Sergey Karyakin: “Vüqar Həşimovun xatirə turnirində oynamamağa mənim mənəvi haqqım yoxdur”

Bu yaxınlarda Xantı-Mansiyskdə (Rusiya) keçirilmiş iddiaçıların şahmat üzrə dünya birinciliyi uğrunda turnirində yalnız hindistanlı keçmiş dünya çempionu Vişvanatan Ananddan geri qalıb ikinci yeri tutmuş rusiyalı məşhur zəka sahibi Sergey Karyakin azərbaycanlı qrossmeyster Vüqar Həşimovun hələ sağlığında həmvətənimizin yüksək səviyyəli oyunu və əsl insani keyfiyyətləri haqqında dəfələrlə xoş sözlər söyləmiş, onunla dostluq etdiyini, Vüqar xəstəliklə əlaqədar  yarışlardan kənar qaldıqda isə şahmatçımız üçün çox darıxdığını bildirmişdi. Karyakin iddiaçıların turnirindən dərhal sonra “Rossiyskaya qazeta”ya müsahibəsində də gələcək planlarından danışarkən Vüqar Həşimova böyük hörmət və ehtiramını bir daha ifadə etmişdir:

– Açıq desəm, çox yorulmuşam və bir qədər istirahət etmək istərdim. Lakin mənim səviyyəmdə olan qrossmeysterlərin öhdəlikləri var, odur ki, oynamaq lazımdır. Rusiyanın komanda çempionatında iştirak etmək üçün Loo şəhərinə (Soçi yaxınlığında yerləşir – O.B.) yola düşürəm. Ümid edirəm ki, Yekaterinburqun “Malaxit” komandasının kapitanı mənə heç olmasa start turlarında istirahət etmək imkanı verəcək. Sonra Vüqar Həşimovun xatirəsinə həsr edilən turnirdə oynamaq üçün Azərbaycana gedəcəyəm. Bu turniri buraxmağa mənim mənəvi haqqım yoxdur.  Həyatdan tez gedən Vüqar yaxın dostum idi.

Bu arada Karyakinin haqqında danışdığı xatirə turnirinə çox yaxınlaşmışıq. Şəmkirdəki Heydər Əliyev Mərkəzində keçiriləcək və bütün Azərbaycanda böyük maraqla gözlənilən yarışda rusiyalı qrossmeysterlə yanaşı, İtaliya, ABŞ, Çin, Ukrayna, Fransa və Polşadan bir-birindən məşhur şahmat ustaları böyük məmnuniyyətlə oynamağa razılıq vermişlər.

Xatırlatmaq yerinə düşər ki, Şəmkir turniri iki qrupda keçiriləcəkdir. “A” qrupunda Karyakin, həmyerlilərimiz Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovla yanaşı, dünya çempionu Maqnus Karlsen (Norveç), italiyalı Fabiano Karuana və ABŞ təmsilçisi Hikaru Nakamura çıxış edəcəklər. Təşkilatçılar bu turnir üçün 100 min avro məbləğində mükafat fondu təsis etmişlər.

Mükafat fondu 30 min avro olan “B” turnirində isə birincilik uğrunda on rəqib mübarizə aparacaq. Onlardan beşi Azərbaycan şahmat məktəbinin yetirmələri Rauf Məmmədov, Eltac Səfərli, Qədir Hüseynov, Vasif Durarbəyli və Nicat Abbasovdur. Daha beş iştirakçı çinli Van Hao, ukraynalı Pavel Elyanov, fransız Etyen Bakro, polyak Radoslav Voytaşek və sonuncu Avropa çempionu Aleksandr Motılyov (Rusiya) olacaq.

Xatirə turnirinin açılış mərasimi aprelin 19-na təyin edilmişdir. Birinci turun görüşləri aprelin 20-də  keçiriləcəkdir.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında