Bakıda təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatında 33 ölkədən 200-dən artıq idmançı birincilik uğrunda mübarizə aparacaqdır

Azərbaycan paytaxtı artıq üçüncü dəfədir ki, bədii gimnastika üzrə Avropa çempionatını qəbul edir. AzərTAc xəbər verir ki, bu sözləri iyunun 12-də Milli Gimnastika Arenasında təşkil olunmuş mətbuat konfransında Avropa Gimnastika İttifaqının prezidenti Georges Guelzec demişdir.

Bildirilmişdir ki, bu irimiqyaslı tədbir Azərbaycanda 2007-ci və 2009-cu illərdə də yüksək səviyyədə təşkil olunmuşdu. Ümid edirəm ki, həmin ənənə bu dəfə də davam etdiriləcəkdir. Azərbaycan Gimnastika Federasiyası bu sahədə çox peşəkardır. Çempionatın birinci Avropa Oyunlarına təsnifat xarakteri daşıdığını diqqətə çatdıran G.Guelzec turnirdə 33 ölkədən 200-dən artıq idmançının 9 dəst medal uğrunda mübarizə aparacağını qeyd etmişdir.

O vurğulamışdır ki, Bakıda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədədir. Düşünürəm ki, bütün nümayəndə heyəti yaradılan şəraitdən tam razıdır. İyunun 13-də bir daha əmin olacağıq ki, Azərbaycanın təkcə təşkilatçılığı deyil, gimnastlarının hazırlığı da yüksək səviyyədədir.

Azərbaycan Gimnastika Federasiyasının vitse-prezidenti Altay Həsənov idmançılarımızın turnirə ciddi hazırlaşdıqlarını bildirmiş, çempionatın yeni istifadəyə verilmiş arenada keçirilməsini yüksək qiymətləndirmişdir.

Qeyd etmişdir ki, milli komandamızın baş məşqçisi Mariana Vasilyeva gözəl heyət formalaşdırmışdır. Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva tərəfindən ilk gündən qarşıya idmanın bu növünü tək Bakıda deyil, əyalətlərdə də kütləviləşdirmək məqsədi qoyulmuşdur. Artıq məqsədimizə nail olmuşuq. Kürdəmir, İsmayıllı, Gəncə, Sumqayıt və digər bölgələrdə gimnastika məktəbləri fəaliyyət göstərir. Baş məşqçimiz bir nömrəni, onun əvəzləyicisini seçməkdə çətinlik çəkir. Təbii ki, bu, uğurumuzdur. Yığmaya düşmək üçün rəqabət güclüdür.

Çempionatın açılış mərasimində milli komandamızın üzvlərinin və məşqçilərinin iştirak edəcəyini diqqətə çatdıran A.Həsənov tədbirin quruluşçu rejissorunun Mariana Vasilyeva olduğunu vurğulamışdır. Qeyd etmişdir ki, açılış mərasimində iştirakçılara bədii gimnastika ilə incəsənətin vəhdəti təqdim olunacaqdır.

Azərbaycan Gimnastika Federasiyasının baş katibi, Avropa Gimnastika İttifaqının vitse-prezidenti Fərid Qayıbov demişdir ki, qitə birinciliyinin ardınca gələn ilin martında ölkəmizdə “Bakı-2015”ə növbəti test yarışı təşkil olunacaqdır. Bu dəfə Avropa Oyunlarında yer alacaq 6 növ üzrə yarışlar keçiriləcəkdir. Avropa çempionatına qatılmış 33 ölkədən 30-nun olan idmançıları məhz Olimpiya kəndində, digər 3-ü başqa oteldə qalır. İdmançılar yaradılmış şəraitdən tam razıdırlar.

Millimizin baş məşqçisi Mariana Vasilyeva yetirmələrinin uğurlu çıxış edəcəyinə əminliyini bildirərək vurğulamışdır ki, Aliyə Qarayevanın gedişindən sonra artıq gənc nəsil formalaşmış və onlar böyük potensiallar vəd edirlər. Bütün bunlar növbəti illərə  hesablanmışdır. Onların Avropa Oyunları, dünya çempionatı və Olimpiya Oyunlarında Azərbaycanı layiqincə təmsil edəcəklərinə inanıram. Federasiya bizim üçün əla şərait yaratmışdır. Artıq regionlarda çempionlar və mükafatçılar yetişir.

Qeyd edilmişdir ki, yarışda milli musiqimizdən də istifadə olunacaqdır. Qrup hərəkətləri üzrə yığmamız “Sarı gəlin”in sədaları altında çıxış edəcəklər.

Bədii gimnastika üzrə Avropa çempionatı iyunun 13-dən 15-dək Bakıda, Milli Gimnastika Arenasında keçiriləcəkdir.

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında