Prezident İlham Əliyev: Avropa Oyunları böyük bir sınaq, böyük bir çağırışdır

 

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin  birinci rübünün sosial-iqtisadi inkişafının  yekunlarına və qarşıda duran vəzifələrə  həsr olunmuş iclasında dövlətimizin başçısı öz yekun nitqində tarixdə ilk dəfə keçiriləcək və təşkili gözəl paytaxtımız Bakıya etibar olunmuş Avropa Oyunlarına hazırlıq işləri  üzərində  də dayanmışdır.

Dövlət başçısı demişdir: “Biz artıq bu il birinci Avropa Oyunlarına  hazırlığın həlledici mərhələsinə  qədəm qoyuruq. Bu yaxınlarda  Avropa Olimpiya Komitəsinin prezidenti və Koordinasiya Komitəsi Bakıda idilər. Bakıda hazırlıqla bağlı gedən işlərə çox yüksək qiymət verdilər. Bütün idman obyektlətrində tikinti işləri gedir. Olimpiya Stadionu, Su İdmanı Sarayı, Gimnastika Arenası, Atıcılıq Mərkəzi tikilir. Digər obyektlərdə təmir işləri aparılır, yollar çəkilir. İdmançılar üçün Olimpiya Şəhərciyi  demək olar ki, hazırdır. Yəni, biz hazırlıq işlərini  davam etdiririk, aparırıq”.

Avropa Olimpiya Komitəsi (AOK)  bu gün adı  dünyanın ən qüdrətli  idman dövlətləri sırasında  çəkilən, həyatın digər sahələrində də böyük nailiyyətləri ilə  beynəlxalq aləmdə nüfuzunu  gündən-günə artıran  Azərbaycan Respublikasına və dünyanın ən müasir şəhərlərindən birinə çevrilməsi ilə  haqlı olaraq qürur duyduğumuz Bakıya yüksək etimad göstərib paytaxtımıza çox şərəfli bir işin  təşkilini  həvalə edərkən respublikamızın imkanlarını, əlbəttə,  hərtərəfli öyrənmişdir. Nəticədə AOK  2012-ci il  dekabrın 8-də Romada keçirilmiş özünün  41-ci  Baş  Assambleyasında  birinci Avropa Oyunlarının  2015-ci ildə Azərbaycanda təşkili haqqında  böyük  səs çoxluğu  ilə  qərar  qəbul etmişdir.

Avropa Olimpiya Komitəsi üzvlərinin bu qərarı onların Azərbaycanı sürətlə inkişaf edən güclü ölkə kimi tanımasının, idman adamlarımızın buna qədər respublikamızda keçirilmiş çoxsaylı mötəbər beynəlxalq yarışları, o cümlədən dünya və Avropa çempionatlarını, Olimpiya təsnifat turnirlərini, müxtəlif növlər üzrə “Qran-Pri”ləri arzuolunan səviyyədə təşkil etmək bacarığına inamının ifadəsi idi.

Azərbaycanın ölkəmizə göstərilmiş yüksək etimada necə böyük məsuliyyətlə yanaşdığına belə bir fakt sübutdur ki, AOK-un qərarından artıq bir ay sonra, daha dəqiq desək, 2013-cü il yanvarın 17-də Avropa Oyunlarının Təşkilat Komitəsi yaradılmışdır. Bundan iki həftə sonra, fevralın 2-də Prezident İlham Əliyevin sədrliyi ilə Təşkilat Komitəsinin ilk iclası keçirilmişdir. İndi həmin gündən cəmi bir ildən bir qədər çox vaxt keçsə də, bu qısa müddət ərzində Azərbaycanın birinci xanımı, Milli Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Təşkilat Komitəsinin gördüyü böyük işlər göz qabağındadır.

Bu günlər yolu metronun “Koroğlu” stansiyasının yanından düşənlər cənab Prezidentin Nazirlər Kabinetinin iclasındakı nitqində adlarını çəkdiyi yeni inşa olunan idman obyektlərindən ikisinin – Olimpiya Stadionu və Gimnastika Arenasının tikintisində işlərin necə sürətlə getdiyini, ətraf ərazinin simasının tamamilə dəyişdiyini görür və təbii ki, buna sevinməyə bilməzlər. Azərbaycan futbolunun 100 yaşının tamam olduğu günlərdə, 2011-ci il iyunun  6-da paytaxtımızda keçirilən yubiley tədbirləri çərçivəsində təməlqoyma mərasimində FİFA prezidenti Yozef  Blatter və UEFA prezidenti Mişel Platininin də iştirak etdikləri Olimpiya Stadionu ən müasir standartlara uyğun şəkildə qurulur və ölkəmizdə ən böyük stadion olacaq. Onun açılış mərasiminin idmanımız üçün necə böyük bir bayrama çevriləcəyini təsəvvür etmək çətin deyil. Elə inşası yenicə başa çatdırılan Milli Gimnastika Arenasının da tikintisində ən qabaqcıl təcrübədən istifadə olunmuşdur. Aprelin 16-da  Azərbaycan Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın iştirakı ilə açılışı olmuş bu arenanın gözəlliyinə, müasirliyinə heç kim biganə qalmayacaq. Artıq bu il iyunun ortalarında bədii gimnastika üzrə Avropa çempionatının gedişini izləmək üçün Gimnastika Arenasına gələcək idman həvəskarları, eləcə də qarşıdakı yarışın iştirakçıları və qonaqları, şübhəsiz, ondan böyük zövq alacaqlar. Hələlik isə bu gözəl qurğu aprelin 21-də keçiriləcək bədii gimnastika üzrə Azərbaycan çempionatının iştirakçılarını qəbul etməyə hazırlaşır.

Bakıda Avropa Oyunlarının başlanmasına hələ 14 ay qalsa da, qitəmizin ən yaxşı idmançılarının bu ali məclisində hər şeyin həmişəkindən də yüksək səviyyədə olacağı heç kimdə şübhə doğurmur. Məsələn, Rusiya Milli Olimpiya Komitəsinin prezidenti Aleksandr Jukov ötən ilin noyabrında Avropa Olimpiya Komitəsinin Romada keçirilmiş 42 – ci Baş Assambleyasını şərh edərkən Bakıda təşkil olunacaq Avropa Oyunlarının təqdimatına da toxunaraq demişdir: – Assambleyada çox maraqlı  təqdimatlar, o cümlədən Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı oldu. Mən deyərdim ki, Azərbaycan paytaxtı bu Oyunlara artıq hazırdır. Yeni idman qurğuları tikilir və güman etmək olar ki, ilk Avropa Oyunları müvəffəqiyyətlə keçiriləcəkdir.

Rusiya idmanında daha bir məşhur sima, bədii gimnastika üzrə Olimpiya çempionu Marina Lobaç da bu yaxınlarda öz ölkəsinin mətbuatına müsahibəsində Azərbaycanın Avropa Oyunlarına hazırlığı haqqında böyük həvəslə danışmışdır:

– Azərbaycanda bizim idman növü ilə fəal surətdə məşğul olmağa başlamışlar. Gələn il Avropa Oyunlarını keçirəcək Azərbaycanda inanılmaz idman kompleksləri inşa edilir.

Göründüyü kimi, Azərbaycanda birinci Avropa Oyunlarına hazırlıq beynəlxalq idman dairələrinin də diqqət mərkəzindədir və işlərin gedişi hamıda rəğbət hissi yaradır. Axı, hər bir işdə gözəllik insanlara sevinc bəxş edir.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında söylədiyi nitqdə qətiyyətlə bildirmişdir: “ Bir daha demək istəyirəm ki, biz bu Oyunları Olimpiya Oyunları səviyyəsində keçirmək istəyirik. Bəziləri bilmirlər ki, bu Oyunlar həm idman növlərinin və həm də idmançıların sayına görə Olimpiya Oyunlarına çox yaxındır. Hazırlıq və tikinti baxımından Qış Olimpiya Oyunlarından daha böyükdür. Bizdə gələn il yarışacaq idmançıların sayı Qış Olimpiya Oyunlarında idmançıların sayından 2 dəfə çoxdur. Ona görə bu, böyük bir sınaqdır, böyük bir çağırışdır. Nəzərə alsaq ki, Yay Olimpiya Oyunlarına hazırlıq müddəti 7 ildir, bizdə isə cəmi 2 il yarımdır. Ancaq biz güclü dövlətik, bizdə bütün işlər düzgün təşkil olunur və həll edilir. Güclü siyasi iradə, texniki imkanlarımız vardır, səfərbərlik təmin edilibdir. Yəni, bu Oyunları biz elə keçirəcəyik ki, bu, gələcək Olimpiya Oyunları üçün də nümunə olsun. Azərbaycan özünü dünyaya yenidən müasir, dinamik inkişaf edən, güclü dövlət kimi təqdim edəcəkdir. İlin sonuna qədər görüləsi işlər çoxdur. Bu işləri görmək üçün sizin hamınıza uğurlar arzu edirəm.”

Azərbaycan çətin sınaqlardan – dünyanın ən mötəbər yarışlarından şərəflə çıxmaq bacarığı, bu gün sayı 40-dan çox olan bir-birindən gözəl Olimpiya idman kompleksləri və öz mütəxəssislərinin yüksək təşkilatçılıq fəallığı ilə hamını valeh etməklə, nümunəvi bir ölkəyə çevrilmişdir. Təsadüfi deyil ki, ölkəmiz Avropa Oyunlarından sonra, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasının , bundan bir il sonra isə IV İslam Həmrəyliyi Oyunlarının da təşkilatçısı olmaq hüququ qazanmışdır. Bütün bunlar təkcə Avropada deyil, bütün dünyada ölkəmizə, onun idman təşkilatlarına göstərilən yüksək etimadın parlaq təzahürüdür.

Bakıda Avropa Oyunlarının proqramı artıq bildiyiniz kimi, çox zəngin olacaq. Paytaxtımızda idmanın 19 növü üzrə yarışlarda 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyi gözlənilir. Oyunlarda səkkiz növdə 2016-cı ildə Rio-de Janeyroda (Braziliya) keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına lisenziyalar da sahiblərini tapacaq. Bu isə paytaxtımızın idman meydanlarında mübarizənin çox gərgin keçəcəyini və təbii ki, startlara böyük maraq göstəriləcəyini düşünməyə ciddi əsas verir.

Azərbaycan da öz növbəsində tarixin səhifələrində birinci Avropa Oyunları kimi yaşayacaq çox mötəbər bir yarışı bütün əvvəlki dünya və Avropa çempionatlarından, Olimpiya təsnifat turnirlərindən də yüksək səviyyədə, hamının alqışına layiq bir şəkildə keçirməklə bütün dünyaya bir daha qətiyyətlə bəyan edəcək ki, ölkəmiz çox şeyə qadirdir, hətta Yay Olimpiya Oyunlarının da təşkilatçısı olmağa layiqdir. Şübhəsiz, “Bakı-2015” idman ictimaiyyətimizi bu arzusuna yaxınlaşdıracaq, bütün ölkəmizin beynəlxalq nüfuzunu daha da artıracaqdır.

Bu günlər anadan olmasının 91-ci ildönümünü qeyd etməyə hazırlaşdığımız ümummilli lider Heydər Əliyevin 2002-ci ilin noyabrında Şəki Olimpiya İdman kompleksinin açılış mərasimində dediyi kimi, “ İdman, eyni zamanda, həqiqətən, hər xalqın, millətin başqa xalqlar içərisində şöhrətini yüksəldən sahələrdən biridir. İstəyirik ki, bizi hər yerdə tanısınlar, hər yerdə bilsinlər ki, Azərbaycan nəyə qadirdir və nədən ibarətdir”.

Ulu öndərin bu arzusu böyük müvəffəqiyyətlə həyata keçirilir. Azərbaycan idmançılarının, demək olar, hər gün müxtəlif ölkələrdə müxtəlif miqyaslı yarışlarda qazandıqları qələbə və medallar, beynəlxalq idman dairələrində ölkəmizə göstərilən yüksək etimad, tarixdə ilk Avropa Oyunlarının təşkili hüququ Azərbaycanı bütün dünyaya daha da yaxından tanıdır.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında