir ulduz futbolçu Kriştianu Ronaldunun Braziliyanı tez tərk etməsi isə məyusedici haldır. Doğrudur, Portuqaliya yığmasının lideri son oyunda Qana komandasının qapısına vurduğu topla həm milli komandada qollarının sayını 50-yə çatdırdı, həm də bu çempionatda ölkəsinə ilk qələbə qazandırdı. Lakin gecikmiş qələbənin elə bir faydası olmadı. Portuqaliya futbolçularının hələ startda Almaniyadan aldıqları sarsıdıcı zərbə (0:4) öz ağır təsirini göstərdi. Kriştianunun komandası ABŞ yığması ilə eyni miqdarda xal toplasa da, səkkizdəbir finala amerikalıları buraxdı, özü isə vaxtından əvvəl evə qayıtmağa məcbur oldu.

ABŞ-ın ən güclü 16 komanda sırasında mübarizəni davam etdirmək hüququ qazanmasına ən çox sevinənlərdən biri isə bu ölkə komandasının “sükançısı” Yurgen Klinsmanın məsləhətçisi, Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsdur. Güman etmək olar ki, bu müvəffəqiyyət yığmamızı qarşıdakı Avropa çempionatının seçmə yarışlarına hazırlaşdırmaqda Foqtsa əlavə qüvvə verəcək.

Dörd komandanın səkkizdəbir finala maksimum nəticə ilə (9 xal) çıxdığını da qeyd edək. Qruplarda hər üç oyundan qələbə ilə ayrılan komandalardan ikisi Avropa futbolu təmsilçiləri Hollandiya və Belçika, daha ikisi isə Cənubi Amerikadan Kolumbiya və Argentina milliləridir.

Pley-off mərhələsinə bu gün Bakı vaxtı ilə saat 21-də Braziliya - Çili görüşü ilə start veriləcəkdir. Sonrakı günlərdə isə növbə Hollandiya - Meksika, Kolumbiya - Uruqvay, Kosta-Rika-Yunanıstan, Fransa-Nigeriya, Argentina-İsveçrə, Almaniya-Əlcəzair və Belçika-ABŞ matçlarına çatacaq.

Səkkizdəbir finalın son iki cütlüyü ABŞ - Almaniya (0:1), Portuqaliya – Qana (2:1), Cənubi Koreya – Belçika (0:1) və Əlcəzair – Rusiya (1:1; Türkiyəli hakim Cüneyt Çakırın idarə etdiyi bu oyunun gedişində Rusiya futbolçuları 1:0 hesabı ilə irəlidə olsalar da, üstünlüyü axıradək qoruya bilməyib dünya çempionatı ilə vidalaşdılar) görüşlərindən sonra müəyyənləşdi.

Çoxseriyalı “Mundial - 2014”-ün ikinci bölümü başlanır. Dünya çempionatında ən maraqlı hadisələrə hələ bundan sonra şahidlik edəcəyik.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında