Azərbaycan olimpiyaçıları: daha 2 qızıl və 1 gümüş medal

Azərbaycan güləşçilərinin Sinqapurda keçirilən Yeniyetmələrin I Yay Olimpiya Oyunlarında xalqımıza böyük sevinc bəxş edən əla startı yarışların ilk iki günündən sonra ölkəmizin yığma komandasını 205 dövlətin komandaları arasında ümumi hesabda Rusiya və Çin kollektivlərindən sonra üçüncü yerə çıxarmışdı. Lakin yunan - Roma üsulu ilə güləşənlər Murad Bazarov (42 kq), Elman Muxtarov (50 kq) və qadın güləşçi Patimat Baqomedovanın (52 kq) qazandıqları üç qızıl medal bizim üçün hələ son hədd deyildi. Təmsilçilərimizdən Olimpiada xalçası üzərində böyük ümidlərlə yeni uğurlar gözləyirdik.
Sinqapurdakı nümayəndə heyətimizə növbəti medalları sərbəst güləşənlər qazandırmalı idilər. Kənan Quliyev (54 kq) və Əli Maqomadabirov (100 kq) qrup yarışlarında qarşılarında duran vəzifəni layiqincə yerinə yetirdilər. Onlar bütün rəqiblərinə qalib gəlməklə finala çıxıb ən azı gümüş medalları özlərinə təmin etdilər.
Hər iki təmsilçimiz finala aparan yolda öz işinin öhdəsindən asanlıqla gəldi. İlk görüşdə hər iki hissədə Kolumbiya güləşçisi Yerzon Ernandesdən üstün olan Quliyev sonra İdman-Sərgi Kompleksində yerli azarkeşlər tərəfindən ruhlandırılan Sinqapur idmançısını tam üstünlüklə məğlubiyyətə uğratdı, üçüncü dövrədə isə Avstraliya nümayəndəsi üzərində qələbə qazandı. Maqomadabirov da komanda yoldaşı kimi xalça üzərində çox inamlı görünürdü. Startda monqolustanlı rəqibinə öz üstünlüyünü çətinlik çəkmədən sübuta yetirən Əli sonra gürcüstanlı Geno Petriaşviliyə heç bir ümid yeri qoymadı, Amerika Saomasından olan güləşçini də məğlubiyyətlə barışmağa məcbur etdi.
Beləliklə, Olimpiadanın üçüncü günü həlledici görüşlərə aparan yolda bütün sədlər dəf olunmuşdu. Lakin hər iki finalçımız gümüş mükafatla kifayətlənmək, sinələrini artıq qızıl medallar bəzəyən dostlarından geri qalmaq fikrində deyildi. Fəxri kürsünün zirvəsinə yüksəlmək, Sinqapurda yenidən Azərbaycanın dövlət himnini səsləndirmək, milli bayrağımızı bir daha ən yüksəyə ucaltmaq üçün sonuncu addımı atmaq, bu yarışda ən mühüm qələbəyə can atmaq qalırdı.
Kənan Quliyev final görüşündə yaponiyalı Yuki Takahasiyə uduzsa da, gümüş medal onun üçün kiçik müvəffəqiyyət deyil. Gənc güləşçimiz yığma komandamıza daha bir mükafat qazandırmağı bacardı.
Əli Maqomadabirov isə finalda Kuba idmançısı Xesus Konyeqo Ruano ilə qarşılaşdı və bu rəqibinə də hər iki hissədə qalib gələrək qızıl medalın sevincini yaşadı.
Dünən daha bir idmançımız, 69 kq çəki dərəcəsində çıxış edən Nicat Rəhimov da Yeniyetmələrin I Yay Olimpiya Oyunlarının çempionu oldu. Məşhur ağırlıqqaldıranımız Nizami Paşayevin yetirməsi iki hərəkətin cəmində bütün rəqiblərindən, o cümlədən, ikinci və üçüncü mükafatçılar Çin və Kuba idmançılarından yüksək nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsində təbrikləri qəbul etdi. Nicat birdən 134 kq, təkanla 161 kq ağırlıq qaldıraraq iki hərəkətin cəmində 295 kq nəticə ilə qızıl medal və Olimpiadanın çempionu adını qazandı.
Beləliklə, olimpiya yarışlarının ilk üç günündən sonra Azərbaycan komandasının hesabında 6 medal - 5 qızıl və 1 gümüş mükafat vardır. Fantastik nailiyyətdir!
Bu gün Olimpiadada ustalığını nümayiş etdirmək növbəsi taekvondoçu Səbuhi İsmayılzadənindir (73 kq). Həmyerlimizin ilk rəqibi Surinam idmançısı olacaq.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında