“Qarabağ” zirvəsi

 

 

 

Topaz Premyer Liqasında finişə turnir cədvəlinin ən yüksək pilləsində Ağdam klubunun çatacağına, deyəsən, heç bir şübhə yeri qalmayıb. Turdan-tura pərəstişkarlarını daha sanballı oyun və daha inamlı qələbə ilə sevindirən Qurban Qurbanovun yetirmələri artıq çempionluğun astanasındadırlar və onların qızıl medalları bayram edəcəkləri gün uzaqda deyil.

Otuzuncu tur “Qarabağ”ı məqsədə bir qədər də yaxınlaşdırmış və onunla cədvəldə ən yaxın izləyiciləri arasındakı fərqi nə az, nə də çox – düz 13 xala çatdırmışdır. Çempionata yekun vurulub hər şeyin qəti şəkildə öz yerini tutmasına hələ altı tur qalsa da, liderin mövqeyi çox möhkəmdir və onun zirvədən sıxışdırıla biləcəyini düşünmək ağlabatan iş deyil. Hesabat turunda “Rəvan” üzərində qazanılmış böyük hesablı (5:1) qələbədən sonra “Qarabağ” xal ehtiyatını 67-yə çatdıraraq bütün rəqibləri üçün, demək olar, əlçatmaz olmuşdur.

Gümüş medallar uğrunda rəqabət isə, əksinə, daha da kəskinləşmişdir. Qələbənin qiymətinin, əslində, 6 xala bərabər olduğu görüşdə “İnter”in “Neftçi”ni məğlubiyyətə uğratması (2:1) bu rəqiblərin imkanlarını bərabərləşdirmişdir. İndi onların hər ikisinin 54 xalı vardır və görünür, ikinci yerin sahibi yalnız finişdə müəyyənləşəcək.

Turun qalan üç görüşündə komandalardan heç biri digəri üzərində üstünlüyünü sübuta yetirə bilməmiş və rəqiblər hərəyə bir xalla kifayətlənməli olmuşlar: “Bakı”-"Xəzər-Lənkəran"-2:2, “Sumqayıt”-"Simurq"-1:1, “Qəbələ”- AZAL-0:0.

Çempionatda növbəti oyunlar təqvimdə aprelin 20-nə təyin edilmişdir. Həmin gün 31-ci tur çərçivəsində azarkeşlər “Xəzər-Lənkəran”-AZAL, “Rəvan”-"Qəbələ", “Simurq”-"Qarabağ", “Neftçi”-"Sumqayıt" və “Bakı”-"İnter" görüşlərini izləmək imkanı qazanacaqlar. Əlbəttə, medallar uğrunda mübarizə baxımından son üç oyun daha böyük maraqla gözlənilir.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında