Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda Beynəlxalq yarışın final mərhələsinin açılışı olmuşdur

 

 

Mayın 5-də Naxçıvan şəhərindəki İlham Əliyev adına Olimpiya-İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda Beynəlxalq yarışın final mərhələsinin açılış mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən  bildirmişlər ki, açılış mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov çıxış edərək demişdir ki, son illər Prezident İlham Əliyevin diqqət və qayğısı nəticəsində Azərbaycan idmanı öz inkişafının yeni mərhələsinə qədəm qoymuşdur. Ölkəmizin bütün bölgələrində müasir idman infrastrukturu yaradılmış, yeni olimpiya-idman kompleksləri tikilərək istifadəyə verilmiş, bu sahənin maddi-texniki bazası gücləndirilmişdir. Yaradılan şəraitin nəticəsidir ki, hər il Azərbaycanda nüfuzlu beynəlxalq idman tədbirləri keçirilir. Azad Rəhimov sərbəst güləş üzrə gənclər arasında keçirilən “Naxçıvan kuboku” uğrunda beynəlxalq turniri ölkəmizin idman həyatında əlamətdar hadisə kimi dəyərləndirmişdir.

Beynəlxalq yarışda Azərbaycan Güləş Federasiyasının birinci vitse-prezidenti, olimpiya çempionu Namiq Abdullayev çıxış edərək demişdir ki, ölkəmizdə digər idman növləri ilə yanaşı, güləşin inkişafı istiqamətində də ardıcıl tədbirlər həyata keçirilir. Bildirilmişdir ki, Naxçıvanda keçirilən Beynəlxalq yarış idmanın inkişafına göstərilən qayğının əyani ifadəsidir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda Beynəlxalq yarışın iştirakçılarını salamlamış, idmançılara uğurlar arzulayaraq demişdir: “Sərbəst güləş üzrə beynəlxalq yarışın Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunması və onun dünyaya göz açdığı qədim Naxçıvanda keçirilməsi bu yarışın məna və əhəmiyyətini artırır. Ümummilli liderimiz Azərbaycanın rəhbəri olduğu bütün dövrlərdə idmanın inkişafına çalışmış, bu istiqamətdə ardıcıl tədbirlər görmüşdür. Ölkəmizin bölgələrində idman kompleksləri, meydançalar tikilmiş, idman-sağlamlıq mərkəzləri yaradılmışdır. Ümummilli liderimiz idmanın inkişafının zəruri olduğunu bildirərək deyirdi: ”Əhalinin fiziki sağlamlığının qorunub saxlanılmasında və möhkəmləndirilməsində, gənc nəslin daha sağlam və güclü olmasında idmanın müstəsna rolu vardır”.

Ali Məclisin Sədri demişdir: “Ulu öndərin müəyyənləşdirdiyi dövlət idman siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirilir. Ölkəmizdə idman özünün yeni inkişaf mərhələsinə qədəm qoymuş, Azərbaycan dünyanın nüfuzlu idman mərkəzinə çevrilmişdir. Bu gün ölkəmizdə sağlam gənclik və perspektivli idmançılar nəsli yetişir. İdmançılarımız Olimpiya oyunlarında, beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında böyük uğurlar qazanır, Azərbaycanın idman nüfuzunu daha da yüksəldirlər”.

Qeyd olunmuşdur ki, Naxçıvan Muxtar Respublikasında da idmanın inkişafı dövlət səviyyəsində himayə olunur. Artıq muxtar respublikada beynəlxalq səviyyəli idman yarışlarının keçirilməsi ənənə halı almışdır. Bu, bir tərəfdən istedadlı idmançılar nəslinin yetişməsi ilə bağlıdırsa, digər tərəfdən yaradılan müasir idman infrastrukturu ilə əlaqədardır.

Ali Məclisin sədri yarış iştirakçılarına müraciətlə demişdir ki, siz bu beynəlxalq yarışda iştirakınızla idmanın sülhə və xalqlar arasında əmin-amanlığa göstərdiyi əvəzsiz xidməti nümayiş etdirirsiniz. Yaşadığımız narahat dünyada qələbənin yalnız bir yolu vardır. O da idman meydançasında, sağlam mübarizə şəraitində mümkündür. İnanırıq ki, “Naxçıvan kuboku” uğrunda Beynəlxalq yarış bir daha bu şərəfli missiyaya xidmətin əyani nümunəsi olacaqdır.

Ali Məclisin sədri idmançılara qələbə arzulamış, təşkilatçılara təşəkkürünü bildirmiş və ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş gənclər arasında sərbəst güləş üzrə “Naxçıvan kuboku” uğrunda Beynəlxalq yarışın final mərhələsini açıq elan etmişdir.

Sonra Azərbaycan Respublikasının Dövlət himni səsləndirilmişdir.

Açılış mərasimində Beynəlxalq yarışa həsr edilmiş konsert proqramı olmuşdur. Konsertdə Naxçıvan Dövlət Filarmoniyasının mahnı və rəqs ansamblının, müğənnilərdən Zamiq Hüseynovun, Günay İbrahimlinin və Səbinə Babayevanın çıxışları alqışlarla qarşılanmışdır.

Konsert proqramından sonra sərbəst güləş üzrə gənclər arasında “Naxçıvan kuboku” uğrunda Beynəlxalq yarışın final mərhələsinin görüşləri keçirilmişdir. A və B yarımqruplarında komanda sistemi üzrə keçirilən yarışda 6 xarici ölkədən - Türkiyə, Qazaxıstan, Özbəkistan, Ukrayna, Rusiya, Gürcüstan, eləcə də Azərbaycan və onun Naxçıvan Muxtar Respublikasından olan 85 idmançı 8 çəki dərəcəsində mübarizə aparmışlar. Mayın 4-dən start götürən yarışları iştirakçı ölkələri təmsil edən 12 hakim idarə etmişdir.

Beynəlxalq yarışın gedişi “İdman Azərbaycan” televiziya kanalı və Naxçıvan Dövlət Televiziyası ilə canlı yayımlanmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında