İDMAN YENİLİKLƏRİ

 

 

 

Azərbaycan bədii gimnastları yenə fəxri kürsünün                                      zirvəsində

Təxminən on gün əvvəl Fransada bədii gimnastların “Qran- Pri” yarışlarında qızıl medal qazanmış Azərbaycanın qrup hərəkətləri üzrə komandası bu müvəffəqiyyətin təsadüfi olmadığını ötən istirahət günlərində Macarıstanın Debretsen şəhərində keçirilmiş Dünya kuboku turnirində inamla sübuta yetirmişdir.

Səbinə Abbasova, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Aleksandra Platonova və Aynur Mustafayevadan ibarət heyət çoxnövçülükdə bütün rəqiblərindən yüksək nəticə göstərərək birinci yeri tutmuş və Dünya kuboku turnirinin qalibi olmuşdur.

Bundan başqa, təmsilçilərimiz yeniyetmələrin beynəlxalq yarışında da fərqlənmişlər. Jalə Piriyeva və Züleyxa İsmayılova dueti Rusiya və Belarus cütlüklərindən sonra üçüncü mükafatçı olmuşdur. 

Xəyalə Abdulla ölkə çempionudur

Qadınlar arasında şahmat üzrə növbəti Azərbaycan çempionatı başa çatmışdır. Ölkənin ən yaxşı 12 şahmatçısının mübarizə apardığı yarışda qələbəni Xəyalə Abdulla bayram etmişdir. Çempion 11 mümkün xaldan 8 xal toplamışdır.

Gümüş və bürünc medallar müvafiq surətdə Gülnar Məmmədova və Aytən Əmrayevaya təqdim olunmuşdur. Onlar finişə eyni nəticə ilə çatmışlar (7,5 xal), lakin əlavə göstəricilərə görə ikinci yeri Məmmədova tutmuşdur.

Günay Məmmədzadə (7 xal), Nərgiz Umudova və Səhər Hüseynova da (hərəyə 6 xal) ölkə çempionatını turnir cədvəlinin birinci yarısında başa vurmuşlar

Kuboka “Dinamo”, bürünc medallara isə “Rabitə” sevindi

İlk dəfə qapılarını idman yarışları iştirakçılarının üzünə açan Bakının “Crystal Hall” sarayında yüksək səviyyədə təşkil edilən qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin “Dördlər finalı”nda baş rolu Rusiyanın “Dinamo” (Kazan) klubu oynadı.

Həlledici görüşlərə daha yaxşı hazırlaşan dinamoçular yarımfinalda bizim “Rabitə”yə, finalda isə “Vakifbank”a (Türkiyə) qalib gələrək kubokun böyük sevincini yaşadılar. Tatarıstan paytaxtı voleybolçularının hər iki görüşdə 3:0 hesabı ilə qələbə qazanmaları onların kubokun layiqli sahibləri olduqlarını  təsdiq edir.

Azərbaycan çempionu da mükafatsız qalmadı. “Rabitə” yarımfinal matçından fərqli olaraq, üçüncü yer uğrunda oyunda Türkiyənin “Əczaçıbaşı” komandasına heç bir ümid yeri qoymadı. Voleybolçularımız rəqiblərini üç hissədə məğlubiyyətə uğradaraq (3:0) Liqada çıxışlarını fəxri kürsünün üçüncü pilləsində başa vurdular. “Rabitə” çempion olmaq arzusunu həyata keçirə bilməsə də, hər halda, belə mötəbər yarışda bürünc mükafatçı olmaq da hər komandanın işi deyil.

“Qarabağ”: çempionluğa doğru daha bir addım

Topaz Premyer Liqasında üçüncü dövrənin başa çatmasına bir tur qalmış “Qarabağ” çempionluq iddiasını bir daha gur səslə bəyan etmişdir. Ötən bazar günü Ağdam klubunun “İnter”in qapısından keçirdiyi üç cavabsız top (3:0) 26 turdan sonra turnir cədvəlinin zirvəsində onun mövqeyini bir qədər də möhkəmləndirmişdir. İndi Qurban Qurbanovun komandasını (55 xal) ən yaxın izləyicisi-"Neftçi"dən nə az, nə də çox-düz 10 xallıq bir məsafə ayırır.

Son çempionumuz hesabat turunda AZAL-ı 2:1 hesabı ilə məğlubiyyətə uğradaraq dördüncü yerdən ikinci pilləyə yüksəlmişdir. “Bakı” ilə görüşdə heç-heçə ilə kifayətlənən (1:1) “Qəbələ” isə xal ehtiyatını 44-ə çatdırsa da, bir qədər geriləyib üçüncü mövqeyə düşmüşdür.

Ötən turun digər iki oyununda “Simurq” öz meydanında “Rəvan” üzərində qələbə qazanmış-2:0, “Sumqayıt” isə, Zaqatala klubundan fərqli olaraq, “doğma divarlar” arasında “Xəzər-Lənkəran”a uduzmuşdur-0:1.

Milli çempionatımızda növbəti, 27-ci turun oyunları martın 23-də keçiriləcəkdir. Buna qədər isə ölkə kuboku yarışlarında dörddəbir final mərhələsinin martın 19-na təyin edilmiş cavab görüşləri diqqət mərkəzində olacaq.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında