“Tour d’Azerbaidjan-2014” veloyürüşü başa çatdı

Beynəlxalq Velosipedçilər İttifaqının (UCİ) 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turuna yekun vurulmuşdur. Dünən Bakıda keçirilən sonuncu, 5-ci mərhələ ilə velotur başa çatmışdır.

Velosipedçilər Bakıda keçirilən 202 kilometr uzunluğu olan 5-ci mərhələyə saat 9.00-da Azadlıq meydanından start vermişlər. Onlar Bakının mərkəzi küçələri və prospektlərindən keçərək Abşerona, oradan da Nardarana yürüş etmişlər. Ardınca yenidən başlanğıc nöqtəyə - Hökumət evinin qarşısına qayıdan idmançılar burada finiş xəttini keçmişlər.

Mərhələnin qalibi adına Fransanın “Team La Pomme Marseille 13” komandasının üzvü Jüstin Jül layiq görülmüşdür - 4 saat, 41 dəqiqə, 7 saniyə. Onun ardınca finiş xəttini veloyürüşün 3-cü mərhələsınin qalibi Yusif Reqiqi (“MTN-Qhubeka”, CAR) keçmişdir. İlk “üçlüyü” isə Adrian Honkiş (“CCC Polsat Polkowice”, Polşa) tamamlamışdır.

Yarışın yekun sıralanmasına əsasən, göy köynək (ümumi sıralanma) - İlnur Zakarinə (“RusVelo”, Rusiya), qırmızı köynək (ən yaxşı dağ yürüşçüsü) - Linus Gerdemanna (“MTN Qhubeka”, CAR), yaşıl köynək (ən yaxşı sprinter) - Vitali Butsa (“Kolss”, Ukrayna), ağ-bənövşəyi forma (ən yaxşı gənc velosipedçi) - Pobert Pauerə (Avstraliya milli komandası), göy-qırmızı-yaşıl, alov əksi olan forma (ən yaxşı azərbaycanlı velosipedçi) - Azərbaycanın U-23 milli komandasının üzvü Samir Cəbrayılova (“Synergy Baku”, Azərbaycan) tədqim edilmişdir.

Komanda hesabında birinci yeri Ukrayna “Kolss”u tutmuşdur. Azərbaycan təmsilçisi “Synergy Baku” isə 25 komanda arasında 10-cu olmuşdur. Qeyd edək ki, yarışda 22 ölkədən 8-i Pro-Kontinental olmaqla 25 komandanın tərkibində ümumilikdə 150 velosipedçi 5 gün ərzində 838 kilometr məsafəni qət etmişdir.

Mərhələnin qalibi Fransanın “Team La Pomme Marseille 13” komandasının üzvü Jüstin Jül sonuncu mərhələdə yoxuşların çox çətin olduğunu diqqətə çatdırmışdır. Lakin o, sonda komandanın birgə səylərilə mərhələni qalib kimi bitirə bilmişdir. J.Jül yarışın təşkilatçılığının yüksək səviyyədə olduğunu da vurğulamışdır.

Rusiyanın “RusVelo” komandasının üzvü İlnur Zakarin isə bildirmişdir ki, Bakı mərhələsi çox çətin olsa da, komanda yoldaşlarının dəstəyi sayəsində qalib adını qazanmışdır.

CAR-ın “MTN Qhubeka” komandasının üzvü Linus Gerdemann qeyd etmişdir ki, yarış onun komandası üçün çox yaxşı alınmış və onlar 2 mərhələnin qalibi olmuşlar. Son mərhələnin  çətinliyinə baxmayaraq,  komanda burada da yaxşı nəticə göstərmişdir.

Ən yaxşı gənc velosipedçi köynəyini almış Avstraliya milli komandasının üzvü Pobert Pauer isə bildirmişdir ki, bu, onun komandası üçün yaxşı nəticədir. Ən azından bir köynəyi qazanmışlar və o, bu nəticədən çox razıdır. Ən yaxşı sprinter köynəyini  almış Ukraynanın “Kolss” komandasının üzvü Vitali Buts xatırlatmışdır ki, yarışı uğurlu saymaq olar. Çünki yekunda yaşıl köynək əldə edilmişdir.

Yarışdan sonra yekunlarla bağlı mətbuat konfransı keçirilmişdir. Azərbaycan Velosiped İdmanı Federasiyasının (AVİF) vitse-prezidenti, “Tour d’Azerbaidjan-2014" veloyürüşünün təşkilat komitəsinin sədri Sahib Ələkbərov vurğulamışdır ki, 5 günlük mübarizədən sonra hamı müəyyən qədər yorğundur. AVİF adından hər bir komandaya, fəxri qonaqlara, iştirakçılara və mətbuat nümayəndələrinə dərin minnətdarlığını bildirən S.Ələkbərov ”Tour d’Azerbaidjan-2014" turunu dəyərləndirərək yarışın uğurla yekunlaşdığını diqqətə çatdırmışdır: “Veloyürüşü itkisiz, heç bir zədə olmadan başa vurduq. Bunun üçün köməyi olan hər bir şəxsə öz təşəkkürümü bildirirəm. Azərbaycanda bütün idman növlərinin inkişafı üçün hər bir şərait var və dövlət dəstəyi yüksəkdir”.

Federasiyanın vitse-prezidenti velosiped idmanı tariximizdə ilkə imza atdıqlarını da demişdir. Onun sözlərinə görə, turun son mərhələsinin 1,5 saatının “Eurosport” kanalı vasitəsi ilə canlı göstərilməsi və bütün dünyanın bunu izləməsi birinci dəfə məhz “Tour d’Azerbaidjan-2014"də reallaşmışdır.

Sahib Ələkbərov ənənəvi yarışın ildən-ilə inkişaf edəcəyini və daha yaxşı keçirilməsi istiqamətində çalışacaqlarını vurğulamışdır. O bildirmişdir ki, Azərbaycanda artıq yeni gənc velosipedçi nəsli yetişməkdədir. Bu yarışda Samir Cəbrayılov sübut etdi ki, respublikamızda  velosiped idmanının gələcəyi parlaqdır.

Avropa Velosiped İttifaqının vitse-prezidenti, Rusiya Velosiped İdmanı Federasiyası prezidentinin məsləhətçisi Aleksandr Qusyatnikov isə demişdir:  “Tour d’Azerbaidjan-2014”ün son mərhələsini Avropa Oyunlarına bir hazırlıq kimi qiymətləndirmək olar. Biz bunun şahidi olduq”...

Beş mərhələdən ibarət veloyürüşü canlı izləyən qurum rəsmisi təşkilatçılıqdan razı qalmışdır. A.Qusyatnikov daha sonra bildirmişdir:  AVİF bununla 2015-ci ildə təşkil olunacaq ilk Avropa Oyunlarına hazır olduğunu bir daha nümayiş etdirmişdir. Əmin olduq ki, Bakı həmin böyük yarışa hazırdır. Avropa Velosiped İttifaqı Azərbaycandakı inkişafdan razıdır və hər dəstəyi verir. Azərbaycanda idmana ölkə başçısı tərəfindən də böyük dəstək var. Tikilmiş çoxsaylı idman kompleksləri buna əyani sübutdur. Cəmi 2 yaşı olan velotur gənc nəslin özünü sübut etməsi üçün əla bir imkandır.

 

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında