Olimpiadada finişin nəfəsi duyulur

 

 Rusiyanın Soçi şəhərində keçirilən XXII Qış Olimpiya Oyunları artıq finişin astanasındadır. İki gündən sonra Olimpiadaya yekun vurulacaq və bu ilin ən mühüm idman hadisəsinin təntənəli bağlanış mərasimi keçiriləcəkdir.

Azərbaycan təmsilçiləri Yuliya Zlobina–Aleksey Sitnikov  dueti “Aysberq” idman sarayında fiqurlu konkisürənlərin idman rəqsləri yarışlarında qısa və sərbəst proqramlarda mübarizənin yekununda 24 cütlük arasında 12-ci nəticə göstərib. Gözlənildiyi kimi, çıxışlarını orta mövqelərdə başa vurduqdan sonra daha bir idmançımız Patrik Braxner starta çıxmış və dağ xizəkçiliyinin nəhəng slalom yarışlarında 53-cü yerlə kifayətlənmişdir. Bu gün isə digər dağ xizəkçimiz Qayya Bassani qadınların nəhəng slalom yarışında mübarizəyə qoşulacaq.

Olimpiadanın 12-cü günü, fevralın 19-da  səkkiz dəst medal oynanılmışdır. Həmin gün qızıl medalları qadınların snoubord yarışlarında müvafiq surətdə Rusiya təmsilçisi Viktor Uayld və Patrisiya Kummer (İsveçrə), dağ xizəkçiliyinin nəhəng slalom yarışlarında Ted Ligeti (ABŞ), xizəksürən qadınların komanda sprintində Norveç və həmin növdə kişilərin rəqabətində  Finlandiya idmançıları, qadın konkisürənlərin 5000 metr məsafəyə yarışında çexiyalı Martina Sablikova, biatlonçuların qarışıq estafetində Norveç nümayəndələri qazanmışlar.

Kişilərdən ibarət xokkey komandalarının böyük maraqla izlənilən turnirində dörddəbir final görüşləri belə nəticələnmişdir: İsveç-Sloveniya-5:0, ABŞ-Çexiya-5:2, Finlandiya-Rusiya-3:1, Kanada-Latviya-2:1. Bu günə təyin edilmiş yarımfinal matçlarında İsveç yığması Finlandiya komandasını sınağa çəkəcək, ABŞ xokkeyçiləri  isə kanadalı rəqibləri ilə qarşılaşacaqlar.

Olimpiadanın 12-ci yarış günündən sonra medal qazanmış ölkələrin siyahısına 9 qızıl, 4 gümüş və 7 bürünc mükafatla Norveç başçılıq edir.  Sonrakı iki pillədə müvafiq surətdə Almaniya (8+3+4) və ABŞ (7+5+11) komandaları irəliləyirlər. Oyunların sahibləri Rusiya idmançıları 6 qızıl, 9 gümüş və 7 bürünc medalla dördüncü mövqedədirlər. Digər yaxın xaric ölkələrindən Belarus 5 qızıl,1 bürünc, Latviya 1 gümüş, 2 bürünc, Qazaxıstan və Ukrayna hərəyə 1 bürünc mükafat qazanmışlar. Dünənki startlaradək cəmisi 226 medal–76 qızıl, 74 gümüş və 76 bürünc mükafat oynanılmışdır. Onlar 26 ölkə idmançılarına təqdim olunmuşdur.

Dünən Soçinin idman meydanlarında XXII Qış  Olimpiya Oyunlarının iştirakçıları daha 6 dəst medal uğrunda mübarizə aparmışlar.

Oqtay BAYRAMOV,
“Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında