Bu gün Braziliya vaxtı ilə saat 17.00-da, Bakıda isə gecəyarısı, dəqiq desək, 01.00-da Braziliya - Xorvatiya görüşü ilə iyirminci dünya çempionatına start veriləcəkdir. Sabah isə Meksika - Kamerun, İspaniya - Hollandiya və Çili - Avstraliya matçları oynanılacaq. Bununla da “Mundial - 2014" düz bir ay ərzində planetin hətta ən ucqar guşələrində belə milyonlarla insanın qəlbinə hakim kəsiləcəkdir.
Bəs nə üçün mundial? Nəyə görə bu sözün əsl sahibləri ispanlarla yanaşı italyanlar, almanlar, ingilislər, amerikalılar, çinlilər, elə biz özümüz azərbaycanlı azarkeşlər də dünya çempionatları günlərində “mundial”a daha çox müraciət edirik? Suala aydınlıq gətirməyə çalışaq.
“El mundo” sözünün ispancadan dilimizə tərcüməsi “dünya” deməkdir. “Ümumdünya”, “dünyəvi” mənasında olan “mundial” da həmin sözdən götürülmüşdür və səhv etmirəmsə, dünya çempionatlarında ilk dəfə okeanın o tayında ispan dilində danışan çoxsaylı ölkələrdən biri olan Meksikada “oyuna qoşulmuşdur”. Armando Dieqo Maradona və onun Argentina milli komandasından olan oyundaşlarının zəfəri ilə başa çatmış “Mexico - 86"-dan ötən 28 il ərzində ”mundial" idman aləmində özünə möhkəm yer etmişdir. İndi “mundial” təkcə futbol yox, həm də voleybol, basketbol, həndbol və bəzi başqa növlər üzrə dünya çempionatları zamanı müxtəlif ölkələrdə istər idmançılar və azarkeşlər, istərsə də mütəxəssislər və jurnalistlərin məhəbbətlə, bir qədər də nəvazişlə dilə gətirdikləri ən sevimli sözlərdən biridir. Ancaq adama elə gəlir ki, futbola daha çox yaraşır.
Artıq açılış mərasiminə saatlar qalmış indiki mundial sayca iyirminci, deməli, həm də bir növ yubiley çempionatıdır. İkiqat əlamətdar olan bu çempionatın pentakampeonların, yəni beş dəfə dünya çempionlarının, o cümlədən parıltısı, sanbalı, qiyməti ilə adamın ağlını başından çıxaran qızıl FİFA kubokunu üç dəfə -1958, 1962 və 1970-ci illərdə İsveç, Çili və Meksikada öpüb başı üzərinə qaldırmış bütün dövrlərin ən yaxşı futbolçusu, bütün planetdə futbol üzrə yeganə üçqat dünya çempionu, rəsmi oyunlarda 1250-dən çox top vurmuş əfsanəvi Pelenin vətənində keçirilməsi isə 64 oyundan ibarət “Mundial - 2014"-ə xüsusi məna verəcək, onun heç nə ilə müqayisəyəgəlməz şöhrətini bir qədər də artıracaq.
İyunun 12-dən iyulun 13-dək hətta ən mühüm siyasi, iqtisadi, mədəni hadisələrdən də az diqqət mərkəzində olmayacaq dünya çempionatı təkcə Braziliya və ən böyük futbol bayramının sevincini yaşayacaq daha 31 iştirakçı ölkədə yox, mübaliğəsiz deyə bilərik ki, planetin hər yerində milyonlarla insan tərəfindən əlahəzrət futbola - dünyada ən sevimli, ən populyar oyuna, 1 nömrəli idman növünə hədsiz məhəbbətlə izlənəcək. Şübhəsiz, bütün əvvəlki dünya çempionatlarındakı kimi, bu dəfə də ən yüksək vəzifə sahibləri prezidentlər, baş nazirlər, spikerlər, habelə krallar, şahzadələr, görkəmli dövlət və ictimai xadimlər və başqaları da gözlərini futbol sehrbazlarından çəkməyəcək, kimi birbaşa stadionların fəxri qonaqlar tribunasında, kimi də teleekran qarşısında futbolun bəzəyi olan bir-birindən gözəl qolların sevinc və həyəcanını yaşayacaq, futbolla nəfəs alacaq, sevinəcək, məyus olacaq. Xüsusən də finalçı ölkələrin insanları.
Təəssüf ki, Azərbaycan futbolunun səviyyəsi hələlik milli komandamızı dünya və Avropa çempionatlarının iştirakçıları sırasında görmək arzumuzla uyğun gəlmir, biz ali futbol bayramlarında yalnız kənar müşahidəçi və ya bitərəf azarkeş rolu ilə kifayətlənməli oluruq. Amma ümidimizi də üzmür (nə qədər ki, yaşayırıq, nəyəsə ümid edirik), gələcəyə nikbinliklə baxırıq.
Ən yaxın ümidlərimiz isə qarşıdakı payızda, sentyabrın 9-da başlanacaq növbəti Avropa çempionatının seçmə yarışları ilə bağlıdır. Bütün əvvəlki illərdən fərqli olaraq, indi qruplarda üçüncü yeri tutacaq komandalar da final mərhələsinə yüksəlmək şansı qazanacaqlar. Deməli, işlər bir qədər asanlaşmışdır. Azərbaycan millisini İtaliya, Xorvatiya, Bolqarıstan, Norveç və Malta komandaları ilə rəqabətdə “H” qrupunun yekun cədvəlində üçüncü yerdə görmək istəyimiz heç kimə təəccüblü görünməsin. Güləş, voleybol, şahmat, futzal, boks, taekvondo, karate, bədii gimnastika, avarçəkmə və bir sıra başqa növlər üzrə komandalarımız kimi, futbol millimiz də, nəhayət, öz kəsərli sözünü deməli, dünya və Avropa çempionatlarının final mərhələsinə vəsiqə qazanmalıdır. Bəlkə də, biz bu vəsiqəyə artıq 2015-ci ilin payızında, seçmə yarışlarının finişində sevinəcəyik.
Bir qədər yuxarıda Avropa çempionatının seçmə sınaqlarında rəqibimiz olacaq komandaları xatırlatdıq. Onlardan ikisinin bu günlər qızmar Braziliya səması altında məskən saldığını da bir daha vurğulayaq. Dörd dəfə dünya çempionları italiyalı ustalar və futbol bacarıqları çoxdandır ki, xoş təsir bağışlayan xorvatların mundialda özlərini necə hiss edəcəkləri bizim yerlərdə maraqla gözlənilir. Axı, özümüzü Avropa çempionatı - 2016-nın final mərhələsinin iştirakçıları arasında görməyi qarşıya məqsəd qoymuşuqsa, baş məşqçimiz Berti Foqts və onun komandası tam heyətlə gözlərini meydandan çəkməməli, ən çalışqan şagirdlər kimi əllərinə qələm-dəftər götürüb gələcək rəqiblərinin oyun dəst-xətti haqqında qeydlər aparmalıdırlar. Hər halda, bunun nəsə bir xeyri ola bilər.
Bu günlər Foqtsun da Braziliyanın qonağı olması maraqlı məqamdır, bəlkə də, xoş əlamətdir. Yığmamızın məşqçisi ABŞ komandasının düşərgəsinə dəvət olunmuşdur. Berti amerikalıların almaniyalı baş məşqçisi Yurgen Klinsmannın müşaviri kimi öz məsləhətləri ilə qrup mərhələsində Almaniya, Portuqaliya və Qana futbolçularına qarşı görüşlərdə həmvətəninə kömək etməlidir.
Mayın 28-də San-Fransiskoda keçirilmiş və Bakı vaxtı ilə səhər saat 7-dən teleekran qarşısında izlədiyiniz ABŞ - Azərbaycan yoldaşlıq görüşü də yaddaqalan hadisədir və güman etmək olar ki, hər iki komanda üçün faydalı olacaq. Həmin gün ABŞ futbolçuları dünya çempionatının startı ərəfəsində öz hazırlıqlarını bir daha sınaqdan çıxarmaq imkanı qazandılar, bizimkilər isə EURO - 2016-nın seçmə turniri proqramında növbəti yoldaşlıq görüşündə meydana çıxdılar, uduzmalarına baxmayaraq (0:2) kifayət qədər güclü rəqibə qarşı mübarizədə müəyyən təcrübə qazandılar.
Elə biz özümüz də heç cür adət etmədiyimiz vaxtda, Bakıda səhərin gözü yenicə açılarkən canlı futbola baxmaq fürsətini itirə bilməzdik. Bu oyun azarkeşlər üçün, bir növ, baş məşq oldu. Sonuncu cümlə ilə bir daha onu xatırlatmaq istəyirəm ki, San-Fransiskodakı kimi, Braziliyada da oyunlar Azərbaycanda gecəyarısı başlanacaq və artıq öz gündəlik rejimimizi mundialın təqviminə, oyunların başlanma vaxtına uyğun qurmağa hazırlaşmalıyıq.
Burada çempionatın ilkin mərhələsində səkkizdəbir finala vəsiqə uğrunda mübarizə aparacaq qrupların tərkibini yada salmaq pis olmaz:
“A” qrupu. Braziliya, Xorvatiya, Meksika, Kamerun
“B” qrupu. İspaniya, Hollandiya, Çili, Avstraliya
“C” qrupu. Kolumbiya, Yunanıstan, Kot D’İvuar, Yaponiya
“D” qrupu. Uruqvay, Kosta-Rika, İngiltərə, İtaliya
“E” qrupu. İsveçrə, Ekvador, Fransa, Honduras
“F” qrupu. Argentina, Bosniya və Herseqovina, İran, Nigeriya
“G” qrupu. Almaniya, Portuqaliya, Qana, ABŞ
“H” qrupu. Belçika, Əlcəzair, Rusiya, Cənubi Koreya
Qrup mərhələsindən sonra Dünya kubokunu qazanmaq istəyi ilə minlərlə kilometr məsafə qət edib Braziliyaya toplaşan 32 komandadan tən yarısı tamaşaçıya çevrilib növbəti oyunları öz vətənlərində televizorda izləyəcək, qalan 16-sı isə mundialda yoluna davam edəcək.
Beləliklə, nadir futbol istedadları ilə zəngin olan Braziliya öz tarixində ikinci dəfə dünya çempionatına xeyir-dua verir. İlk dəfə 64 il əvvəl, 1950-ci ildə planetin ən yaxşı komandalarına qapılarını taybatay açmış bu ölkə yenidən futbol dünyasını öz başına toplayıb. Bu gün San-Pauluda Braziliya - Xorvatiya görüşü ilə iyirminci dünya futbol çempionatının həyəcanları başlanacaq. Mundialda baş rolu kimin oynayacağını, dünya çempionatının qəhrəmanının kim olacağını isə iyulun 13-də Rio-de-Janeyronun “Marakana” stadionunda keçiriləcək final görüşündən sonra biləcəyik.
Mundialın ən şirin, Dünya kuboku çəkisində olan final matçından zövq alarkən xoş bir xatirə də yaşayacaq, hələ ötən əsrin altmışıncı illərinin ortalarında Azərbaycan futbol məktəbinin unudulmaz yetirməsi Anatoli Banişevskinin SSRİ yığma komandası heyətində həmin “Marakana” stadionunda yoldaşlıq görüşündə Braziliyanın qapısına vurduğu qolu rəhmətlik futbolçumuza minnətdarlıq hissi ilə xatırlayacağıq.
Azərbaycanlı futbol pərəstişkarlarının qəlbində birbaşa dünya çempionatları ilə bağlı xoş xatirələr də yer almışdır. Dünya şöhrətli həmvətənimiz, FİFA-nın hakimlər korpusunun ölkəmizdə ilk səlahiyyətli nümayəndəsi Tofiq Bəhramov 1966-cı ildə İngiltərədə keçirilmiş dünya çempionatında əla hakimliyinə görə “Qızıl fit”ə layiq görülmüş, Banişevski isə elə həmin çempionatda SSRİ komandası heyətimdə bürünc medal qazanmışdır. Bundan dörd il sonra Tofiq müəllim növbəti dünya çempionatında hakimlik etmək üçün “Mexico - 70"-ə dəvət olunmuşdu. FİFA azərbaycanlı hakimə ikinci dəfə yüksək etimad göstərmişdi...
“Mundial – 2014”-ün açılış mərasimi ərəfəsində onu da xatırlatmaq yerinə düşər ki, bu günə qədər keçirilmiş 19 dünya çempionatında cəmi səkkiz ölkənin komandaları qızıl medalların sevincini yaşamışlar. Çempion ölkələrin siyahısına beş dəfə kuboka sahib olmuş braziliyalılar başçılıq edirlər. Bu siyahıda onların ən yaxşı izləyiciləri italyanlar dörd dəfə fəxri kürsünün zirvəsində təbrikləri qəbul etmişlər. Almaniya futbolçuları 3, Uruqvay və Argentina hərəyə 2, Fransa, İngiltərə və İspaniya isə 1 dəfə çempionluğu bayram etmişlər.
Maraqlıdır, iyirminci dünya çempionatından sonra qaliblərin siyahısına yeni ad əlavə olunacaqmı, yoxsa yenə də ötən illərin çempionlarından biri sevinəcək. Yaşayarıq, bir aydan sonra görərik.
Hələlik isə Braziliya-Xorvatiya görüşündə yaponiyalı hakim Yuita Nisimuranın start işarəsini gözləyək.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.