Azərbaycan idmanı bugünkü şöhrətinə görə ulu öndərə minnətdardır

Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyev 1974-cü ilə təsadüf etmiş və idman ictimaiyyətimizin yaşlı nəsil nümayəndələrinin yadında tarixi bir hadisə kimi yaşayan Azərbaycan partiya fəalları yığıncağında söylədiyi geniş nitqdə buna qədər görülmüş işlərin respublikanın imkanlarına heç də uyğun gəlmədiyini bildirərək qeyd etmişdi ki, məhz bu səbəbdən bədən tərbiyəsi və idmanı daha da inkişaf etdirmək tədbirləri məsələsini partiya fəalları yığıncağının müzakirəsinə vermək zərurəti yaranmışdır.

Böyük əks-səda doğuran partiya fəalları yığıncağında respublikamızda bədən tərbiyəsi - idmanın vəziyyəti haqqında açıq və prinsipial söhbət getmiş, bu sahədə bütün qüvvələri səfərbərliyə almaq, birgə səylə fəaliyyət göstərmək və idman həyatımızı daha da canlandırmaq üçün vaxt itirmədən təxirəsalınmaz tədbirlər görməyin mühüm əhəmiyyəti ön plana çəkilmişdi. Heydər Əliyev idmanımızın bütün sahələrini əhatə edən nitqində yaranmış vəziyyəti hərtərəfli təhlil etmiş, irəliləyişə mane olan nöqsan və çatışmazlıqları göstərmiş, insan həyatında mühüm rol oynayan gümrahlıq və sağlamlıq məşğələlərinin məişətimizə daha möhkəm daxil edilməsi, ustalığın və qələbələrin rəhni olan kütləviliyin artırılması, böyük idmanda isə yüksək nailiyyətlər qazanılması yolları üzərində ətraflı dayanmışdı.

Bunsuz hər hansı bir işdə ciddi nəticəyə, uğura ümid etmək olmaz. Odur ki, vəziyyəti yaxşılaşdırmaq, fəallar yığıncağında qaldırılan məsələlərin həlli yollarını tapmaq, qarşıya qoyulan vəzifələri müvəffəqiyyətlə yerinə yetirmək üçün sıravi bədən tərbiyəçilərindən tutmuş əməkdar idman ustalarına, məşhur mütəxəssislərə, həyatlarını idmana həsr edən elm adamlarına qədər hamı fəallığı qat-qat artırmalı idi. Onları irəli apara biləcək yol konkret surətdə göstərilmişdi. Bu isə o demək idi ki, Azərbaycan idmanının gələcək böyük qələbələri üçün yaxşı zəmin yaranmışdır.

Elə idmanımızın tarixində xüsusi yeri olan yüngül atletika üzrə görkəmli mütəxəssis, SSRİ əməkdar məşqçisi Əfqan Səfərov da çıxışında bu tədbirin əhəmiyyətini böyük razılıq və dərin minnətdarlıq hissi ilə qeyd etmişdi: - Azərbaycan idmanının ağsaqqallarından biri kimi deyə bilərəm ki, respublika partiya fəallarının indiki yığıncağı Azərbaycan KP MK-nın bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi qayğının yeni parlaq təzahürüdür. Bu yığıncaq respublikamızda idman hərəkatına çoxdan bəri ehtiyac duyulan bir təkan olacaqdır.

Bunun üçün isə ilk növbədə işdə olan çatışmazlıqları müəyyənləşdirmək vacib idi. Azərbaycan partiya təşkilatının rəhbəri Heydər Əliyev yığıncaqdakı nitqində bu barədə çox dəqiq demişdi: “Başlıca nöqsan budur ki, biz fəhlələrin, qulluqçuların, kolxozçuların, ziyalıların, məktəblilərin bədən tərbiyəsi ilə müntəzəm məşğul olmasında əsl kütləviliyə nail ola bilməmişik. Halbuki, ümumittifaq yarışlarında və beynəlxalq yarışlarda yüksək nəticələr əldə etməyə qadir olan idman ustalarını yalnız bunun əsasında yetişdirmək və tərbiyə etmək mümkündür”.

Məhz partiya fəallarının həmin yığıncağından dərhal sonra respublikanın hər yerində kütləviliyə əsaslanmaqla bədən tərbiyəsi və idman məşğələlərinə, əhalinin, xüsusən də gənclərin asudə vaxtının səmərəli təşkilinə, yeni-yeni idman qurğularının inşasına, ustalığın artırılmasına, ümumittifaq və beynəlxalq yarışlarda Azərbaycanın layiqincə təmsil olunmasına diqqət artırıldı, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilməyə başlandı. Belə bir işgüzar şəraitdə fərəhli nəticələri çox gözləmək lazım gəlmədi. Özü də işdə əsaslı dönüş idman hərəkatının bütün sahələrində – məktəblərdə, ali təhsil ocaqlarında, müəssisələrin bədən tərbiyəsi kollektivlərində, qadın və qızların məşğələlərə daha fəal surətdə cəlb olunmasında, ustalardan ibarət komandaların yarışlara hazırlığı üçün lazımi şərait yaradılmasında və bir sıra başqa istiqamətlərdə inamla əksini tapırdı.

Hamını yüksək fəallığa Heydər Əliyevin yığıncaqda bu barədə verdiyi tövsiyələr ruhlandırmışdı: “Bədən tərbiyəsi və idmana fikir vermək, məktəblilərin bədən tərbiyəsindən tutmuş ta qocalar arasında bədən tərbiyəsi - sağlamlıq tədbirlərinədək bütün mərhələlərdə bədən tərbiyəsinin və idmanın inkişafına daim qayğı göstərmək, yeni idman qurğularının tikilməsi və mövcud idman qurğularının yaxşılaşdırılması üçün bütün yerli imkanlardan istifadə etmək, bədən tərbiyəsi - idman işini ürəkdən sevən, kütlələri həmin işə cəlb etməyə qadir olan adamları axtarıb-tapmaq, belə işin təşkilatçılarını hər vasitə ilə müdafiə etmək - respublikanın rayonlarında və şəhərlərində bədən tərbiyəsinin və idmanın inkişafı sahəsində geriliyi aradan qaldırmaq üçün partiya, sovet təşkilatlarımızdan, ictimai təşkilatlarımızdan tələb edilən bax budur”.

İndi, 1974-cü ildə keçirilmiş respublika partiya fəalları yığıncağının iyun ayının 21-də tamam olacaq 40-cı ildönümü ərəfəsində geriyə nəzər salıb keçilən yolu ötəri də olsa, xatırlamaq istəsək, qürurverici faktlar və hadisələr yada düşər. Heydər Əliyev Azərbaycana rəhbərliyinin artıq beşinci ilində idman həyatımızda ciddi dəyişikliklərə  səbəb olan və idmanımızın işıqlı gələcəyinə böyük inam yaradan çox mühüm addım atmışdı.

Fəallar yığıncağından keçən cəmi bir il ərzində paytaxtda 250 idman meydançası və şəhərciyi salındı. İndi Bakıdan başqa, respublikanın 36 rayonunda 59 uşaq-gənclər idman məktəbinin fəaliyyət göstərməsi də çox şeyə sübut idi. Həqiqətən də, ötən əsrin yetmişinci illərinin ikinci yarısı respublikada bədən tərbiyəsi və idmanın yüksəliş dövrü ilə əlamətdar oldu. Statistika da bunu inamla təsdiq edirdi: 1977-ci il yanvarın 1-dək Azərbaycanda 996,9 min idmançı (o cümlədən 262,5 min qadın), 2522 SSRİ idman ustası, 16 nəfər SSRİ əməkdar idman ustası, 10 SSRİ əməkdar məşqçisi, hər birində tribunaları 1500-dən çox tamaşaçı tutan 36 stadion, 2764 futbol, 4882 voleybol, 1662 basketbol meydançası, 86 atıcılıq tiri, 17 üzgüçülük hovuzu, 845 idman salonu var idi.

Bundan təxminən yarım il əvvəl, 1976-cı ilin yayında isə Azərbaycan üç idmançısının çox böyük uğuruna ürəkdən sevindi. Həndbol ustalarımız Rəfiqə Şabanova və Lyudmila Şubina Kanadanın Monreal şəhərində keçirilən Olimpiya oyunlarında SSRİ yığma komandası heyətində çempionluğu bayram etdilər, onların voleybolçu rəfiqəsi İnna Rıskal Olimpiadanın gümüş medalını qazandı. Olimpiya qəhrəmanları Bakıya qayıtdıqdan sonra respublikamızın rəhbəri Heydər Əliyev qızları qəbul edərək onların idman hünərini yüksək qiymətləndirdi.

Burada Azərbaycan idmanı mümayəndələrinin olimpiya zəfərindən 24 il sonra, 2000-ci ilin dekabrında aldığımız xəbəri bir daha məmnuniyyətlə xatırlatmaq istərdik: Beynəlxalq Voleybol Federasiyasının ekspertləri XX əsrdə dünyanın ən yaxşı qadın voleybolçularını müəyyənləşdirərkən kubalı Reqla Torresdən sonra ikinci yeri Azərbaycan idmanının yetirməsi, Mexiko və Münhen Olimpiya oyunlarının çempionu, Tokio və Monreal olimpiadalarının gümüş mükafatçısı İnna Rıskala vermişlər. Əlbəttə, çox böyük tarixi hadisə idi.

Məhz Rıskal, Şabanova və Şubinanın olimpiya uğurlarından sonra azərbaycanlı qızların voleybol və həndbola, elə idmanın bir sıra başqa növlərinə də marağı daha da artdı, yerlərdə yeni-yeni bölmələr açıldı, məşğələlərə təcrübəli mütəxəssislər cəlb olundu, onların apardıqları məqsədyönlü və müntəzəm məşqlər sayəsində yeni istedadlar meydana çıxdı. Qadınlardan ibarət voleybol, həndbol, otüstü xokkey komandalarımız SSRİ çempionatlarında Azərbaycanın şərəfini layiqincə qoruyurdular.

Respublika partiya fəalları yığıncağının qarşıya qoyduğu vəzifələr müvəffəqiyyətlə yerinə yetirilirdi. Azərbaycan partiya təşkilatı rəhbərinin yığıncaqda qeyd etdiyi bütün məsələlər – məktəblərdə, ali təhsil müəssisələrində, zavod və fabriklərdə sağlamlıq məşğələləri, qadın və qızların insan həyatının bu çox vacib sahəsinə fəal surətdə qoşulmaları və eyni zamanda, onların arasından ən istedadlıların seçilib məsul yarışlarda respublikanın şərəfini qoruyan yığma komandaların heyətinə cəlb edilməsi, məşğələlər üçün şəraitin durmadan yaxşılaşdırılması və s. məsələlərə geniş diqqət yetirilirdi.

Təbii ki, bu zaman milli oyunlarımız da unudulmurdu. Bir tarixi hadisə yaddaşımda özünə möhkəm yer etmişdir. Səhv etmirəmsə, ötən əsrin yetmişinci illərinin sonu, səksəninci illərin əvvəli idi. Atüstü oyunlar üzrə tanınmış mütəxəssis, respublikanın əməkdar məşqçisi Fikrət Hüseynovun təşəbbüsü ilə o zaman üçün çox qeyri-adi bir tədbir, Qazax - Bakı marşrutu üzrə atçılıq yürüşü keçirilirdi. Onda əməkdaşı olduğum “İdman” qəzeti redaksiyasının tapşırığı ilə yürüşün gedişini işıqlandırırdım və bu tədbirdən aldığım xoş təəssürat hissi heç vaxt məni tərk etmir. Otuz nəfərin starta çıxdığı yürüşdə onun iştirakçıları olduqları rayonlarda həm də çövkən, sürpapaq oyunlarını nümayiş etdirirdilər. Onların çıxışları marşrutun keçdiyi hər yerdə – Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gəncə, Qasım İsmayılov (indiki Goranboy), İsmayıllı, Göyçay, Şamaxı və digər rayonlarda yerli əhali tərəfindən böyük sevinclə, alqışlarla qarşılanırdı. Hər yerdə adamlar onlara böyük bir bayram yaşadan qoçaq çaparları gül-çiçəklə qarşılayır, oyunları maraqla izləyir, qədim ənənələrimizi davam etdirdiklərinə görə təşəkkür edirdilər, ağsaqqallar isə göz yaşlarını gizlədə bilmirdilər.

Sonralar yürüşün təşkilatçısı Fikrət Hüseynov 1998-ci ildə qələmə aldığı “Azərbaycan atçaparları və atüstü milli oyunlar” adlı kifayət qədər geniş həcmli kitabda tədbir iştirakçılarına və onun təşkilinə köməyini əsirgəməyən bütün insanlara bir daha minnətdarlığını bildirərək yazmışdır: – Respublikanın 14 rayonunun ərazisindən keçərək geniş təbliğat işi aparmış atçaparlarımızın mərdlik və fədakarlığı hörmət və məhəbbətə layiq idi. Bu gün həmin yürüşü xatırlayarkən qəlbim qürur və iftixar hissi ilə döyünür və ruhən rahatlıq tapıram. Axı bütün əziyyətlərə baxmayaraq, biz rayonlarda böyük təbliğat işi aparmış, Azərbaycan atlarını və milli xalq oyunlarımızın yeni həyatını yaşatmışdıq.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev respublikamıza rəhbərliyinin ikinci dövründə də bədən tərbiyəsi və idman işlərini daim diqqət mərkəzində saxlamaqla, bu mühüm sahəyə layiqli töhfələr vermişdir. Otuz yeddi il əvvəl, 1977-ci ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə inşasına başlanılan və 2004-cü il martın 10-dan bu dahi şəxsiyyətin adını daşıyan əzəmətli İdman - Konsert Kompleksi də idman ictimaiyyətimizə gözəl töhfə olmuşdur.

Ulu öndərin “Azərbaycan Prezidenti kimi şəxsən mən söz vermişəm və indi də bunu təsdiq edirəm ki, idmana xüsusi qayğını öz üzərimə götürmüşəm və əmin ola bilərsiniz ki, bu qayğını daim hiss edəcəksiniz” sözləri idman ictimaiyyətimiz tərəfindən minnətdarlıq hissi ilə qarşılanmışdır. Məhz bu böyük qayğının nəticəsidir ki, ölkəmizdə sağlam gənc nəslin yetişməsi, güclü ustaların hazırlanması, idmanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi, yeni-yeni idman komplekslərinin inşa edilməsi işi geniş vüsət almışdır.

Hazırda müstəqil dövlət olan Azərbaycanın dünya birliyinin bərabərhüquqlu bir üzvü kimi respublikamızın qüdrətini və imkanlarını inamla nümayiş etdirməsi, ümumdünya olimpiyaçılar ailəsində nümunəvi bir ölkə kimi tanınmasında Heydər Əliyevin müdrik siyasəti və yorulmaz fəaliyyəti müstəsna rol oynamışdır.

Respublika partiya fəalları yığıncağında bədən tərbiyəsi və idmanın insan həyatında böyük əhəmiyyətini xüsusi vurğulayan Heydər Əliyev idmançılarımızın yaddaşında onların ən yaxın dostu kimi yaşayır. Ümummilli lider beynəlxalq idman aləmində, ümumdünya olimpiyaçılar ailəsində də çox böyük nüfuz sahibi idi. Təsadüfi deyil ki, ulu öndər 1997-ci ildə Milli Olimpiya Komitələri Assosiasiyasının İslandiyanın paytaxtı Reykyavik şəhərində keçirilmiş baş məclisində “Olimpiya ləyaqəti” mükafatı ilə təltif edilmişdir. Bu ali mükafata idman, Olimpiya Hərəkatında böyük xidmətlərinə görə görkəmli dövlət xadimləri layiq görülürlər.

Bu sətirlərin müəllifinə Azərbaycan idmançılarının Olimpiya oyunlarında ilk dəfə müstəqil dövlətin nümayəndələri kimi təmsil etdikləri Atlanta Olimpiadasına Zuğulbadakı “Gənclik” düşərgəsindən yolasalınma mərasimində və elə həmin 1996-cı ildə nümayəndə heyətimiz okeanın o tayından qayıtdıqdan sonra isə Prezident Sarayında dövlət başçımız tərəfindən qəbulunda iştirak etmək imkanı nəsib olmuşdur. Dünya idmançılarının ən ali məclisinə Heydər Əliyevin xeyir-duası ilə yola düşən idmançılarımız elə ilk cəhddə ABŞ-dan Vətənə olimpiya medalı gətirməyi bacardılar. Sərbəst güləş ustası, müstəqil Azərbaycanın ilk olimpiya mükafatçısı Namiq Abdullayevin Atlanta xalçası üzərində qazandığı gümüş medal nəyə desən dəyərdi. Bu medal respublikamızı ümumkomanda hesabında 197 ölkə arasında 61-ci yerə çıxarmışdı.

Bu gün isə Azərbaycanın idman qənimətləri xəzinəsində artıq 26 Olimpiya medalı, o cümlədən Namiq Abdullayevlə stend atıcısı Zenfira Meftahəddinovanın 2000-ci ildə Sidneydə (Avstraliya), dörd il sonra yunan-Roma üsulu ilə güləşən Fərid Mansurovun Afinada (Yunanıstan), cüdoçu Elnur Məmmədlinin Pekin - 2008-də, sərbəst güləşənlər Toğrul Əsgərovla Şərif Şərifovun London - 2012-də qazandıqları altı qızıl mükafat vardır. Bu gün Azərbaycan bütün dünyada idman ölkəsi kimi tanınır. Bu gün respublikamıza tarixdə ilk Avropa Oyunlarının, Ümumdünya Şahmat Olimpiadasının, İslam Həmrəyliyi Oyunlarının təşkili etibar olunur.

Bütün bunlara aparan yol ötən əsrin yetmişinci illərinin ortalarında keçirilən və bədən tərbiyəsi - idmanın sürətli inkişafına güclü təkan verən respublika partiya fəalları yığıncağından başlamışdır. İndi, ümummilli liderin anadan olmasının 91-ci ildönümünü qeyd etdiyimiz günlərdə bir daha bu qənaətə gəlirik ki, Azərbaycan idmanı böyük şöhrətinə görə ulu öndərə minnətdar olmalıdır.

Qırx il əvvəl Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş həmin tarixi yığıncaqdan sonra Azərbaycan idmanında yaranmış xoş ənənələrin hazırda dövlətimizin başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin rəhbərliyi ilə inkişaf etdirilib daha da zənginləşdirilməsi, bunun üçün hər cür şərait yaradılması isə idmanımızın bəxtinin ikiqat gətirdiyini deməyə, onun sabahını daha böyük ümidlə gözləməyə tam əsas verir.

 

Oqtay BAYRAMOV,

respublikanın əməkdar jurnalisti,

 “Xalq qəzeti”

 

 

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında