Sinqapur olimpiadasında iştirak edən Azərbaycan idmançıları Bakıya qayıtmışlar

Sinqapurda keçirilən yeniyetmələrin birinci yay Olimpiya Oyunlarında iştirak edən Azərbaycanın yığma komandası avqustun 28-də Vətənə dönmüşdür.
Heydər Əliyev Beynəlxalq Hava Limanında idmançıların təntənəli qarşılanması mərasimi olmuşdur.
Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin nümayəndələri, jurnalistlər, çoxsaylı azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri və musiqi ilə qarşılamışlar.
Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov demişdir ki, Olimpiya Oyunlarında qazanılan 8 medal böyük nailiyyətdir. Bu nailiyyət Azərbaycan Prezidenti İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğının nəticəsidir. Biz Sinqapurda mübarizə aparan Azərbaycan idmançılarının hamısından medal gözləyirdik və onların buna potensial imkanları da var idi. Amma bu idmandır, qalibiyyət olduğu kimi, məğlubiyyət də olmalıdır. Mötəbər yarışda qazanılan bu uğura görə Azərbaycan xalqını təbrik edirəm.
Ağırlıqqaldırma üzrə Olimpiya çempionu Nicat Rəhimov demişdir: "Mən fəxr edirəm ki, ilk dəfə keçirilən yeniyetmələrin yay Olimpiya Oyunlarında iştirak etdim və Azərbaycan bayrağını yüksəklərə qaldırdım. Axırıncı çəkini qaldırmaqda çətinlik çəksəm də, ümumi xal hesabında Olimpiya çempionu olduğumu bilirdim. Bu uğura görə, atama və məşqçimə borcluyam".
"Mən çox sevinirəm ki, Azərbaycanı yarışda layiqincə təmsil etdim. Bu yarışa ciddi hazırlaşmışdım və nəticədə qızıl medal qazandım. Final qarşılaşması çətin olsa da, bütün gücümü toplayıb rəqibi məğlub etdim və fəxri kürsünün ən yüksək pilləsinə qalxdım", - deyə yunan-Roma güləşi üzrə qızıl medalın sahibi Murad Bazarov vurğulamışdır.
Sərbəst güləş üzrə Olimpiya çempionu Ali Maqomeddabirov isə fikrini qısa şəkildə ifadə etmişdir: "Çalışacağam ki, bu uğurum davamlı olsun".
Ölkəmizi mötəbər yarışda 12 idmançı (11 oğlan, 1 qız) təmsil etmişdir. Azərbaycan təmsilçiləri 6 növ üzrə - güləş, boks, avarçəkmə, taekvondo, cüdo və ağır atletika yarışlarında qüvvələrini sınamışlar. 204 ölkənin iştirak etdiyi yarışda Azərbaycan yığması 8 medalla ümumi komanda hesabında 11-ci olmuşdur. Azərbaycan idmançılarından Murad Bazarov (42 kq, yunan-Roma güləşi), Elman Muxtarov (50 kq, yunan-Roma güləşi), Patimat Baqomedova (52 kq, qadın güləşi), Nicat Rəhimov (69 kq, ağırlıqqaldırma) və Ali Maqomeddabirov (100 kq, sərbəst güləş) fəxri kürsünün ən yüksək pilləsinə qalxmışlar. Kənan Quliyev (54 kq, sərbəst güləş), Salman Əlizadə (48 kq, boks) və Elvin İsayev (57 kq, boks) isə yarışın gümüş medalını qazanmışlar.
AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında