İki ay əvvəl istifadəyə verilmiş Milli Gimnastika Arenası özünün hələ çox qısa, yenicə hesablanmağa başlamış tarixi ərzində burada keçiriləcək beynəlxalq səviyyəli ilk idman hadisəsi ərəfəsindədir.
Artıq arenanı görənlərin, onunla tanış olanların çox yüksək qiymətləndirdikləri bu gözəl sarayda bu gün bədii gimnastika üzrə 30-cu Avropa çempionatına start veriləcək və 33 ölkə təmsilçiləri medallar uğrunda gərgin mübarizəyə başlayacaqlar. Bununla da üç gün ərzində iştirakçı ölkələrin bayraqları ilə bəzədilmiş Milli Gimnastika Arenasında əsl zəriflik və gözəllik bayramı yaşanacaq.
Azərbaycan paytaxtı son yeddi ildə üçüncü dəfədir ki, bədii gimnastların qitə çempionatının iştirakçılarını qəbul edir. Elə bunun özü də böyük uğur, Avropa Gimnastika İttifaqının Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Milli Gimnastika Federasiyasının idmanın bu populyar növünün inkişafı sahəsində həyata keçirdiyi mühüm işlərə, bədii gimnastlarımızın beynəlxalq meydanda layiqli çıxışlarına, idman təşkilatlarımızın mötəbər yarışları yüksək səviyyədə keçirmək bacarığına, xarici ölkə nümayəndələrinin Bakıda əsil qonaqpərvərliklə qarşılanmasına verdiyi yüksək qiymət və ölkəmizə göstərilən böyük etimaddır.
Bəs şahidi olduğumuz əvvəlki iki Avropa çempionatında bədii gimnastika ustalarımızın çıxışları nə ilə yadda qalmışdır? Sualın cavabı birmənalıdır. – Azərbaycan idmançıları hər iki qitə birinciliyində ölkəmizdə idmanın bu növünün inkişafı sahəsində məqsədyönlü işlər aparıldığını kəskin rəqabətdə qazandıqları medallarla sübuta yetirmişlər.
Heydər Əliyev adına İdman-Konsert Kompleksində keçirilən 2007-ci il Avropa çempionatında bizim qızlar arasında baş rolu Aliyə Qarayeva oynamışdır. O, iplə təmrinlərin icrasında bütün rəqiblərindən dəqiq proqram nümayiş etdirərək bu hərəkətdə Avropa çempionu adına layiq görülmüş, komanda yarışlarında rəfiqələri Dinarə Gimatova və Anna Qurbanova ilə birlikdə isə üçüncü yeri tutub bürünc medal qazanmış, beləliklə də çempionatın ikiqat mükafatçısı olmuşdur.
Bakı ikinci dəfə Avropa çempionatına 2009-cu ilin may ayında ev sahibliyi etmişdir. Qızlar bu dəfə də ümidləri doğrultmuş, qaliblərin mükafatlandırılması mərasimində fəxri kürsüdə təbrikləri qəbul etmişlər. Qarayeva və Qurbanova komanda hesabında ikinci nəticə göstərmişlər. Qurbanova həm də fərdi yarışlarda topla hərəkətlərin yekununda bürünc mükafatçı olmuşdur. Səbinə Abbasova, Aelita Xələfova, Kamilə Məmmədova, Nigar Əbusəlimova, Yevgeniya Jidkova və Lalə Məhərrəmovadan ibarət yeniyetmələrin qrup komandası isə gümüş medala sevinmişdir.
İdman həvəkarlarımız doğma şəhərdə Avropa bədii gimnastikasının ən mahir ustaları ilə üçüncü görüşdən də, şübhəsiz, böyük zövq alacaqlar. Düzdür, Qarayeva, Gimatova və Qurbanova artıq öz sevimli idman növlərində çıxışlarını başa vurmuşlar və daha komandamıza medal qazandıra bilmirlər. Ancaq yığmamızda onlara layiqli ehtiyat qüvvə yetişdirmək məsələsi bir an belə diqqətdən kənarda qalmayıb, Azərbaycan millisinin baş məşqçısı bolqarıstanlı mütəxəssis Mariana Vasilyeva bu istiqamətdə məqsədə nail olmaq üşün qüvvə və bacarığını əsirgəməyib. Məşqçi özü son mətbuat konfranslarından birində bu barədə danışarkən deyib ki, milli komandada nəsil dəyişikliyi baş verib. Buna baxmayaraq, Azərbaycan gimnastları evdə keçiriləcək Avropa çempionatında layiqincə çıxış etməyə və azarkeşləri sevindirməyə çalışacaqlar.
İndiki milli komandamızda lider Marina Durundadır. O, Avropa çempionatı ərəfəsində bir sıra məsul yarışlarda, o cümlədən Dünya kubokunun mərhələ turnirlərində uğurla çıxış etmişdir. Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, Aynur Mustafayeva, Diana Doman və Aleksandra Platonavadan ibarət qrup hərəkətləri komandamız da yaxşı ustalıq səviyyəsi göstərmişdir. Bir sözlə, bədii gimnastlarımız evdə keçiriləcək qitə çempionatında layiqincə çıxış etmək üçün onu tam hazırlıqla qarşılamağa çalışmışlar. Onların qarşıda duran məqsədə nə dərəcədə nail olcaqlarını isə çempionat göstərəcək.
Bu çempionatın 30-cu, deməli, həm də yubiley çempionatı olması onun iştirakçılarında və bütün bədii gimnastika həvəskarlarında xüsusi bayram ab-havası yaradır, bədii gimnastika ustalarının nümayiş etdirəcəkləri rəngarəng proqramlara marağı ikiqat artırır.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.