İngiltərə Uruqvayla da bacarmadı

Hollandiyadan sonra Çili də Braziliya stadionlarında heç cür özünə oxşamayan İspaniya yığmasını meydandan məğlubiyyətlə yola salıb (2:0), dünya çempionunu növbəti çempionluq mübarizəsindən kənarlaşdırdı. İki oyunda üst-üstə cəmi bir top vurub (o da penalti ilə) rəqibləri tərəfindən yeddi sərrast və qarşısıalınmaz zərbəyə məruz qalan dünyanın ən yaxşı qapıçılarından biri İker Kasilyas və onun komanda yoldaşları “Munidal-2014"-ün qrup yarışları hələ başa çatmamış çempion səlahiyyətlərini itirdilər.

Amma bu dünyada heç nə əbədi deyil. İdmanda, futbolda da. İspaniya millisi 2008 və 2012-ci illərin Avropa çempionu, 2010-cu ildə Cənubi Afrika Respublikasında keçirilmiş dünya çempionatının qəhrəmanı kimi bütün futbol aləmində böyük nüfuz qazanmışdır. Bir də ki, hamının bildiyi kimi, idmanda uğursuzluqdan heç kim sığortalanmayıb.

Həmin axşam “B” qrupunda keçirilən digər görüşdə hollandlar Avstraliya komandasının çox ciddi müqaviməti ilə üzləşdilər və qollarla zəngin oyunda öz üstünlüklərini böyük çətinliklə, cəmi bir top fərqlə sübuta yetirə bildilər-3:2. Bu matçın ən yaxşı oyunçusu Aryen Robben Hollandiya komandasındakı dostları ilə birlikdə Çili kimi ardıcıl iki qələbə sayəsində səkkizdəbir finala vəsiqəni vaxtından əvvəl, qrup sınaqlarının başa çatmasına bir tur qalmış özlərinə təmin etdilər.

Qrupdan növbəti mərhələyə kimin qalib kimi çıxacağını isə iyunun 23-nə təyin edilmiş Çili-Hollandiya görüşündən sonra biləcəyik. Ancaq liderlərin rəqabətinin necə nəticələnəcəyindən asılı olmayaraq, onların hər ikisi minimum vəzifəni artıq yerinə yetirmişdir və buna sevinməyə haqları var.

“A” qrupunda oynanılmış Xorvatiya-Kamerun matçında qarşıdakı Avropa çempionatının seçmə yarışlarında Azərbaycan millisinin rəqibləri olacaq xorvatlar gurultulu qələbə qazanmışlar-4:0! Bu qrupdan pley-off mərhələsinə adlamağa üç komanda-hərəyə 4 xala malik Braziliya, Meksika və onlardan bir xal geri qalan Xorvatiya futbolçuları namizəddirlər.

Ertəsi gün keçirilən görüşlərdə ötən illərin daha bir çempionu İngiltərə də İspaniya kimi ilkin mərhələdə ikinci məğlubiyyətlə barışmalı oldu. Start turunda İtaliya millisinə uduzan ingilislər bu dəfə San – Paulunun “Korintians” stadionunda uruqvaylı Luis Suaresin iki topuna cəmi bir qolla cavab verə bildilər. Amma Ueyn Runinin vurduğu top İngiltərə üçün zəif təsəlli oldu. Bu oyunda 1:2 hesabı ilə uduzan 1966-cı ilin dünya çempionu “ölüm” qrupundan “sağ çıxmaq” üçün son tur qarşısında yalnız nəzəri cəhətdən nəyəsə ümid edə bilər.

Kolumbiya – Kot D İvuar (“C” qrupu) görüşündə də Cənubi Amerika təmsilçisinin xeyrinə 2:1 hesabı qeydə alınmışdır. Yaponiya – Yunanıstan matçında isə rəqiblərin top vurmaq cəhdləri bir nəticə verməmişdir – 0:0.

Dünən mundialda İtaliya – Kosta-Rika, İsveçrə – Fransa və Honduras – Ekvador görüşləri keçirilmişdir.

 

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında