Bakıda atletika üzrə Avropa təsnifat turnirində 38 ölkədən 690 idmançı mübarizə aparacaqdır

 Mayın 30-dan iyunun 1-dək Bakıda atletika üzrə yeniyetmələr arasında Avropa təsnifat turniri keçiriləcəkdir. Turnir Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaqdır.

AzərTAc xəbər verir ki, bu sözləri turnirin əlaqələndiricisi və Milli Olimpiya Komitəsinin (MOK) beynəlxalq əlaqələr departamentinin rəhbəri Könül Nurullayeva mayın 27-də Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş mətbuat konfransında demişdir.

O bildirmişdir ki, turnir atletikanın 18 növü üzrə keçiriləcəkdir. Çinin Nanjinq şəhərində təşkil olunacaq yeniyetmələrin II Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacaq turnirdə 38 ölkədən 690 atlet birincilik uğrunda mübarizə aparacaqdır. Bunlardan 333-ü qız, 357-si isə oğlan atletdir. Lisenziyaların sayı oğlanlar üçün 82, qızlar üçün isə 108 olacaqdır. 

İdman yarışının əhəmiyyətini yüksək qiymətləndirən MOK-un vitse-prezidenti, yarışın Təşkilat Komitəsinin sədri Çingiz Hüseynzadə təsnifat turnirinin birinci Avropa Oyunlarına test xarakteri daşıdığını diqqətə çatdırmışdır.

Ç. Hüseynzadə bildirmişdir ki, turnirdə iştirak edəcək idmançılar “Bakı-2015" üçün hazırlanmış Atletlər kəndində məskunlaşacaqlar. Bu yarışla nəqliyyat, hakimlik və digər məsələlər sınaqdan keçiriləcəkdir. Turnirin keçirilməsinin ölkəmizə beş ay əvvəl həvalə olunduğunu diqqətə çatdıran Ç. Hüseynzadə bütün iştirakçılara uğurlar arzulamışdır.

Avropa Atletika Federasiyasının vitse-prezidenti Karel Pilni yüksək təşkilatçılığa görə təşəkkürünü bildirmiş, ölkəmizdə idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirmişdir. Qeyd etmişdir ki, Azərbaycanın irimiqyaslı idman yarışlarını təşkil etmək üçün hər cür şəraiti vardır. Yüksək səviyyəli aeroport, müasir standartlara cavab verən hotellər və idman infrastrukturunun mövcudluğu beynəlxalq idman qurumlarına mötəbər turnirlərin keçirilməsinin tərəddüd etmədən respublikamıza həvalə olunmasına imkan verir.

Azərbaycanda ilk dəfə atletika üzrə irimiqyaslı turnirin təşkil ediləcəyini deyən K.Pilni Tofiq Bəhramov adına Respublika stadionunun idmanın bu növü üzrə tədbirlərin keçirilməsi üçün ideal məkan olduğunu diqqətə çatdırmışdır.

Atletika üzrə Azərbaycan yığmasının baş məşqçisi Nazim İsrafilov demişdir: “Turnirdə ölkəmizi 16 idmançı - 9 oğlan, 7 qız atlet təmsil edəcəkdir. Qarşıya iki medal və yeniyetmələrin II Olimpiya Oyunlarına üç lisenziya qazanmaq hədəfi qoyulmuşdur. Millimizin heyətində Nazim Babayevi (üçtəkanla tullanma), Yelena Qladkovanı (şüvəllə tullanma) və Abrexa Benafetanı (1500 və 3000 metrlik qaçış üzrə) medallara iddiaçı kimi göstərmək olar. İdmançılarımız yarışa yüksək səviyyədə hazırlaşmış və medal qazanmaq iqtidarındadırlar”.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında