Milli Qurtuluş Günü Milli Gimnastika Arenasında ikiqat bayram sevinci

 İyunun 13-də əzəmətli Milli Gimnastika Arenasında starta çıxıb Milli Qurtuluş Günü finişə çatan bədii gimnastika üzrə Avropanın 30-cu, yubiley çempionatı Azərbaycan idmanında daha bir təntənəli hadisəyə çevrildi. Zərif və hələ çox gənc qızlarımız qitənin 33 ölkəsinin ən güclü ustalarının çox maraqlı və gərgin mübarizəsində özlərini layiqli rəqiblər kimi göstərib milli bayramımıza gözəl töhfə verdilər. Onların qazandıqları üç medal Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Milli Gimnastika Federasiyası mütəxəssislərinin gərgin əməyinin və səmərəli fəaliyyətinin bəhrəsidir.

Bu müvvəffəqiyyət həm də Azərbaycanda idmanın sürətli inkişafına daimi dövlət qayğısının daha bir parlaq təzahürüdür. Məşqçilərinin də, idman ictimaiyyətimizin də ümidlərini doğruldan gimnastlarımız inamlı çıxışları ilə  təsdiq etdilər ki, komandanın məqsədyönlü hazırlığı üçün yaradılan gözəl şərait, gündəlik diqqət və qayğı idman ustalıqlarını artırmaqda, yarışdan-yarışa daha yüksək nəticələr göstərməkdə mühüm şərtdir və onları böyük qələbələrə səfərbər edir.

Bədii gimnastların yubiley çempionatı tarixdə ilk dəfə keçiriləcək və paytaxtımıza həvalə olunmuş Avropa Oyunlarına düz bir il qalmış təşkil edilmişdi və qitəmizin ən yaxşı idmançılarının ali məclisi qarşısında sınaq xarakteri daşıyırdı. Beynəlxalq standartlara tam cavab verən Milli Gimnastika Arenasında yüksək səviyyədə keçirilən və üç gün ərzində əsil bayram şəraitində davam edən Avropa çempionatı idman həvəskarlarımıza, eləcə də xarici qonaqlara gözəl anlar yaşatdı. Bu yarışdan aldığımız xoş təəssürat hələ uzun müddət bizi tərk etməyəcək. Deməli, 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunlarının ən yüksək səviyyədə təşkil olunacağına heç bir şübhə yeri qalmamışdır. Azərbaycan bu mötəbər idman hadisəsini tam hazırlıqla qarşılamaqla bir daha bütün dünyaya bəyan edəcək ki, respublikamız əbəs yerə idman ölkəsi kimi tanınmır və onun imkanları çox yüksəkdir.

Son yeddi ildə üçüncü dəfə Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə Avropa çempionatında ikiqat bayram əhvalımızı, beynəlxalq meydanda ölkə idmanının növbəti uğurlarını, yüksək təşkilatçılıq bacarığımızı təmin edən qızlarımızın medallarını onlara minnətdarlıq hissi və Avropa Oyunlarında daha yüksək zirvələr fəth etmək arzusu ilə bir daha xatırlayaq. Yığmamızda Jalə Piriyeva xüsusilə fərqləndi. O, rəfiqəsi Züleyxa İsmayılova ilə birlikdə yeniyetmələrin yarışlarında komanda hesabında bürünc mükafatçı oldu, fərdi çıxışlarda isə həlqə ilə təmrinlərin icrasında yalnız rusiyalı qalibdən geri qalıb gümüş medalın sevincini yaşadı.

Azərbaycanın qrup hərəkətləri üzrə komandası da fəxri kürsüdə yer almağı bacardı. Səbinə Abbasova, Aliyə Paşayeva, Aynur Mustafayeva, Aleksandra Platonova, Siyana Vasileva və Diana Domandan ibarət heyət böyüklərin çempionatında 3 top və 2 lentlə hərəkətlərin yerinə yetirilməsində ikinci yeri tutub ölkəmizə daha bir gümüş mükafat qazandırdı. Beləliklə, Avropanın zəriflik və gözəllik bayramının 2 gümüş və 1 bürünc medalı tamaşaçıların alqışları altında Azərbaycan idmançılarına təqdim olundu.

Qızların Avropa çempionatında uğurlu çıxışlarında, əlbəttə ki, milli komandanın baş məşqçisi Mariana Vasilevanın və onun həmkarlarının xidmətini xüsusi qeyd etmək lazımdır. İndi bu təcrübəli mütəxəssis yetirmələrini yeni yarışlara, xüsusən də Avropa Oyunlarına daha böyük həvəslə hazırlaşdıracaq və onlardan yeni qələbələr gözləyəcək. 

 

Oqtay BAYRAMOV,
 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında