Soçi Olimpiadasında

Rusiyanın Soçi şəhərində XXII Qış Olimpiya Oyunları gündən-günə sürətini artırır. Yarışların ilk iki günündə 17 ölkənin idmançıları fəxri kürsüyə dəvət olunmuşlar. Olimpiadanın startında Norveç nümayəndələri xüsusilə fərqlənmişlər. Onlar 7 medal-2 qızıl, 1 gümüş, 4 bürünc mükafatın sevincini yaşamışlar.

Medal qazanmış ölkələrin siyahısında ikinci-beşinci mövqelərdə irəliləyən Hollandiya, ABŞ, Kanada və Rusiya komandaları hərəyə 4 medal qazanmışlar. Norveçlilər kimi, Hollandiya və ABŞ olimpiyaçıları da iki növdə birinci olmuşlar. Kanada və Rusiya isə bir qızıl mükafata sevinmişlər. Avstriya, Polşa, Almaniya, Slovakiya, İsveçrə, İsveç, İtaliya, Çexiya, Finlandiya, Sloveniya, Ukrayna və Böyük Britaniya komandaları da artıq öz medallarının hesabını açmışlar.

Soçi startlarında ilk qızıl mükafat ABŞ təmsilçisi Seyc Kotsenburqa təqdim olunmuşdur. O, snoubord yarışlarının bir növü olan sloupstaylda ən yaxşı nəticə göstərmişdir.

Qış Olimpiya Oyunları tarixində ilk dəfə olaraq proqrama fiqurlu konkisürənlərin komanda yarışları da daxil edilmişdir. Bu turnirdə ilk qızıl medalı isə Rusiya komandası qazanmışdır. İkinci-üçüncü yerləri müvafiq surətdə Kanada və ABŞ idmançıları tutmuşlar.

Xəbər verdiyimiz kimi, ilin ən mötəbər idman hadisəsi olan XXII Qış Olimpıya Oyunlarında Azərbaycan dörd idmançı fiqurlu konkisürənlər Yuliya Zlobina və Aleksey Sitnikov, dağ xizəkçiləri Patrik Braxner və Sedrik Hots ilə təmsil olunur.

Fevralın 8-də XXII Qış Olimpiya Oyunları çərçivəsində Azərbaycan günü keçirilmişdir. Tədbirdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax, Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki, Soçidə Olimpiadanın iştirakçısı olan ölkələrin milli olimpiya komitələrinin rəhbərləri və digər rəsmi şəxslər iştirak etmişlər. Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov görüş zamanı ölkəmizdə idmanın və Olimpiya Hərəkatının geniş vüsət aldığını qeyd etmiş, 2015-ci ildə paytaxtımızda təşkil olunacaq Birinci Avropa Oyunlarına hazırlığın gedişi haqqında məlumat vermiş və əmin olduğunu bildirmişdir ki, “Bakı – 2015” yüksək səviyyədə keçəcəkdir.

Oqtay BAYRAMOV,

“ Xalq qəzeti” 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında