Bakıda pauerliftinq üzrə Avropa çempionatının təntənəli açılış mərasimi olmuşdur

AzərTAc xəbər verir ki, mərasimdə Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev Federasiyanın fəxri prezidenti Sevil Əliyevanın təbrik məktubunu oxumuşdur.

Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov ölkəmizdə idmanın inkişafına göstərilən dövlət qayğısından danışmışdır. O vurğulamışdır ki, müstəqil Azərbaycanda idmanın sürətli inkişafı ulu öndər Heydər Əliyev yenidən hakimiyyətə qayıtdıqdan sonra geniş vüsət almışdır. Ölkə həyatının bütün sahələrində olduğu kimi, idmana da böyük diqqət və qayğı göstərilmişdir. Bu siyasət dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan idman ölkəsinə çevrilmişdir.

Nazir müavini demişdir ki, hər il Azərbaycanda idmanın müxtəlif növləri üzrə beynəlxalq yarışlar keçirilir. Təkcə bu ilin may ayında ölkəmizdə 30-dan artıq beynəlxalq səviyyəli yarış keçirilmişdir. Belə yarışların keçirilməsini beynəlxalq idman qurumlarının Azərbaycana böyük etimadının nəticəsi kimi dəyərləndirmək olar. 

Qeyd edilmişdir ki, cari ildə ölkəmizdə gimnastika, atletika və idmanın digər növləri üzrə irimiqyaslı tədbirlər keçiriləcəkdir. Azərbaycan ev sahibliyi etdiyi idman yarışlarını yüksək səviyyədə keçirir və bu da beynəlxalq aləmdə layiqincə qiymətləndirilir.

Dünya Pauerliftinq Federasiyasının prezidenti Mayk Sviney bildirmişdir ki, Bakıya hər səfərimdə paytaxtın daha da gözəlləşdiyini görürəm. Əminəm ki, Bakıda pauerliftinq üzrə Avropa çempionatı da layiqincə keçiriləcəkdir.

O, Azərbaycan Pauerliftinq Federasiyasının fəxri prezidenti Sevil Əliyevanın dəstəyi ilə uşaqlar, gənclər və böyüklər arasında bir çox idman tədbirlərinin keçirildiyini diqqətə çatdırmışdır. 

M.Sviney yarışın yüksək səviyyədə təşkilinə görə Azərbaycanın müvafiq qurumlarına minnətdarlığını bildirmiş, idmançılara uğurlar arzulamışdır.

Mərasimdə bildirilmişdir ki, Azərbaycan Prezidenti İlham Əliyev, Pauerliftinq Federasiyasının fəxri prezidenti Sevil Əliyeva Dünya Pauerliftinq Federasiyası tərəfindən hazırlanmış xüsusi hədiyyə və diploma layiq görülmüşlər. Bir sıra yüksək vəzifəli dövlət və hökumət nümayəndələri də xüsusi hədiyyə və diplomla təltif olunmuşlar.

Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çempionat açıq elan edilmişdir.

Avropa çempionatında 27 ölkədən 300-dək idmançı mübarizə aparır.

Çempionat Azərbaycanın Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi, Dünya Pauerliftinq Federasiyası, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi, Azərbaycan Pauerliftinq Federasiyasının birgə təşkilatçılığı ilə keçirilir.

Çempionata iyunun 15-də yekun vurulacaqdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında