Xəbər verdiyimiz kimi, aprelin 6-dan 11-dək Türkiyənin Antalya şəhərində dünyanın 80-dək ölkəsinin 3 minə yaxın idman nümayəndəsinin iştirak etdiyi V Beynəlxalq “SportAccordConvention” konvensiyası keçirilir.
Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, MOK-un Beynəlxalq Əlaqələr İdarəsinin rəisi Könül Nurullayeva, “Bakı-2015" ilk Avropa Oyunlarının əməliyyat şirkətinin icraçı direktorunun müavini Cim Şerr və başqaları iştirak edirlər.
Aprelin 8-də tədbir çərçivəsində 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarının təqdimatı olmuşdur. Təqdimatı Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov etmişdir.
Nazir Azad Rəhimov bildirmişdir ki, xalqımız ilk dəfə keçiriləcək Avropa Oyunlarına ev sahibliyi etməkdən böyük fərəh hissi duyur.
Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan nazir idmançılarımızın qazandıqları nailiyyətlər barədə məlumat vermişdir. Bildirilmişdir ki, Avropada idmanın gələcəyini formalaşdırmağa töhfə verəcək “Bakı-2015" Oyunları Azərbaycan ictimaiyyəti üçün yeni şəhər, nəqliyyat, iqtisadi mənfəətlər və infrastruktur deməkdir.
Yarışları Avropa Olimpiya Komitəsinin və Avropa idman federasiyalarının nümayəndələrinin də izləyəcəyini bildirən nazir A.Rəhimov dövlətimizin idmana göstərdiyi qayğını xüsusilə vurğulamışdır. Dövlətimizin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olmasının ölkəmizdə idman siyasətinin uğurla həyata keçirilməsində mühüm rol oynadığını qeyd edən Azad Rəhimov Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə yaradılan Təşkilat Komitəsinin qısa zamanda gördüyü işlər barədə məlumat vermişdir.
Nazir demişdir: “Avropa tarixində ilk dəfə qitə üzrə multiidman tədbiri keçiriləcəkdir. Bakıda sürətlə həyata keçirilən quruculuq işləri, yeni infrastrukturun yaradılması paytaxtımızın 2015-ci ildə avropalı atletləri qəbul etməyə tam hazır olacağının daha bir göstəricisidir. Azərbaycan bu oyunları Yay Olimpiya Oyunlarının səviyyəsində keçirmək əzmindədir. Ölkəmizdə mövcud olan və yaradılan idman infrastrukturu yarışların yüksək səviyyədə keçirilməsinə imkan verəcəkdir. Avropalı atletlər üçün bu tədbir böyük əhəmiyyət daşıyacaqdır”.
Bakıda keçiriləcək ilk Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini bildirən gənclər və idman naziri Azad Rəhimov səkkiz idman növünün 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacağını diqqətə çatdırmışdır. Bakıda Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin iclasları barədə danışan A.Rəhimov tədbir çərçivəsində idman infrastrukturu, atletlərin məskunlaşması, nəqliyyat, rabitə, media, tibb, dopinq və digər istiqamətlərdə məsələlərin müzakirə olunduğunu bildirmişdir.
Nazir birinci Avropa Oyunlarında görmə qabiliyyəti zəif olan cüdoçular arasında yarışın da keçiriləcəyini qeyd etmişdir. Bildirmişdir ki, idman infrastrukturunun ətrafında keçid məntəqələri və təhlükəsizlik xidmətinin yaradılması istiqamətində də işlər görülür.
Birinci Avropa Oyunlarının bütün idmansevərlər üçün möhtəşəm bayram olacağını diqqətə çatdıran nazir yarışın başlanmasına az vaxt qaldığını, bu səbəbdən də hazırlıq işlərinin sürətlə davam etdirildiyini bildirmişdir.
İşlərin plan üzrə getdiyini diqqətə çatdıran nazir infrastrukturun əksəriyyətinin 2014-cü ilin sonunadək idmançıların ixtiyarına veriləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, yalnız Olimpiya Stadionunun və Su İdman Sarayının 2015-ci ilin əvvəllərində istifadəyə verilməsi nəzərdə tutulmuşdur.
Nazir “Bakı-2015" ilk Avropa Oyunlarının loqosu barədə məlumat verərək demişdir: ”Bizim loqomuz xalqımızın idman irsindən qürur duymasını, qonaqpərvərliyə sədaqətimizi, ölkəmizin idman, biznes və turizm mərkəzi kimi mövqeyini əks etdirir".
Bildirilmişdir ki, azərbaycanlı dizayner tərəfindən tərtib edilmiş bu yeni loqo alov, su, əfsanəvi simurq quşu, xalı və nar daxil olmaqla, ev sahibi ölkənin qədim və müasir mədəniyyətini əks etdirən beş başlıca elementi bir araya gətirmişdir. Açıq ictimai müsabiqə nəticəsində seçilmiş loqo tərtibatı ölkənin təbii gözəlliklərini, mədəniyyətini və irsini, o cümlədən Avropanın ən sürətlə inkişaf edən şəhərlərindən biri kimi Bakının assosiasiyasını təsvir edir. Bu loqo, həmçinin İspaniyanın Atletiko Madrid futbol klubunun oyunçularının idman köynəklərini də bəzəyəcəkdir.
A.Rəhimov daha sonra Milli Olimpiya komitələrinin nümayəndələrini maraqlandıran sualları cavablandırmışdır.
Tədbirdə “Bakı-2015"ə hazırlığın gedişi, eləcə də ölkəmizin sürətli inkişafını əks etdirən videoçarx nümayiş olunmuşdur.
Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. İlk Oyunlarda idmanın 19 növü üzrə 6 minədək idmançı qüvvəsini sınayacaqdır. Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160 idmançı), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şose - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (300) növləridir.
İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaqdır.
Anar RZAYEV,
AzərTAc-ın müxbiri
Antalya
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.