“Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilat komitəsinin iclası keçirilmişdir

 

 

“Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilat komitəsinin iclası keçirilmişdir.

İclasda Azərbaycan Velosiped İdmanı Federasiyasının rəhbərliyi, Nəqliyyat, Səhiyyə, Rabitə və Yüksək Texnologiyalar, Gənclər və İdman, Daxili İşlər Nazirliklərinin, Bakı Şəhər Baş Polis, Dövlət Yol Polisi, “İçərişəhər” Dövlət tarixi-memarlıq qoruğu idarələrinin, “Azəryolservis” ASC-nin, Bakı Sərnişin Nəqliyyat MMC-nin nümayəndələri, Bakı şəhəri rayonlarının, Abşeron rayon, Sumqayıt Şəhər İcra Hakimiyyətlərinin məsul vəzifəli şəxsləri iştirak etmişlər.

İclası giriş sözü ilə açan Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti və turun təşkilat komitəsinin sədri Sahib Ələkbərov “Tour d’Azerbaidjan-2014" beynəlxalq velosiped turu barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyinə həsr olunan “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turu Gənclər və İdman Nazirliyi, Milli Olimpiya Komitəsi və Beynəlxalq Velosipedçilər İttifaqının dəstəyi ilə Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən təşkil olunur. Mayın 7-də start götürəcək “Tour d’Azerbaidjan-2014” beynəlxalq velosiped turu 5 mərhələdə keçiriləcək. Bakı şəhərindən start götürən ilk mərhələ Sumqayıt şəhərində başa çatacaq, sonrakı mərhələdə isə Bakı şəhərini və 8 rayonu əhatə edəcək. 5 mərhələnin marşrutlarının ümumi uzunluğu 840 kilometrə yaxındır.

Natiq demişdir ki, ötən il keçirilmiş “Tour d’Azerbaidjan” yarışının yüksək səviyyədə təşkil olunduğunu  nəzərə alan Beynəlxalq  Velosipedçilər İttifaqı bu il yarışın statusunu bir qədər də yüksəltmiş və cari ildə yarış  “2.1" kateqoriyasında keçiriləcəkdir. Əgər əvvəllər veloturda əsasən kontinental və yığma komandalar iştirak edirdisə, ”2.1" formatında təşkil ediləcək yarışda pro-kontinental, kontinental və milli yığma komandalar mübarizə aparacaqlar.

Veloturda 22 ölkədən, o cümlədən Azərbaycan, ABŞ, İtaliya, Almaniya, Türkiyə, Rusiya, Avstriya, Hollandiya, Belçika, Çin, Danimarka, Avstraliya, Latviya, Ukrayna, Belarus, Qazaxıstan və digər xarici ölkələrdən 500 nəfərdən çox idmançının iştirakı gözlənilir. Veloturda “Synergy Baku Cycling Project” daxil olmaqla 25 komanda iştirak edəcəkdir. Komandalar arasında 8 profesional kontinental komanda, 16 kontinental komanda və bir milli komanda vardır.

İclasda veloturun təşkilat komitəsinin üzvü, Almaniyanın “Freunde Eventagentur GMBH” şirkətinin rəhbəri Albrext Röder çıxış edərək turun marşrutları və texniki məsələləri barədə müfəssəl məlumat vermişdir. Sonra “Tour d’Azerbaidjan” beynəlxalq velosiped turunun təşkilatı işləri barədə müvafiq dövlət qurumlarının və yerli icra orqanlarının məsul nümayəndələri ilə fikir mübadiləsi aparılmış, işlərin daha yüksək səviyyədə təşkili istiqamətində tədbirlər müzakirə edilmiş və müvafiq tapşırıqlar verilmişdir.

Qeyd etmək lazımdır ki, “Tour d’Azerbaidjan-2014" velosiped turunun bütün mərhələlərinin yerli və xarici kütləvi informasiya vasitələrində, o cümlədən ”Eurosport" televiziya kanalı vasitəsilə geniş işıqlandırılması nəzərdə tutulur. “Eurosport” televiziya kanalı hər mərhələdən sonra efirdə tur barədə yarım saatlıq proqram hazırlayacaq, son mərhələdən isə 1,5 saatlıq yayımla dünya ölkələrinə birbaşa yayımlanacaqdır.

V. BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında