“Neftçi” altıncı dəfə Azərbaycan kubokunun sevincini yaşayır

Paytaxt klubunun Qəbələnin eyniadlı komandası ilə Azərbaycan kuboku yarışlarının həlledici görüşündə  qələbəsi  bu günlər bakılılara və onların pərəstişkarlarına böyük sevinc hissi yaşadır. Komanda öz tarixində altıncı dəfə ölkə kubokuna sahib olmuşdur.

Tofiq Bəhramov adına Respublika Stadionunda gərgin mübarizə şəraitində davam edən final görüşünün əsas və əlavə vaxtında qalibin müəyyənləşməməsi (1:1, “Neftçi”dən Samir Məsimov, “Qəbələ”dən Marat İzmaylov fərqləndilər) azarkeşlərə penaltilər seriyasının həyəcanını yaşatdı. Bu zərbələri isə Böyükağa Hacıyevin yetirmələri daha dəqiq yerinə yetirdilər (3:2).

“Neftçi” Azərbaycan kubokunun sahibi kimi Avropa Liqası turnirinə ikinci təsnifat mərhələsindən başlayacaq. Bu mərhələnin oyunları iyulun 17-də və 24-də keçiriləcəkdir.

Ölkə çempionatının bürünc mükafatçısı olmuş “Qəbələ” də ruhdan  düşməməlidir. Yuri Syominin komandası kubokun bir addımlığında  büdrəsə də, hər halda, hələ finaladək beynəlxalq meydana vəsiqəni özünə təmin etmişdi. Qəbələ futbolçuları Avroliqada birinci təsnifat mərhələsindən starta çıxacaqlar. Onlar ilk oyunlarını iyulun 3-də, cavab görüşünü isə bundan bir həftə sonra keçirəcəklər.

Xatırladaq ki, qarşıdakı qitə miqyaslı yarışlarda Azərbaycan daha iki komanda ilə təmsil olunacaq. Ölkə çempionu Ağdamın “Qarabağ” klubu Çempionlar Liqasında çıxışlarına ikinci təsnifat mərhələsindən başlayacaq, gümüş mükafatçı “İnter” (Bakı) isə Avropa Liqasında mübarizəyə birinci mərhələdən qoşulacaq. Klublarımızın qitə turnirlərində kiminlə qarşılaşacağını   bir aydan sonra biləcəyik. Görək iyunun 23-də UEFA-nın İsveçrənin Nyön şəhərindəki mənzil-qərargahında atılacaq püşk Azərbaycan komandalarına hansı ölkələrin təmsilçilərini rəqib seçəcək.

Avrokuboklarda ilk oyunlarımıza hələ kifayət qədər vaxt var. Bütün dörd komandamız azarkeşlərin böyük maraqla gözlədiyi bu məsul yarışları tam hazırlıqla qarşılamaq üçün hər cür imkana malikdir.

Hələlik isə ölkəmizin ən yaxşı futbolçularının sentyabrda start götürəcək Avropa çempionatının seçmə yarışlarına hazırlaşan Azərbaycan milli komandası heyətində tezliklə Braziliya stadionlarında başlanacaq dünya çempionatının iştirakçısı ABŞ yığması ilə oyununu gözləyək. Bu yoldaşlıq görüşü  mayın 28-də San-Fransiskoda  keçiriləcək və Bakı vaxtı ilə səhər saat 7-də başlanacaq.

 

Oqtay BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında