Şabranda baharı müjdələyən at yarışları

 

 

 

Son illər Azərbaycanın qədim yurd yerlərindən olan Şabran rayonunda ulu keçmişimizdən soraq verən milli bayramların yüksək səviyyədə təşkili yenidən ənənə halını alır. Yeddi il əvvəl baharın gəlişini at yarışları ilə qarşılayan şabranlılar bu il də ənənələrinə sadiq qaldılar.

Rayonunun Ağalıq kəndində, artıq “Cıdır” adı almış yerdə At ilininin bahar müjdəsini  şabranlılara yenə də ənənəvi at yarışları ilə çatdırdılar. Cəngi sədaları altında başlayan  yarışın final mərhələsini izləmək üçün cıdıra Şabran Rayon İcra Hakimiyyətinin başçısı Novruz Novruzov başda olmaqla rayon ictimaiyyətinin nümayəndələrindən və qonşu rayonlardan gəlmiş qonaqlardan  ibarət çoxlu tamaşaçı toplaşmışdı.

Ənənəyə uyğun olaraq, ötənilki yarışın qalibi Vahid Həşimov dövlət himninin sədaları altında Azərbaycan bayrağını qaldırdı. Rayon rəhbərliyi və qonaqlar elə buradaca sac üstündə el qaydaları ilə yuxa və çörək bişirən nənələrin və anaların əl işləri ilə tanış oldular və ətri adamı bihuş edən fəsəlinin, qutabın dadına baxdılar.

Yarışın rəsmi hissəsində çıxış edənlər at yarışlarının qədum yurd yeri olan Şabranda bərpasının əhəmiyyətindən danışaraq bildirdilər ki, xalqımızın qəhrəmanlıq rəmzi olmuş bu kimi tədbirlər qədim adət-ənənələrimizin təbliği baxımından vacib olmaqla yanaşı, gənc nəslin milli ruhda tərbiyə olunmasında, mərd və qoçaq böyüyüb Vətəni qorumağa daim hazır olmasında da mühüm rol oynayır.

Yarışda qalib adı uğrunda 15 inzibati ərazi dairəsinə daxil olan kəndlərdən seçilmiş 20 çapar mübarizə aparırdı. 5 qrupda gedən mübarizədə, qalib gəlmiş çaparlar sonra final mərhələsində yarışdılar. Gərgin mübarizə şəraitində keçən yarışda Ağalıq kəndindən olan çapar Aydın Əzizov “Roşe” ləqəbli atı ilə birinci yeri tutdu.

İcra hakimiyyətinin başçısı Novruz Novruzov kuboku, medalı və qiymətli hədiyyəni yarışın qalibinə təqdim etdi. İkinci, üçüncü və dördüncü yeri tutanlara medallar və qiymətli hədiyyələr, yarışda iştirak edib yer tutmayanlara isə  həvəsləndirici mükafatlar verildi. Sonda  yerli incəsənət nümayəndələrinin ifasında geniş konsert proqramı təqdim olundu.

İlqar RÜSTƏMOV,

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında