Yeni idman qurğuları həmçinin, ölkəmizdə beynəlxalq səviyyəli yarışların təşkili üçün də lazımı şəraiti təmin edir. Odur ki, 1999-cu ildən başlayaraq beynəlxalq idman tədbirlərini ölkəmizdə təşkil etmək bir ənənə halını almışdır. Ötən dövr ərzində Azərbaycanda təşkil edilmiş beynəlxalq səviyyəli yarışların sayı artıq yüzlərlə ölçülür. Qeyd etmək lazımdır ki, ölkəmizdə təşkil edilən idman tədbirlərinin miqyası və səviyyəsi etibarilə də ilbəil genişlənmişdir.
Növbəti XXVIII Afina Yay Olimpiya oyunlarına (2004) respublikamız artıq beynəlxalq idman aləmində formalaşmış müsbət imiclə, geniş maddi-texniki şəraitlə hazırlaşmaq imkanlarına malik idi. Bu dövrdə ölkəmizin ictimai siyasi həyatında da vacib dəyişikliklər baş vermişdi. Azərbaycan Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham Əliyev 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının Prezidenti vəzifəsinə seçildi. İndi onun üzərində daha böyük vəzifə və məsuliyyətlər var idi, lakin cənab Prezident bədən tərbiyəsi və idman sahəsinə olan diqqətini heç də azaltmadı. Əksinə, Azərbaycan idmançıları və mütəxəssislərinin “Bizim Prezidentimiz şəxsən Olimpiya Komitəsinə rəhbərlik edir”, — söyləyərək qürur hissi keçirmələrinə imkan yarandı.
Cənab İlham Əliyevin həm ölkə idmanına, həm də ümumiyyətlə beynəlxalq Olimpiya Hərəkatının inkişafı üçün verdiyi töhvələr diqqətsiz qalmırdı. 2004-cü ilin aprel ayında Beynəlxalq Olimpiya Komitəsi Azərbaycan Prezidenti İlham Əliyevə Olimpiya Hərəkatında göstərdiyi görkəmli xidmətlərinə görə təşkilatın ən yüksək mükafatını “Olimpiya Ordeni”ni təqdim etdi. Bu ordenin təqdimatı cənab Prezidentin böyük səylərinin yüksək səmərə verdiyinin, ölkəmizin nəzərəçarpan nailiyyətlər əldə etdiyinin beynəlxalq təşkilatlar tərəfindən tanınması demək idi.
2003-cü ilin 12 dekabr tarixində xalqımızın ümummilli lideri Heydər Əliyev vəfat etdi. Bu itki xalqımızı sarsıtsa da, Heydər Əliyevin müdrik siyasətinin inamla davam etdirilməsi ulu öndərin əziz xatirəsini daim qəlblərdə yaşada bildi. Azərbaycan idman ictimaiyyəti də öz növbəsində həm keçmiş sovet, həm də müstəqillik illərində ümummilli liderin idmançılara verdiyi dəstək, bədən tərbiyəsi və idman sahəsinin inkişafı üçün göstərdiyi xidmətləri daim yad edir, əldə edilən zəfərləri onun əziz xatirəsi ilə bağlayır.
Müasir Olimpiya Hərəkatının, Beynəlxalq Olimpiya Komitəsinin yaradılmasının yüz on illik yubileyi ərəfəsində təşkil edilmiş Afina Olimpiadasına Azərbaycan Olimpiya komandası 38 idmançı ilə yola düşdü. Yolasalma mərasimində Azərbaycan Respublikasının və Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyev nümayəndə heyətinə uğurlar arzuladı. Afina Olimpiya oyunlarında 12 idman növü üzrə çıxış edən idmançılarımız ötən olimpiadalara nisbətən medalların sayını artıraraq beşə çatdırdılar. Güllə atıçılığı üzrə idmançımız İradə Aşumova, Sidney Olimpiya oyunlarının çempionu, stend atıcısı Zemfira Meftəhətdinova, Afinada iştirak edən doqquz boksçumuzdan ikisi Ağası Məmmədov və Fuad Aslanov bürünc medal qazanaraq, Azərbaycanın dövlət bayrağını bu mötəbər yarışda yüksəltməyə nail oldular. Xalqımızın səbirsizliklə gözlədiyi Olimpiya qızılı bu dəfə yunan-Roma güləşçimiz Fərid Mansurovun inamlı qələbələri vasitəsilə komandamızın hesabına əlavə edildi. Azərbaycan Respublikasının dövlət himni çoxminli tamaşaçıları ayağa qaldırdı, bayrağımız ən yüksəkdə dalğalandı. Bir qızıl, dörd bürünc medalla bu dəfə Azərbaycan 202 ölkə arasında 50-ci oldu.
Afina Oyunlarında iştirak edən idmançılarımızdan Vitali Rəhimov (yunan -Roma güləşi), Rövşən Hüseynov, Ruslan Xairov (boks), Mehman Əzizov, Mövlud Mirəliyev (cüdo), Rüstəm Ağayev (sərbəst güləş), Rəşad Əhmədov (taekvondo), Turan Mirzəyev və Alan Naniyev (ağırlıq qaldırma) birinci onluqda yer tutmağa nail oldular.
Bakıya döndükdən sonra Azərbaycan Prezidenti İlham Əliyev ənənələrə sadiq qalaraq XXVIII Yay Olimpiya oyunlarının iştirakçılarını qəbul etdi. Əldə olunan nailiyyətləri dəyərləndirərək müvəffəqiyyət qazanmış idmançılarımız və onların məşqçilərini yüksək dövlət mükafatları ilə təltif etdi.
İdman meydançalarını Afina Olimpiya oyunlarından təhvil alan XII Yay Paralimpiya oyunlarına (Afina 2004) Azərbaycan paralimpiyaçıları dörd idman növü üzrə on bir idmançı ilə qoşuldular.
Cüdo idman növündə ölkəmizi təmsil edən Qarabağ müharibəsində Vətən torpaqlarının müdafiəsi zamanı düşmən snayperinə tuş gələrək görmə qabiliyyətini itirmiş İlham Zəkiyev bu mötəbər yarışlarda xalqına zəfər gətirmək şansından məharətlə istifadə etdi. O, Paralimpiya oyunlarında çaldığı qələbələri ilə Azərbaycanın idman tarixində yeni səhifə açdı. İlk Paralimpiya çempionumuz İlham Zəkiyev oldu. Bu qələbə xalqımıza böyük sevinc bəxş etdi.
Afina Paralimpiya oyunlarının Atletika yarışlarında iştirak edən altı idmançımızdan ikisi xalqımıza yeni fərəh hissləri bəxş etdi. Oleq Panyutin uzununa tullanma yarışlarında çempion adını qazandı, Zeynidin Bilalov isə üç təkanla tullanma üzrə gümüş mükafatı əldə edə bildi. Bu mötəbər yarışlarda Sidney Paralimpiya oyunlarının gümüş mükafatçısı Yelena Taranova bu dəfə bürünc medalla yenidən mükafatçı oldu. Beləliklə, dörd medal (iki qızıl, bir gümüş, bir bürünc) ilə XII Yay Paralimpiya oyunlarında 136 ölkə arasında 45-ci yer tutan komandamızı Vətəndə xalqımız və dövlətimiz layiqincə qarşıladı. Olimpiya qəhrəmanları yüksək dövlət mükafatları ilə təltif olundular.
Yeni Olimpiya dövrü ərzində idmançılarımız ciddi şəkildə növbəti XXIX Pekin Yay Olimpiya Oyunlarına (2008) hazırlaşır, müvafiq dövlət qurumları və Milli Olimpiya Komitəsi, milli idman federasiyaları bu hazırlığın keyiyyətli olmasını təmin edirdi. Statistik məlumatlara görə, 2004-2008-ci illər ərzində respublikamızda 44 beynəlxalq yarış keçirilmişdir. Əlbəttə, bu yarışların təşkili daha böyük sayda idmançımızın yarış təcrübəsi keçməsinə, o cümlədən Pekin Olimpiya oyunlarına lisenziya qazanmalarına əlverişli şəraitin olması deməkdi. Həm təşkil edilən beynəlxalq yarışlar çərçivəsində, həm də gələcək əməkdaşlığı qurmaq və möhkəmləndirmək məqsədilə bir sıra beynəlxalq idman təşkilatlarının rəsmilərinin Bakıya səfərləri və dövlət başçısı cənab İlham Əliyevlə görüşləri ölkəmizin beynəlxalq idman əlaqələrinin genişlənməsinə, daha böyük idman layihələrinə cəlb olunmasına yeni imkanlar açdı.
4 mart 2005-ci il tarixdə Prezident İlham Əliyevin sərəncamı ilə 5 mart tarixinin ölkəmizdə Bədən Tərbiyəsi və İdman Günü olaraq təsis edilməsi bədən tərbiyəsi və idman ictimaiyyəti arasınada yüksək əhvali- ruhiyyəyə səbəb oldu. Bu günün seçilmə səbəbi də təsadüfi deyildi. Məhz 1995-ci il martın 5-də ulu öndər Heydər Əliyev ölkədə bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanı yaratmışdır. Ümummilli lider həmin gün dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, sağlam həyat tərzini, idmanın inkişafını təmin etmək məqsədilə əsaslı vəsait ayıraraq İdman Fondu yaratmış və beləliklə, böyük uğurların təməlini qoymuşdur.
2007-ci ildə bir müstəqil dövlət kimi çox gənc hesab edilən və postsovet respublikalarının bir çoxunun hələ də keçid dövrünün çətinliklərini yaşadığı halda, Azərbaycanın ən mötəbər idman tədbiri olan Olimpiya oyunlarına ev sahibliyi etmək iddiası çoxlarının təəccübünə səbəb oldu. Əlbəttə, o zaman idman infrastrukturunun formalaşdırılması istiqamətində ciddi uğurlar qazanmış Azərbaycanın bu addımı dünyaya yalnız idmanın inkişafı ilə bağlı deyil, ölkəmizin ümumən iqtisadi imkanlarının, stabil siyasi durumun bu gün və gələcək illərdə belə bir möhtəşəm tədbirin keçirilməsi dövlətin təminat verdiyi haqqında bir mesajdı. 2016-cı il Olimpiya oyunlarının təşkili üçün iddiaçı şəhər kimi qeydə alınan paytaxtımız Bakının bu gərgin mübarizədə qalib çıxacağına, əslində, böyük ehtimal olmadığı anlasaq da, bu iddiadan ölkəmiz hər bir halda fayda əldə edirdi. Ölkəmizin, dövlətimizin imkanlarını təbliğ etmək, belə böyük layihələrdə iştirak edərək təcrübə toplamaq gələcək uğurlara səbəb ola biləcək amillərdən idi. Bütün bunlar Azərbaycan idmansevərləri üçün də, dövlətimiz üçün də böyük stimul idi.
Azərbaycanın Olimpiya Hərəkatının geniş vüsət aldığı idman ölkəsinə çevrildiyini XXIX Yay Olimpiya oyunlarına (Pekin 2008) qırx dörd idmançı ilə qoşulan Olimpiya komandamızın nailiyyətləri də bir daha təsdiq edir. Pekin Olimpiya oyunlarına yolasalma mərasimində olimpiyaçılara müraciət edən Prezident İlham Əliyev öz nitqində deyir: “Mən əminəm ki, Olimpiya oyunlarında doğma Vətənimizi, həmişə olduğu kimi, ləyaqətlə təmsil edəcəksiniz. ...Siz bilin ki, bütün vətənpərvər Azərbaycan vətəndaşları bu oyunları izləyəcəklər, sizin qələbənizi gözləyəcəklər və Azərbaycana qələbə ilə qayıdanda sizi böyük təntənə ilə qəbul edəcəklər. Sizə uğurlar, qələbələr arzulayıram”. On idman növündə mübarizə aparan Olimpiya komandamızın üzvlərinin də gərgin mübarizədə Prezidentimizin bu sözlərini və Vətəni ləyaqətlə təmsil edəcəkləri haqda verdikləri vədi unutmadıqları bəlli olur. Yeddi Olimpiya medalı ilə Vətənə dönən olimpiyaçılarımız öncəki Olimpiya nailiyyətlərini daha da yüksəltdilər.
Pekin Olimpiya oyunlarında ən yüksək nailiyyəti cüdoçu Elnur Məmmədli əldə etməyə müyəssər oldu. Elnurun möhtəşəm qələbəsi Azərbaycan himninin əzəmətli akkordları ilə qeyd olundu. Olimpiya qələbəmizi Vətənimizdə, eləcə də Vətəndən uzaqda yaşayan azərbaycanlılar da qeyd etdilər. Güləşçimiz Rövşən Bayramov və Vitali Rəhimov da böyük ustalıq nümayiş etdirdilər və Olimpiadanın gümüş mükafatını əldə edərək bayrağımızı yüksəltməyə nail oldular. Daha dörd idmançımız Pekində dövlət bayrağımızı dalğalandırdı. Cüdoçu Mövlud Mirəliyev, sərbəst güləşçilər Xetaq Qazyumov, Mariya Stadnik və boks üzrə idmançımız Şahin İmranov Pekin Olimpiya oyunlarında bürünc medallar əldə edərək ölkəmizin Olimpiya tarixinə öz adlarını həkk etdirdilər. Bu münvalla Olimpiya komandamız 204 ölkə arasında 39-cu yerə yüksəldi. Pekində qazanılan parlaq zəfərlərin dəyərini olimpiyaçılarımız Azərbaycana döndükdə, elə hava limanında hiss edə bildilər. Dövlət başçısı İlham Əliyev “Azərbaycan Milli Olimpiya komandasının üzvlərinin təltif edilməsi haqqında” sərəncamı bu yüksək qələbəni bir daha şərəfləndirdi.
2008-ci ilin sentyabr ayında Çin Xalq Respublikası XIII Yay Paralimpiya oyunlarına da ev sahibliyi etdi. Azərbaycan paralimpiyaçıları bu yarışlara böyük ruh yüksəkliyi ilə qatılmışdılar. Belə ki, Paralimpiya oyunlarına yollanmaqdan öncə onlar beynəlxalq standartlara uyğun inşa edilmiş yeni Paralimpiya Kompleksini təhvil almışdılar. Kompleksin açılış mərasimində iştirak edən Prezident İlham Əliyev paralimpiyaçıları yeni idman qurğusunun istifadəyə verilməsi münasibəti ilə təbrik etdi və Pekin Paralimpiya oyunlarında onlara uğurlar arzuladı. Bu yüksək əhvali-ruhiyyənin və hazırlığın nəticəsində Pekin Olimpiya oyunlarında 18 idmançı ilə dörd idman növündə (7 cüdoçu, 7 atletika, 3 pouverliftinq, 1 atıcılıq) mübarizəyə qatılan paralimpiyaçılarımız on medal əldə etdilər. Onlardan ikisi qızıl, üçü gümüş, beşi isə bürünc medal idi. Azərbaycan cüdo məktəbinin Pekin uğurları Paralimpiya oyunları ilə davam etdi. Afina Paralimpiya oyunlarının çempionu, cüdoçu, İlham Zəkiyev Pekində də dövlət himnimizi səsləndirməyə nail oldu. Digər cüdoçularımızdan Tofiq Məmmədov və Kərim Sərdarov gümüş, Ramin İbrahimov isə bürünc medal əldə etdilər. Digər altı medal isə atletikanın müxtəlif növlərində əldə edildi. Nizə atma yarışlarında mübarizə aparan O.Musayev Paralimpiya oyunlarının ən yüksək pilləsinə qalxaraq xalqımıza bir daha çempionluq sevincini yaşatdı. Üçtəkanla tullanma yarışlarında isə atletlərimiz Zeynidin Bilalov gümüş, Vladimir Zayets isə bürünc mükafata layiq görüldü. Pekin Paralimpiya Oyunlarının çempionu Oleq Panyutin uzunluğa tullanma, Rza Osmanov 400 m məsafəyə, Vüqar Mehdiyev isə 200 m məsafəyə qaçışda komandamızın hesabına daha üç bürünc medal əlavə etdilər. Komandamız 146 ölkə arasında 38-ci yerə yüksəldi.
(ardı var)
Səlhət ABBASOVA,
fəlsəfə doktoru, fəxri bədən tərbiyəsi və idman işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.