Şəhriyar Məmmədyarov üç keçmiş dünya çempionuna və daha dörd məşhur qrossmeysterə qarşı

 

 

     Dünən Rusiyanın Xantı-Mansiysk şəhərində iddiaçıların şahmat üzrə dünya birinciliyi uğrunda turnirinin təntənəli açılış mərasimi olmuşdur. Artıq bildiyiniz kimi, böyük maraqla gözlənilən bu yarışın səkkiz iştirakçısı arasında Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarov da vardır.

 Mükafat fondu 600 min ABŞ dolları olan turnirin qalibi bu ilin payızında hazırkı dünya çempionu norveçli Maqnus Karlsenlə tac uğrunda matçda qarşılaşmaq hüququ qazanacaq.

İddiaçıların turnirində təmsilçimizin rəqiblərindən dördü rusiyalı qrossmeysterlər Vladimir Kramnik, Sergey Karyakin, Pyotr Svidler, Dmitri Andreykin, qalan üçü isə Vişvanatan Anand (Hindistan), Veselin Topalov (Bolqarıstan) və Levon Aronyandır (Ermənistan). Kramnik, Topalov və Anandın keçmiş dünya çempionları olduqlarını da xatırladaq.

İştirakçılardan yaşca ən böyüyü bu il dekabrın 11-də 45 yaşı tamam olacaq Ananddır. Qrossmeysterlərin mübarizəsində ən gənc rəqiblər isə Karyakin və Andreykindir. Onların hər ikisi 24 yaşındadır. Məmmədyarov  bir aydan sonra, aprelin 12-də 29 yaşını qeyd edəcək. Aronyanın 32, Svidlerin 38, Kramniklə Topalovun 39 yaşı vardır.

Turnir iki dövrədən ibarətdir. Dünya şahmat tacına iddiaçılar hərəyə 14 görüş oynayacaqlar. Təşkilatçılar hər üç turdan sonra bir istirahət günü nəzərdə tutmuşlar, cəmisi isə dörd istirahət günü veriləcəkdir.

Yarış bu gün başlanacaq. Məmmədyarov birinci turda ağ fiqurlarla Topalova qarşı oynayacaq. Turnirin birinci yarısında Şəhriyar qalan görüşlərini bu ardıcıllıqla keçirəcək: Aronyan, Anand, Andreykin, Karyakin, Svidler, Kramnik.

Turnirin reqlamentinə əsasən yerlər bölüşdürülərkən iki və ya daha çox iştirakçı eyni miqdarda xal toplayarsa, şəxsi görüşlərin nəticəsi, qələbələrin sayı və digər əlavə göstəricilər nəzərə alınacaq. Əgər bütün göstəricilər eyni olarsa, martın 31-də tay-breyk oynanılacaq.

Xantı-Mansiyskini Məmmədyarov üçün uğurlu şəhər hesab etmək olar. Bir il əvvəl Şəhriyar məhz bu şəhərdə sürətli şahmatın rapid növü üzrə dünya çempionatında bütün rəqiblərindən yüksək nəticə göstərərək özünü də, Azərbaycanı da qızıl medalla sevindirmişdi. Bəs bu dəfə necə olacaq? Artıq bu sualın cavabını çox gözləmək lazım gəlməyəcək. Qrossmeysterimizi iddiaçıların turnirinin yekun cədvəlində birinci pillədə görmək arzumuz son anadək bizi tərk etməyəcək.

Xatırladaq ki, Məmmədyarov artıq bir dəfə, üç il əvvəl iddiaçıların matçlarında oynamışdır. Kazanda (Rusiya) onun ilk cəhdi uğursuz olmuşdu. Bu gün isə həmvətənimiz Xantı-Mansiyskdə ikinci cəhd ərəfəsindədir.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında