5 mart Bədən tərbiyəsi və idman günüdür
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin martın 5-nin ölkəmizdə Bədən tərbiyəsi və idman günü kimi təsis edilməsi barədə 4 mart 2005-ci il tarixli sərəncam imzalamasından doqquz il ötür. Sərəncamda xalqımızın sağlamlığının qorunması və möhkəmlənməsində, gənclərimizin fiziki inkişafında, ölkəmizin idman şərəfinin beynəlxalq aləmdə daha da uca zirvələrə qaldırılmasında bədən tərbiyəsi və idmanın əhəmiyyəti və rolu bir daha yüksək qiymətləndirilmişdir.
İdman ictimaiyyətimiz də dövlətimizin, şəxsən cənab Preizdentin ona göstərdiyi gündəlik qayğı və diqqətə cavab olaraq öz bayramını ildən-ilə daha böyük uğurlarla qarşılayır. Təkcə bunu demək kifayətdir ki, ötən il Azərbaycan idmanı nümayəndələri beynəlxalq meydanda—dünya və Avropa çempionatlarında, Ümumdünya Universiadasında, İslam Həmrəyliyi Oyunlarında və digər mötəbər yarışlarda rekord miqdarda 782 medal qazanmışlar ki, bunlardan da 280-i qızıl mükafatlardır.
Bugünkü bayramın 1974-cü ildə Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin təşəbbüsü ilə keçirilmiş və respublikada bədən tərbiyəsi-idmanın vəziyyətinin və onun yaxşılaşdırılması yollarının hərtərəfli, yüksək prinsipiallıqla müzakirə edildiyi Azərbaycan partiya fəalları yığıncağının 40-cı ildönümü ilə eyni bir ilə təsadüf etməsi də maraqlı məqamdır. Hamımızın qürur duyduğumuz indiki böyük nailiyyətlərin təməlində məhz həmin yığıncaqda qarşıya qoyulan vəzifələrin ardıcıl surətdə, məqsədyönlü şəkildə yerinə yetirilməsi istiqamətində atılan mühüm addımlar, həyata keçirilən təxirəsalınmaz tədbirlər və görülən genişmiqyaslı işlər dayanır.
Bu gün heç kim üçün sirr deyil ki, Azərbaycan bütün dünyada qüdrətli bir idman dövləti kimi tanınır. Ölkəmizin beynəlxalq yarışlarda ildən-ilə daha çox medal, təbii ki, həm də daha yüksək nüfuz qazanması isə idman məşğələləri üçün yaradılan gözəl şərait sayəsində mümkün olmuşdur. Məhz gündəlik qayğı və diqqət həyatımızın mühüm tərkib hissəsi olan idmanın maddi-texniki bazasının daha da möhkəmləndirilməsi işində böyük uğurlarla nəticələnmişdir. Son 15 ildə, yəni 2000-ci ildən bəri Azərbaycanda gənclərin istifadəsinə bütün beynəlxalq standartlara cavab verən və müxtəlif ölkələrin hətta ən tələbkar mütəxəssislərində belə, öz müasirliyi ilə yüksək təəssürat yaradan 40-dan çox olimpiya idman kompleksi verilmişdir. Həmin idman mərkəzləri indi hamının sevimli istirahət yerinə çevrilmişdir. Təbii ki, yaradılan hər yeni kompleks bədən tərbiyəçiləri və idmançılaın ürəyindən olur. Axı, heç kim gözəl şəraitdə bədən tərbiyəsi ilə fəal məşğul olmağa, idmanla yaxından dostluq etməyə biganə qala bilməz.
Müntəzəm surətdə həyata vəsiqə qazanıb, qapılarını taybatay üzümüzə açan bir-birindən yaraşıqlı olimpiya idman komplekslərində təşkil edilən ən mötəbər yarışların da sayı getdikcə artır. İndi beynəlxalq idman təşkilatları, ayrı-ayrı federasiyalar özlərinin ən mötəbər yarışlarının-dünya və Avropa çempionatlarının, Olimpiya oyunlarına lisenziya xarakterli turnirlərin, müxtəlif növlər üzrə “Qran-Pri”lərin təşkilini böyük razılıq hissi ilə Azərbaycanın idman təşkilatlarına etibar edirlər. Təkcə son bir neçə ildə paytaxtımızda bədii gimnastika, güləş, boks və bəzi digər növlər ürə dünya və Avropa çempionatları böyük maraqla qarşılanmışdır. 2012-ci ilin payızında Bakı və Lənkəranda keçirilmiş 17 yaşlı qadınlardan ibarət komandalar arasında futbol üzrə dünya çempionatı FİFA rəhbərləri tərəfindən ən yaxşı çempionatlardan biri kimi qiymətləndirilmiş, elə iştirakçı komandaların nümayəndə heyətləri də ölkəmizi zəngin təəssüratla tərk etmişlər.
Biz yenə də çox mühüm idman hadisələri ərəfəsindəyik. “Avroviziya-2012" musiqi yarışmasında öz gözəlliyi ilə hamını heyran qoyan möhtəşəm ”Kristall Hall" sarayında keçiriləcək qadın voleybol komandaları arasında Çempionlar Liqası turnirinin həlledici görüşləri (15-16 mart), bundan bir ay sonra “Sərhədçi”də futzal üzrə UEFA kuboku yarışlarının “Dördlər finalı”, iyun ayında inşası artıq başa çatdırılmaqda olan Milli Gimnastika Arenasında bədii gimnastika ustalarının Avropa çempionatı və digər startlar əsl idman bayramına çevriləcək.
Lakin Azərbaycanda təkcə böyük nailiyyətlər idmanı üçün zəruri şərait yaradlması deyil, həm də ustalığın rəhni olan, sağlamlıq və gümrahlıq mənbəyi kimi qiymətləndirilən kütləvi idman da daim diqqət mərkəzindədir. Belə startlar yeniyetmə və gənclərə, bütün arzu edənlərə asudə vaxtlarını səmərəli keçirməkdə, öz fiziki hazırlıqlarını möhkəmləndirməkdə, nəcib keyfiyyətlərə yiyələnməkdə, əsl vətənpərvərlik ruhunda tərbiyə almaqda yaxından kömək edir və bu istiqamətdə çox təsirli bir vasitədir. Təsadüfi deyil ki, indi ölkənin hər yerində Bədən tərbiyəsi və idman gününə həsr olunmuş müxtəlif tədbirlər keçirilir. Bir sözlə, bu gün Azərbaycan bədən tərbiyəçiləri və idmançıları üçün xüsusi bir gündür. Ölkəmiz növbəti dəfə gənclik, sağlamlıq və gözəllik bayramını qeyd edir.
Oqtay BAYRAMOV,
“Xalq qəzeti”
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.