Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 6 mindən artıq idmançı mübarizə aparacaqdır

2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıq yüksək səviyyədə gedir.

Bu sözləri aprelin 4-də “Fairmont Baku” otelində 2015-ci ildə ilk dəfə Azərbaycanda təşkil olunacaq birinci Avropa Oyunlarına hazırlıqla bağlı keçirilən mətbuat konfransında Avropa Olimpiya Komitəsinin (AOK) vitse-prezidenti Canez Koçijanciç demişdir.

C.Koçijanciç ölkəmizdə yaradılan idman infrastrukturunu yüksək qiymətləndirmiş, Atletlər Kəndinin yüksək səviyyədə təşkil edildiyini diqqətə çatdırmış və mötəbər yarışa hazırlıqdan məmnunluğunu ifadə etmişdir. Qonaq vurğulamışdır ki, Bakıda iki gün ərzində aparılan müzakirələr nəticəsində mühüm qərarlar qəbul olunmuşdur. Avropa Oyunlarına hazırlıq işləri yüksək səviyyədə və peşəkarlar tərəfindən aparılır.

AOK-ın vitse-prezidenti bildirmişdir ki, bu ilin iyununda Avropa Oyunlarının keçiriləcəyi idman obyektlərində test yarışları təşkil olunacaqdır. Bu yarışları Avropa Olimpiya Komitəsinin və Avropa idman federasiyalarının nümayəndələri də izləyəcəklər. Qonaq xüsusi vurğulamışdır ki, Azərbaycan dövlətinin idmana göstərdiyi qayğı bizi çox sevindirir. Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olması bu ölkədə  idman siyasətinin düzgün istiqamətdə aparılmasından xəbər verir.

Bakıda keçiriləcək birinci Avropa Oyunlarında 49 ölkədən 6 mindən çox idmançının iştirak edəcəyini bildirən Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov səkkiz idman növünün 2016-cı ildə Rio de Janeyroda təşkil olunacaq Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyacağını diqqətə çatdırmışdır.

Nazir bildirmişdir ki, iki gün ərzində Bakıda Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin növbəti iclası keçirilmişdir. İclas çərçivəsində idman infrastrukturu, atletlərin məskunlaşması, nəqliyyat, rabitə, media, tibb, dopinq və digər istiqamətlərdə müzakirələr aparılmışdır. Komitənin üzvlərinə mövcud idman obyektləri nümayiş olunmuş, inşası davam etdirilən infrastruktur barədə ətraflı məlumat verilmişdir.

İşlərin plan üzrə davam etdiyini diqqətə çatdıran nazir birinci Avropa Oyunlarında görmə qabiliyyəti zəif olan cüdoçular arasında yarışın da keçiriləcəyini diqqətə çatdırmışdır. Bildirmişdir ki, idman infrastrukturunun ətrafında keçid məntəqələri və təhlükəsizlik xidmətinin hazırlanması istiqamətində də müzakirələrimiz olmuşdur. Müzakirələrin sonunda orada təhlükəsizlik avadanlığının quraşdırılmasının vacibliyi vurğulanmışdır.

Avropa Olimpiya Komitəsinin İcraedici Komitəsinin üzvü Spiros Kapralos yarışın başlanmasına az vaxt qaldığını, bu səbəbdən də hazırlığın sürətlə davam etdiyini bildirmişdir. Biletlərin qiymətinin baha olmayacağını diqqətə çatdıran S.Kapralos Bakıda keçiriləcək birinci Avropa Oyunlarının bütün idmansevərlər üçün möhtəşəm bayram olacağını diqqətə çatdırmışdır.

S.Kapralos qeyd etmişdir ki, Bakıya üçüncü səfərimizdə burada aparılan hazırlıq işlərinin vəziyyəti bizdə xoş təəssürat yaratmışdır. Bizim təkbətək görüşlər, habelə idman obyektlərini ziyarət etmək üçün zəngin iş qrafikimiz olmuş, bir sözlə, bu iki gün çox məhsuldar keçmişdir.

Tədbirdə “Bakı-2015"-ə hazırlığın gedişini əks etdirən videoçarx nümayiş olunmuşdur.

Birinci Avropa Oyunları 2015-ci il iyunun 12-dən 28-dək keçiriləcəkdir. İlk Oyunlarda 6 mindən artıq iştirakçı idmanın  19 növü üzrə qüvvəsini sınayacaqdır. Bunlar kamandan oxatma (128 idmançı), su idman növləri (üzgüçülük, su polosu, suyatullanma - 1000), atletika (800), badminton (160), basketbol (3X3, 160 idmançı), boks (300), kanoe (350), velosiped (BMX, dağ velosipedi, şose - 350), çimərlik futbolu (256), gimnastika (bədii gimnastika, idman gimnastikası, tamblinq və akrobatika - 406), cüdo (350), karate (96), atıcılıq (stend və güllə (350), stolüstü tennis (128), taekvondo (128), triatlon (125), voleybol (zal və çimərlik - 464), güləş (450) və qılıncoynatma (300) növləridir.

İdman növlərindən yalnız kanoe Bakıdan kənarda - Mingəçevirdəki “Kür” Təlim-Tədris İdman Mərkəzində təşkil olunacaqdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında