Zərbələriniz yenə dəqiq olsun, əziz "Qarabağ"lı futbolçular!

Son iki ildə pərəstişkarlarına, bütün Azərbaycan xalqına böyük qələbələrin hədsiz sevincini yaşatmış Ağdamın "Qarabağ" komandası çox çətin, olduqca mühüm bir sınaq ərəfəsindədir.
Ağdam futbolçuları sonuncu dünya çempionatının bürünc mükafatçısı Almaniya yığmasının vətənində bu ölkənin, eləcə də Avropanın sayılıb-seçilən klublarından olan "Borussiya" (Dortmund) ilə Avroliqanın pley-off mərhələsinin birinci "raundu" çərçivəsində oyunda meydana çıxıb rəqibə layiqli müqavimət göstərməyə, qrup mərhələsinə daha da yaxınlaşmaq üçün bütün qüvvə və bacarıqlarını gərgin mübarizəyə sərf etməyə hazırdırlar.
Azərbaycanın bütün futbol ictimaiyyəti də öz növbəsində möhkəm əmindir: "Qarabağ" daha bir qəhrəmanlıq göstərə bilər. Belə düşünmək üçün ciddi əsas var. İndiki mövsümdə Avroliqanın təsnifat yarışlarının üç mərhələsində bir dəfə də uduzmayıb, altı görüşdə dörd qələbə qazanan və iki dəfə heç-heçə oynayan Ağdam klubu bu matçların heç birində meydanı qol vurmadan tərk etməmiş, rəqiblərini üst-üstə 12:6 hesabı ilə məğlubiyyətə uğratmış, orta hesabla hər görüşdə iki qolun sevincini yaşamışdır.
Deməli, bu gün də sevimli komandamızdan məhsuldar oyun və sərfəli nəticə gözləməyə ümid etmək olar. Düzdür, həmin 12 qoldan beşinin müəllifi Əfran İsmayılov zədəli olduğundan Dortmundda komandasına kömək edə bilməyəcək. Ancaq artıq hamı yaxşı bilir ki, Ağdam klubunda digər oyunçular da qol vurmağı bacarırlar. Bu gün bu işin öhdəsindən gəlməyə Rauf Əliyev, Rəşad Sadiqov, Georgi Adamiya, Rəşad Sadıqov, Emin İmaməliyev, Elvin Məmmədov və onların oyundaşlarının da ustalığı çatar. Çox səmimi və əzmkar kollektiv kimi formalaşan "Qarabağ" istedadlı məşqçi Qurban Qurbanovun seçəcəyi taktikanı "Borussiya"nın da meydanında təmkinlə, ağıllı oyun və fədakar mübarizə əzmi ilə həyata keçirməyə qadirdir.
Beləliklə, top Dortmundun "Siqnal İduna Park" stadionunun yaşıl meydançasının mərkəzindədir. İki gün əvvəl 39 yaşı tamam olmuş rumıniyalı hakim Pavel Kristian Balayın start işarəsinə artıq saatlar qalır. Almaniyaya aparan yolda "Metallurq"un (Makedoniya) qapısından iki oyunda 5 top keçirmiş, "Portadaun"u (Şimali İrlandiya) üç qolla məyus etmiş, "Visla"nı (Polşa) dörd dəfə oyuna meydanın mərkəzindən başlamağa məcbur etmiş Ağdamın "Qarabağ" komandası "Borussiya"nın da qapısına yol tapmaq əzmindədir. Bu görüşdə topa ilk zərbə isə artıq bildiyiniz kimi, Bakı vaxtı ilə gecəyarısı - 00:05-də endiriləcək. Zərbələriniz yenə dəqiq olsun, əziz "Qarabağ"lı futbolçular!

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında