“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin yeni baş icraçı direktoru Saymon Kleq ictimaiyyətə təqdim olunmuşdur

Britaniya Olimpiya Assosiasiyasının və İpsviç Şəhər Futbol Klubunun keçmiş baş icraçı direktoru Saymon Kleq “Bakı-2015" Avropa Oyunları Əməliyyat Komitəsinin (BAOƏK) baş icraçı direktoru vəzifəsinə təyin edilmişdir. O, bu posta Cim Şer vəzifəsindən getdikdən sonra təyin olunmuşdur. Mayın 8-də BAOƏK-in inzibati binasında S.Kleq ictimaiyyətə təqdim olunmuşdur.

“Bakı-2015”ə hazırlığın yüksək səviyyədə getdiyini diqqətə çatdıran S.Kleq Azərbaycanda idmana göstərilən dövlət qayğısını yüksək qiymətləndirmişdir. Bildirmişdir ki, dünyada çoxlu sayda irimiqyaslı turnirlər keçirilsə də, Avropa Oyunları kimi yarışların keçirilməsi təcrübəsi yoxdur. Lakin bu bizim qarşımıza çətinliklər çıxarmır. Çünki biz burada yeni ideyalar, yeni təşəbbüslər ortaya qoyuruq. “Bakı-2015”də qazanılacaq yeni təcrübələr gələcəkdə bu tipli yarışların keçirilməsində istifadə ediləcəkdir.

Olimpiya Oyunlarının hazırlığına 7 il vaxt sərf olunduğunu diqqətə çatdıran natiq “Bakı-2015”in təşkil olunması üçün 30 ay vaxt ayrıldığını söyləmişdir. Vurğulamışdır ki, bu tipli yarışların keçirilməsi üçün bir neçə il tələb olunur. Amma buna baxmayaraq peşəkar komandanın çalışdığı “Bakı-2015”də işlər uğurla davam etdirilir.

S.Kleq demişdir: “Avropa Oyunlarının keçirilməsi üçün müasir standartlara cavab verən məkanlar inanılmaz dərəcədə sürətlə tikilir. Əminəm ki, bu məkanlar vaxtında təhvil veriləcəkdir. Ancaq burada yalnız sürət məsələsi deyil, eyni zamanda, keyfiyyət məsələsi də nəzərə alınır. Azərbaycan belə məkanlar tikməklə keyfiyyətə investisiya yatırmış olur. Çünki bu məkanlar uzun illər Azərbaycanda idmanın inkişafına öz töhfəsini verəcəkdir”.

Azərbaycan idmançılarının “Bakı-2015”də yüksək nəticələr qazanacağına ümidvar olduğunu bildirən S.Kleq birinci Avropa Oyunları zamanı nəqliyyatla bağlı problemin olmayacağını qeyd etmişdir. Bildirmişdir ki, Avropa Oyunlarının keçirilməsi yay aylarına təsadüf edir. Yəni adətən yay aylarında insanlar istirahətə getdiyi üçün şəhərdə sıxlıq azalır. Lakin yenə də şəhərdə fəal həyatın davam etdiyini nəzərə alaraq, biz nəqliyyat işlərini də planlaşdırırıq. Hər hansı ciddi problemin meydana gələcəyini düşünmürəm.

Avropa Oyunları zamanı “İ-zona”ların fəaliyyət göstərəcəyini diqqətə çatdıran S.Kleq bunun bir yenilik olduğunu diqqətə çatdırmışdır. Vurğulamışdır ki, yarışdan sonra idmançılar “İ-zona”larda toplaşacaq və KİV nümayəndələri ilə rahat ünsiyyət qura biləcəklər.

S.Kleq “Bakı-2015”də təhlükəsizlik, otel, kommunikasiya və nəqliyyat baxımından heç bir problemin olmayacağını demişdir.

Qeyd edək ki, birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən-28-dək olan tarixlərində keçiriləcəkdir. Yarış 19 idman növünü əhatə edəcəkdir. Bunlardan 16-sı Olimpiya idman növü və üçü qeyri-olimpiya idman növü olacaqdır. Altı mindən artıq idmançının mübarizə aparacağı “Bakı-2015”də səkkiz idman növü 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunları üçün təsnifat xarakteri daşıyacaqdır.

AzərTAc

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında