Pelenin vətənində dünya çempionatı həyəcanları davam edir. Kimi səkkizdəbir finala çıxması ilə qürur duyur, bu mərhələdə qarşılaşacağı rəqiblə oyunun planını qurur, kimi də sakitcə yır-yığış edib evə qayıtmağa hazırlaşır.
Qrup turnirinin artıq iki turundan sonra Hollandiya, Çili, Kolumbiya, Kosta-Rika, Argentina və Belçika ilkin vəzifələrinin öhdəsindən müvəffəqiyyətlə gəlmişlər, Kamerun, İspaniya, Avstraliya, İngiltərə, Bosniya və Herseqovina isə çox da uzağa gedə bilməmişlər. Pley-off mərhələsində yollarına davam edəcək bütün 16 komandanın tam siyahısı iyunun 27-də, ilkin yarışların finişində məlum olacaq. Braziliya ilə vidalaşan on altı kollektiv də elə həmin gün qəti surətdə müəyyənləşəcək.
Mundial tamaşasının artıq arxada qalmış hissəsində baş rolu Kosta-Rika oynamışdır. Bu kiçik ölkənin komandası nəhənglərin əhatəsindən (bəlkə də “caynağından” desək daha düzgün olar) böyük məharətlə çıxmışdır. İki dünya birinciliyinin qalibi Uruqvay komandası və dörd dəfə dünya çempionu İtaliya yığması üzərində hamını heyrətə gətirən ardıcıl qələbələr (müvafiq surətdə 3:1 və 1:0 hesabı ilə) “ölüm” qrupu adlandırılan “D” qrupundan birinci olaraq sağ çıxan Kosta-Rikanı bir andaca göylərə qaldırıb, ona ümumdünya şöhrəti qazandırdı. “Zəngin sahil” (Kosta-Rikanın ispancadan bizim dilimizə tərcüməsi belədir) futbolçularının bu gün qrupda İngiltərəyə qarşı keçirəcəkləri son görüşdən necə nəticə ilə ayrılacaqlarından asılı olmayaraq vətənlərində onların təmtəraqla , böyük sevgi ilə qarşılanacaqlarını təsəvvür etmək çətin deyil.
Kosta-Rika İtaliya yığmasına qalib gəlməyin yollarını Azərbaycan millisinə də göstərdi. Meksikalı qapıçı Antonio Karbaxal və almaniyalı yarımmüdafiəçi Lotar Matteusdan sonra beş dünya çempionatının iştirakçısı olan üçüncü futbolçu, Kosta-Rika ilə görüşdə qolunda kapitan sarğısı ilə meydanda gördüyümüz əfsanəvi qapıçı Canluici Buffonun komandası qarşıdakı payızda starta çıxacaq Avropa çempionatının seçmə yarışlarında Azərbaycan futbolçularının rəqibidir. Bu turnir çərçivəsində Palermo şəhərində italyanlarla oktyabrın 10-da Bakı vaxtı ilə saat 23:45-də başlanacaq ilk oyunumuza o qədər də çox vaxt qalmır. Futbolçularımız bu matçda Buffona və onun komandasına layiqli rəqib olmaq üçün Kosta-Rika kimi bütün 90 dəqiqə ərzində fəal, sürətli, əzmkar oyun və möhkəm iradə nümayiş etdirməyə çalışmalıdırlar.
Çempionatın ikinci turunda Fransanın İsveçrə üzərində böyük hesabla qələbəsini (5:2), İranın iki dəfə dünya çempionu Argentinaya son dərəcə ciddi müqavimət göstərib yalnız oyunun axırına yaxın Messinin dəqiq zərbəsindən sonra kiçik fərqlə uduzmasını (0:1), Nigeriya-Bosniya və Herseqovina matçında (1:0) hesab hələ 0:0 olarkən bosniyalıların vurduqları qolun hesaba alınmadığını, Almaniyanın Qana ilə görüşdən yalnız heç-heçə ilə ayrılıb (2:2) pley-offa vəsiqənin taleyini son tura saxladığını qeyd etmək olar.
Bazar günü Belçika-Rusiya (1:0), Cənubi Koreya-Əlcəzair (2:4) və ABŞ-Portuqaliya (2:2) görüşləri ilə ikinci tura yekun vurulduqda aydın oldu ki, belçikalılar da yüzfaizli nəticə ilə (iki oyunda 6 xal) səkkizdəbir finala aparan qatara “bileti” vaxtından əvvəl özlərinə təmin etmişlər. ABŞ komandasının növbəti mərhələyə vəsiqəyə sevinməsinə isə saniyələr qalırdı. Yurgen Klinsmannın yetirmələri 2:1 hesabı ilə irəlidəydilər. Kriştianu Ronaldonun komandası yalnız hakimin oyunun əsas vaxtına əlavə etdiyi beş dəqiqənin sonuncu saniyələrində məğlubiyyətdən xilas ola bildi.
İlkin mərhələnin son turuna dünən saat 21-də başlayan Avstraliya-İspaniya, Hollandiya-Çili ( “B” qrupu), gecəyarısı isə Kamerun-Braziliya və Xorvatiya-Meksika (“A” qrupu) görüşləri ilə start verilmişdir.
Mundialın bugünkü oyunlarının da proqramını diqqətinizə çatdıraq: 21:00. İtaliya-Uruqvay və Kosta-Rika—İngiltərə; 00:00. Yaponiya-Kolumbiya, Yunanıstan-Kot D` İvuar. Onları da izləməyə hazırlaşaq. Belə fürsət dörd ildə yalnız bir dəfə ələ düşür.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.