“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi nümayəndə heyətlərinin rəhbərləri üçün seminar keçirir

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsi nümayəndə heyətlərinin rəhbərləri üçün seminar keçirir.

Əməliyyat Komitəsindən AzərTAc-a bildirmişlər ki, nümayəndə heyətlərinin rəhbərləri ilk Avropa Oyunları ilə bağlı mühüm seminarda iştirak etmək üçün ötən həftə Bakıda olmuşlar. 

Avropa Milli Olimpiya komitələrinin rəsmilərinə oyunlara hazırlıq işlərinin gedişi barədə məlumat verilmişdir. Qonaqlar yarışların keçiriləcəyi idman qurğuları ilə tanış olmuş, ilk Avropa Oyunlarının başlanmasına bir il qalması münasibətilə keçirilmiş tədbirlərdə iştirak etmişlər.

Azərbaycanın gənclər və idman naziri, “Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin baş icraçı direktoru Azad Rəhimov ötən həftə Avropa ölkələrindən nümayəndə heyətlərinin rəhbərlərinin Bakıya səfərləri ilə bağlı demişdir: “Seminar bizə bu tarixi oyunlara hazırlıq işlərində son aylarda nail olduğumuz irəliləyişləri Milli Olimpiya komitələrinə nümayiş etdirmək imkanı yaratmışdır. Bu, həmçinin nümayəndə heyətləri və idmançılar üçün yaradılmış şəraitlə tanışlıq baxımından gözəl imkan oldu”.

Nümayəndə heyətlərinin rəhbərləri Əməliyyat Komitəsi tərəfindən atletlər üçün yaradılmış şəraitlə bağlı müzakirələr aparmışlar. Qonaqlar bədii gimnastika üzrə Avropa çempionatının keçirildiyi müddətdə ilk dəfə tam istismar rejimində fəaliyyət göstərən Atletlər kəndi ilə tanış olmuşlar.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hiki demişdir: “Birinci Avropa Oyunlarının nümayəndə heyətlərinin rəhbərləri üçün seminar çox uğurlu olmuşdur. Görüşlərdə 2015-ci il ilk Avropa Oyunlarını yüksək səviyyədə keçirmək və gələcəkdə yüksək standart müəyyənləşdirmək üçün mühüm məsələlər müzakirə edilmişdir. Qonaqlar gözəl Bakı şəhərində müəyyən vaxt keçirmişlər. Buna görə Avropa Milli Olimpiya komitələri arasında belə bir inam vardır ki, “Bakı-2015” komandalar üçün mükəmməl, texniki baxımdan əla və misilsiz təcrübə olacaqdır”.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin atlet xidmətləri və əməliyyatlar şöbəsinin direktoru Ceyms Makleod demişdir: “Nümayəndə heyətlərinin rəhbərləri üçün seminar bizə Avropa Milli Olimpiya komitələri ilə əlaqə saxlamaq və yaratdığımız xidmət səviyyəsini izah etmək baxımından gözəl imkan olmuşdur. Həmin mütəxəssislərdən oyunlarla bağlı aldığımız rəylər bizi məmnun etmişdir”.

Gələn il iyunun 12-dən 28-dək keçiriləcək “Bakı-2015” Avropa Oyunları həyəcanverici və innovativ kompleks idman yarışları olmaqla qitənin bu qəbildən ilk tədbiri kimi tarixə yazılacaqdır.

 “Bakı-2015” Avropa Oyunları idmanın 19 növü üzrə keçiriləcəkdir. Bunlardan 16-sı Olimpiya, üçü qeyri-Olimpiya idman növüdür. On yeddi yarış günü müddətində 6 mindən çox idmançı mübarizə aparacaqdır.

İdmanın doqquz növü 2016-cı ildə Rio-de-Janeyro keçiriləcək  Yay Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaqdır. Həmin növlərə oxatma, yüngül atletika, çimərlik voleybolu, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo və triatlon daxildir.

Birinci Avropa Oyunlarının Bakıda keçirilməsi haqqında qərar 2012-ci il dekabrın 8-də Avropa Olimpiya Komitəsinin (AOK) Baş Assambleyasında qəbul edilmişdir. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq şəraitində Oyunları təşkil və idarə edəcəkdir.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında