Ruhun şad olsun, qrossmeyster

 

 

Artıq 40 gündür ki, əbədiyyətə qovuşmuş Vüqar Həşimov

bu gözəl həyatı çox tez, amma dünyanın ən parlaq zəka sahiblərindən, ən hörmətli şahmatçılarından biri kimi tərk etdi

Onun ən mahir qrossmeysterlərlə gərgin görüşlərdəki kimi ağır xəstəliklə mübarizədən də qalib ayrılacağına, yenidən mötəbər yarışlarda müxtəlif şahmat saytlarının köməyi ilə çıxışlarını böyük maraq və xoş bir həyəcanla izləyəcəyimizə ümid etdiyimiz bir vaxtda gözlənilmədən aldığımız xəbər hər şeyi alt-üst etdi: Vüqar Həşimov 2014-cü il yanvarın 11-də uzun müddət idi ki, müalicə olunduğu Almaniya klinikalarından birində vəfat etmişdir. Cəmi 27 yaşında...

Gözlənilməz və dəqiq gedişləri ilə şahmat taxtası arxasında rəqiblərini dəfələrlə çıxılmaz vəziyyətə salıb mat qoyan Vüqarın taleyin amansız zərbəsinə məruz qalması təkcə vətəni Azərbaycanda deyil, bütün beynəlxalq şahmat dairələrində dərin kədərə səbəb oldu. O, Bakı ilə yanaşı, Moskva və Pekində, Paris və Novi-Sadda, İstanbul və Antalyada, Roma və Drezdendə, Sofiya, Praqa və daha neçə-neçə şəhərdə özünə minlərlə pərəstişkar qazanmışdı. Rusiyalı qrossmeysterlər Sergey Karyakin və Aleksandr Qrişuk, Veselin Topalov (Bolqarıstan) və Vasili İvançuk (Ukrayna), Hikaru Nakamura (ABŞ), Arkadi Naydiç (Almaniya) və bir çox başqaları, əminəm ki, istənilən anda Vüqar haqqında, onun oyunu və insani keyfiyyətləri barədə istədiyin qədər xoş sözlər söyləyə bilərlər.

Yuxarıda Novi-Sadı xatırladıq. 2009-cu ilin payızında Serbiyanın bu şəhərində keçirilmiş Avropa çempionatı şahmat pərəstişkarlarının yaxşı yadında olar. Azərbaycan milli komandası tarixində ilk dəfə qitə çempionu adını məhz Novi-Sadda qazanmışdır. Çempionatın sonuncu, doqquzuncu turunda qrossmeysterlərimiz qızıl medalların sevincini yaşamaq üçün Hollandiya komandası ilə matçda qalib gəlməli idilər. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov və Rauf Məmmədov öz görüşlərini heç-heçə başa vurduqdan sonra bütün nəzərlər Vüqar Həşimova dikilmişdi. Əgər o, ikinci taxtada Daniel Stelvagenə qalib gəlməyi bacarsaydı, millimiz matçda 2,5:1,5 hesabı ilə qələbə qazanıb fəxri kürsünün zirvəsində çempionluğunu bayram edəcəkdi.

Bacardı da! Rəqib nə qədər ciddi müqavimət göstərsə də, görüş nə qədər uzansa da, Vüqarın növbəti dəqiq gedişindən sonra məğlubiyyət təhlükəsi ilə üz-üzə qalan Stelvagen uduzduğunu etiraf etdi. Azərbaycan komandası neçə-neçə ölkəni, o cümlədən Rusiya, Ukrayna, Almaniya, Fransa, Ermənistan, Polşa və Macarıstanı geridə qoyaraq respublikamızda bu növün bütün inkişaf tarixi ərzində ilk dəfə Avropa çempionu oldu. Böyük qələbədə baş rolu isə Vüqar oynadı.

Futbol ictimaiyyətimizin yaşlı nəsl nümayəndələri keçmiş SSRİ çempionatlarında Maşallah Əhmədov–İqor Ponomaryov–İsgəndər Cavadov üçlüyünün necə güclü və məşhur bir zərbə qüvvəsi olduğunu unutmayıblar. Bu üçlüyün sürətli hücumları, rəngarəng kombinasiyaları, aldadıcı fəndləri və qapıya doğru həlledici dəqiq zərbələri hətta rəqib komandaların azarkeşləri tərəfindən də alqışlarla qarşılanırdı. Novi-Sadda Avropa çempionatından bəri isə şahmat yığmamız Şəhriyar Məmmədyarov-Teymur Rəcəbov-Vüqar Həşimov üçlüyü ilə ad çıxarmışdı. Mütəxəssislər belə bir fikir söyləyirlər ki, dünya və Avropa çempionatlarında, ümumdünya olimpiadalarında qalib olmaq arzusu ilə yaşayan komandaların heyətində üç mahir usta, üç lider olmalıdır. Azərbaycan yığması istənilən ölkənin komandası üçün çətin rəqib hesab olunurdu. Çünki Şəhriyar, Teymur və Vüqar kimi qrossmeysterləri olan heyətə qalib gəlmək hər komandanın işi deyildi.

Düzdür, 2013-cü ilin noyabrında Azərbaycan millisi Varşavada da Avropa çempionatının qızıl komandası adını qazandı. Ancaq bu dəfə Həşimovsuz. Novi-Sad-2009-dakından fərqli olaraq, Polşa paytaxtında heyətdə məcburi dəyişiklik edilmiş, onun yerini Eltac Səfərli tutmuşdu. Amma yığmamızın bu böyük nailiyyətində Həşimovun da xidməti az olmamışdır. Bir vaxtlar komanda yoldaşları ilə birgə keçirdiyi təlim-məşq toplanışları və görüşlər öz sözünü demişdi. Təsadüfi deyil ki, çempionat başa çatan kimi qalib həmvətənlərimiz Şəhriyar, Teymur, Eltac, Rauf və Qədir qələbəni Vüqar Həşimova həsr etdiklərini bildirdilər.

Bu da dərin rəmzi məna daşıyır ki, Vüqar şahmatda ən böyük nailiyyətlərindən birini, bəlkə də, birincisini altı il əvvəl, dəqiq desək, 2008-ci ilin baharında doğma Bakıda qazanmışdı. Onda FİDE-nin “Qran-Pri” yarışlarının bir mərhələsinin təşkili paytaxtımıza həvalə olunmuşdu. Həşimov, Məmmədyarov və Rəcəbovun qonaqları isə Aleksandr Qrişuk, Pyotr Svidler, Ernesto İnarkiyev (hər üçü Rusiya), çinli Van Yue, ingilis Maykl Adams, həmin illərdə Ukraynanı təmsil edən Sergey Karyakin, bu gün artıq dünya şahmat tacının sahibi olan norveçli Maqnus Karlsen, bolqar İvan Çeparinov və çexiyalı David Navara kimi məşhur qrossmeysterlər idi.

“Qran-Pri”nin qalibi məhz Həşimov oldu. Yue və Karlsen Vüqarla eyni miqdarda, 8 xal toplasalar da, şahmatçımız əlavə göstəricilərə görə onları üstələdi və Bakı turniri azərbaycanlı qrossmeysterin böyük zəfəri ilə əlamətdar oldu.

Bu bir çoxları üçün gözlənilməz uğur idi. Elə İspaniyanın 24 TV kanalı da Həşimovun qələbəsini FİDE “Qran-Pri”sinin Bakı mərhələsinin başlıca sürprizi adlandırmışdı: “Vüqardan heç kim heç nə gözləmirdi, amma o, liderlər üçün problemə çevrildi. Onu turnirin kəşfi hesab etmək olar”

Ulu öndər Heydər Əliyev 1998-ci ildə Azərbaycanın uşaq şahmatçılarına qayğının artırılması haqqında iki sərəncam imzalamışdı. Hadisələrin sonrakı gedişinin göstərdiyi kimi, yeniyetmə şahmatçılarımız ümummilli liderin bu qayğısına cavab olaraq durmadan öz bacarıqlarını artırıb planetin sayılıb-seçilən qrossmeysterləri, başqa sözlərlə desək, şahmat elitası sırasında özlərinə layiqli yer etdilər. Təəssüf, çox təəssüf ki, Vüqar Həşimov istedadının yenicə parlamağa, “Qran-Pri”lərdə, digər beynəlxalq turnirlərdə, Avropa çempionatında medallar qazanmağa başladığı bir vaxtda bütün şahmat dünyası-qrossmeysterlər, qədim və müdrik oyunun milyonlarla pərəstişkarı, ağ-qara rəngli şahlar, vəzirlər, toplar... piyadalar onsuz qaldılar. Şahmat dünyası üçün böyük itkidir.

Vüqar Həşimov hələ yeniyetmə yaşlarında mütəxəssislərin diqqətini cəlb etməyə başlamışdı. Ikiqat SSRİ çempionu rusiyalı Vitali Seşkovski müsahibələrindən birində onun haqqında demişdi: “Əsl vulkandır, gözləri alışıb- yanır, məşq zamanı taxta üzərində hər hansı mövqe qurularkən dərhal müxtəif variantlar yağdırır”.

İki keçmiş dünya çempionu bolqar Veselin Topalov və ukraynalı Ruslan Ponomaryovun meneceri olmuş Silvio Danailov (Bolqarıstan) qrossmeysterimizin vəfatından sonra onu belə xatırlamışdır: “Vüqar Həşimovun böyük potensialı var idi. Ruhu şad olsun. Onun ölümü dünya şahmatı üçün böyük faciədir. Vüqar istedadlı oyunçu və gözəl insan idi”.

Bu yaxınlarda, fevralın əvvəlində Braziliyada altı komandanın iştirakı ilə keçirilmiş turnirdə yerli komandalardan biri “Həşimov” adı altında çıxış etmişdir.

İki aydan sonra, aprelin üçüncü ongünlüyündə Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçiriləcəkdir. Məmmədyarovla Rəcəbovun da iştirak edəcəkləri bu turnirdə Vüqarın əziz xatirəsini yad etmək üçün bir görün, Azərbaycana kimlər gələcək-dünya çempionu Karlsen, iddiaçıların martda Xantı-Mansiyskdə (Rusiya) təşkil olunacaq turnirinin iştirakçısı Karyakin, italiyalı zəka sahibi Fabiano Karuana, reytinqə görə hazırda dünyanın yeddinci şahmatçısı Nakamura (ABŞ). Idman ictimaiyyətimizin hədsiz maraqla gözlədiyi qarşıdakı turnir görkəmli azərbaycanlı qrossmeysterin unudulmaz xatirəsinə böyük hörmət və dərin ehtiramın ifadəsi olacaq.

Həqiqətən, heç vaxt çöhrəsindən təbəssüm əskik olmayan Vüqar Həşimov yaddaşlarda artıq qırx gündür ki, əbədi tərk etdiyi şahmat aləminin sevimlisi kimi yaşayacaq.

Oqtay BAYRAMOV,

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında