İDMAN YENİLİKLƏRİ

Avropanın ən yaxşı güləş ustaları Vantaada

Yenicə qədəm qoyduğumuz aprelin birinci həftəsi qitəmizin güləş ustalarının gərgin görüşləri ilə əlamətdar olacaq. Dünən Finlandiyanın Vantaa şəhərində idmanın bu növü üzrə böyüklər arasında Avropa çempionatına start verilmişdir. Olimpiya oyunlarının, dünya və Avropa birinciliklərinin, beynəlxalq turnirlərin bir sıra qalib və mükafatçılarını öz bayrağı altına toplamış indiki çempionatda Azərbaycan da geniş heyətlə təmsil olunur.

Avropa çempionatının medalları uğrunda mübarizə sərbəst üsulla güləşənlərin və qadın güləşçilərin görüşləri ilə başlanmışdır. Onların turnirinə aprelin 4-də yekun vurulacaqdır. Sonrakı iki gündə isə yunan-Roma güləşi ustalarının çıxışları diqqət mərkəzində olacaq.

Çempionatın final görüşləri Bakı vaxtı ilə saat 20-də başlanır.

Şəhriyar Məmmədyarov birinci onluqda

Beynəlxalq Şahmat Federasiyası (FİDE) 2014-cü il aprelin 1-nə olan vəziyyətə görə reytinq cədvəlini açıqlamışdır. Dünyanın ən yüksək reytinqə malik on şahmatçısının siyahısında azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov da vardır. Bir ay əvvəl cədvəldə 13-cü pillədə olmuş həmyerlimiz Xantı-Mansiyskdə (Rusiya) iddiaçıların turnirində uğurlu çıxışı sayəsində öz reytinq göstəricisini 2760-a çatdıraraq onuncu mövqeyə yüksəlmişdir.

Norveçli dünya çempionu Maqnus Karlsenin (2881) başçılıq etdiyi siyahıda birinci onluğa həmçinin Levon Aronyan (Ermənistan, 2812), Vişvanatan Anand (Hindistan, 2785), rusiyalı Vladimir Kramnik və italyan Fabiano Karuana (hər ikisi 2783), Aleksandr Qrişuk (Rusiya, 2777), Sergey Karyakin (Rusiya), Veselin Topalov (Bolqarıstan) və Hikaru Nakamura (ABŞ, hər üçü 2772) daxildirlər.

Məmmədyarovun sürətli şahmatın rapid növü üzrə reytinq cədvəlində 2799 əmsalla beşinci olduğunu da qeyd edək. Bu siyahıda ilk dörd yeri isə Nakamura (2841), Karuana (2840), Qrişuk (2828) və Karlsen (2827) tuturlar.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında