Braziliya stadionlarında futbol üzrə iyirminci dünya çempionatının start turunun oyunları arxada qalmış və 32 finalçı komandanın hər biri haqqında azarkeşlərdə az-çox təsəvvür yaranmışdır. Bu görüşlər bəzi hallarda hakimlərin şübhəli qərarları, imkanları heç də yüksək qiymətləndirilməyən komandaların gözlənilməz qələbələri və əksinə, medallara əsas namizədlərin uğursuzluğu, xüsusən də heç-heçələrin çoxluğu ilə yadda qalmışdır.
Maraqlı məqamdır, birinci turun 16 oyunundan təkcə ikisində “dinc” nəticə qeydə alınıb (İran-Nigeriya-0:0, Rusiya-Cənubi Koreya-1:1). Komandaların heç-heçələrə məhəl qoymamalarını nə ilə izah etmək olar-bir xal üçün oynayıb tər tökməkdənsə, xoşbəxtliyi rəqib qapısında axtarmaq daha yaxşıdır? Bu barədə qəti fikir söyləmək çətin olsa da, hər halda, hər şey göz qabağındadır.On dörd görüşdə tərəflər meydandan eyni əhval – ruhiyyə ilə ayrılmamışlar, qaliblərin sevinci məğlubların məyusluğu ilə müşayiət olunmuşdur. Hətta heç-heçəyə çox yaxın olan İsveçrə - Ekvador matçında bərabərliyi axıradək qorumaq mümkün olmadı, avropalılar sonuncu dəqiqədə mübarizənin taleyini öz xeyirlərinə həll etdilər-2:1. Doğrudanmı, mundial iştirakçıları heç-heçələrə boykot elan etmişlər?
Müxtəlif illərdə dünya çempionu adını qazanmış komandalardan üçünün indiki birinciliyin hələ start turunda məğlubiyyətlə barışması da diqqətdən kənarda qala bilməz. Sonuncu çempion İspaniyanın Hollandiya qarşısında açıq-aşkar aciz qalıb ağlagəlməz hesabla (1:5) məğlubiyyəti bizə “1 özündən deyəndə 5 də məndən danış” məsəlini xatırlatdı. FİFA kubokunu iki dəfə (1930 və1950-ci illərdə) öpüb başları üzərinə qaldırmış Uruqvay futbolçuları dünya çempionatlarının bütün 84 illik tarixi ərzində elə bir ciddi uğuru olmamış Kosta-Rikaya vurduqları bir topun əvəzində öz qapılarında gördükləri üç qola məəttəl qaldılar (1:3). Dördqat dünya çempionu İtaliyanın 1966-cı ilin qəhrəmanı İngiltərəyə qalib gəlməsində isə təəccüblü və məğlub komandaya irad tutula biləcək bir şey yoxdur. Bir-birinə layiq rəqiblərin azarkeşləri əvvəldən axıradək gərgin vəziyyətdə saxlayan görüşündə bir top fərqlə qələbə qeydə alınmışdır-2:1.
Ötən illərin dünya çempionlarından Braziliyanın Xorvatiya üzərində qələbəsini (3:1), Fransanın çətinlik çəkmədən Hondurasın qapısına üç cavabsız top vurmasını, Lionel Messi və onun Argentina komandasından olan oyundaşlarının isə əksinə, Bosniya-Hersoqovina yığması ilə görüşdə çətin qələbəsini ( 2:1) də yada salmaq olar.
Qrup mərhələsinin birinci turunda dünya çempionlarından sonuncu olaraq meydana Almaniya çıxdı. Üçqat çempionun Kriştianu Ronaldosu olan Portuqaliya ilə böyük maraqla gözlənilən görüşünün nəticəsi, əslində, artıq birinci 45 dəqiqədə həll olundu, fasiləyədək üç top vuran almanlar ikinci hissədə daha bir dəfə fərqlənib hesabı 4:0-a çatdırdılar. Layiqli qələbəni birbaşa stadionun tribunasından Almaniya kansleri Angela Merkelin də alqışladığı görüşün qəhrəmanı isə üç qolun və ya indiki mundialda ilk “het-trik”in müəllifi Tomas Müller oldu.
Bu oyundan bir neçə saat sonra Almaniya ilə Portuqaliyanın daxil olduğu “G” qrupunda Qana-ABŞ görüşü də keçirildi. Azərbaycan millisinin baş məşqçisi Berti Foqtsun ABŞ yığmasının “sükançısı” almaniyalı həmvətəni Yurgen Klinsmannın müşaviri rolunda debütü uğurlu alındı. Amerikalılar gərgin oyunda 2:1 hesabı ilə qələbə qazanıb pley-off mərhələsinə aparan yolda inamlı addım atdılar, afrikalıların isə bu məqsəd uğrunda mübarizədə işini çox çətinləşdirdilər.
Mundialda ilk tura “H” qrupunda Belçika-Əlcəzair (2:1) və Rusiya-Cənubi Koreya görüşləri ilə yekun vurulmuşdur. Bu oyunlardan sonra qrupda belçikalılar vahid lider olmuşlar. “A” qrupunda birinci turun sınaqlarından Braziliya və Meksika daha yaxşı nəticə ilə çıxmışlar, “B”-də Hollandiya və Çili, “C” qrupunda Kolumbiya və Kot D İvuar, “D”-də Kosta-Rika və İtaliya, “E” qrupunda Fransa və İsveçrə, “F”-də Argentina, “G” qrupunda Almaniya və ABŞ futbolçuları fərqlənmişlər.
İlk görüşlərini uğurla başa çatdırmış bu komandalar planetin ən güclü 16 kollektivi sırasında növbəti mərhələdə mübarizə aparmaq üçün özlərinə müəyyən zəmin yaratmışlar. Ancaq bu heç də onu bildirmir ki, onların “qurbanları” əllərini yana salıb uğursuz taleləri ilə barışmalıdırlar. Əksinə, hər şey hələ təzəcə başlayır və ikinci tur özlərini artıq səskkizdəbir finalda görən komandalardan bəzilərinin qanını qaralda bilər. Deməli, “mundial-2014”-ün əsas hadisələri, ən maraqlı “seriyaları” hələ irəlidədir.
İkinci turun elə ilk görüşü də bu fikrimizi müəyyən dərəcədə təsdiq etdi. Braziliyanın Meksikaya qalib gəlməyə gücü çatmadı (0:0) və bu rəqiblər iki turdan sonra hərəyə 4 xalla qrupun liderləri mövqeyində qaldılar. Dünən axşam və gecə saatlarında isə bizi Avstraliya-Hollandiya, İspaniya-Çili və Kamerun-Xorvatiya görüşləri gözləyirdi.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.