“Tour d’Azerbaidjan” veloyürüşü ölkəmizin beynəlxalq arenada tanıdılmasına xidmət edən mühüm bir tədbirdir

Mayın 7-dən 11-dək ölkəmiz daha bir nüfuzlu beynəlxalq idman yarışına ev sahibliyi edəcək. Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan” beynəlxalq veloturunun keçirilməsi ilə əlaqədar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunmuş mətbuat konfransında  federasiyanın vitse-prezidenti Sahib Ələkbərov  veloturla əlaqədar görülən işlər, eləcə də Azərbaycan velosipedçilərinin hazırlıq səviyyəsi ilə bağlı ətraflı məlumat verdi.

Azərbaycanda belə bir veloyürüşün keçirilməsinin artıq ənənə halı aldığını vurğulayan natiq  iki il əvvəl 23 yaşadək gənclər arasında ilk veloyürüşün, bir il sonra isə kontinental komandalar arasında beynəlxalq “Tour d’Azerbaidjan” yarışının təşkil edildiyini diqqətə çatdırdı. Natiq bildirdi ki, hər iki yarışın təşkili Beynəlxalq Velosipedçilər İttifaqı tərəfindən bəyənildiyi üçün  bu il bizim təklifimiz qəbul edilərək “Tour d’Azerbaidjan” veloyürüşünün səviyyəsi artırılmış və ona 2.1 kateqoriyası verilmişdir. Bu isə o deməkdir ki, Azərbaycanda keçiriləcək builki turda yalnız kontinental və milli komandalar deyil, həm də peşəkar kontinental komandalar iştirak edə biləcəklər.

Qeyd olundu ki, Azərbaycana gəlişi təsdiqlənmiş 22 ölkəni təmsil edən 25 komandadan 8-i - “MTN-Qhubeka” (CAR), “Caja Rural-Seguros RGA” (İspaniya), “Neri Sottoli”, “Androni Giocattoli” (İtaliya), “Drapac Professional Cycling” (Avstraliya), “Team Novo Nordisk” (ABŞ), “Rusvelo” (Rusiya) və “CCC Polsat-Polkowice” (Polşa) məhz pro-kontinental lisenziyalıdır. Dünyada mövcud olan 17 pro-kontinental komandadan 8-nin bizim turda iştirakı özlüyündə müsbət göstəricidir.

S. Ələkbərov bildirdi ki, hazırda turun təşkilat komitəsi tərəfindən marşrutlar boyunca yolların və onların ətrafının yürüş üçün hazırlanması, təhlükəsizlik tədbirlərinin görülməsi, komandaların və çoxsaylı texniki heyətin hazırlığı və fəaliyyəti üçün şəraitin yaradılması, turun işıqlandırılması məqsədilə müvafiq texniki proseslər və digər işlər başa çatdırılmaq üzrədir.

Mətbuat konfransında diqqətə çatdırıldı ki, yarışda birinci mərhələ Dövlət Bayrağı Meydanından start götürərək Qaradağ, Abşeron, Binəqədi rayonlarının ərazilərindən keçməklə Sumqayıt şəhərində yekunlaşacaq. Sonuncu–beşinci mərhələdə isə  velosipedçilər Azadlıq meydanından start götürərək Zığ şosesi, Qala yolu, Şüvəlan, Mərdəkan, Buzovna, Zuğulba, Bilgəh, Nardarana qədər gedərək geriyə dönəcək və aeroport yolundan keçməklə Heydər Əliyev prospekti ilə yenidən Azadlıq meydanına qayıdacaq. İdmançılar daha sonra  Neftçilər prospekti tərəfdən İçərişəhərə daxil olaraq paytaxtımızın mərkəzi küçələri ilə 6 dəfə dövrə vuraraq Hökumət evinin qarşısında finiş xəttini keçəcəklər. Turun 2, 3 və 4-cü mərhələlərinin marşrutları, demək olar ki, əvvəlki kimi qalmışdır. Beləliklə, yarış iştirakçıları tarixi və müasir memarlıq nümunələrinin vəhdəti ilə göz oxşayan Bakı və Sumqayıt şəhərləri, qədim İçərişəhər, eləcə də Böyük Qafqaz dağları, öz füsunkar təbiəti ilə seçilən Qobustan, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz, Şəki rayonları ilə tanış olacaqlar.

Mətbuat konfransında Azərbaycanı bu yarışda təmsil edəcək “Synergy Baku” komandası haqqında, eləcə də bu səviyyəli velosiped idmanı turlarının işıqlandırılması, yarışla əlaqədar Bakı şəhərində nəqliyyatın hərəkətinin məhdudlaşdırılması, ölkəmizdə  velosiped idmanının inkişafı üçün görülən tədbirlər barədə suallar ətraflı cavablandırılmışdır.

 

Vaqif BAYRAMOV, “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında