(Əvvəli qəzetin 16 yanvar tarixli sayında)
1992-ci il Barselonada keçiriləcək XXV Yay Olimpiya Oyunları ilə ondan öncəki Seul Olimpiya Oyunları (1988) arasındakı tarixi dövr dünyanın siyasi vəziyyəti və xəritəsində ciddi dəyişikliklərlə yaddaşlara həkk olundu. İlk növbədə SSRİ-nin dağılması ilə ikitərəfli soyuq müharibəyə son qoyuldu və Olimpiya Oyunlarının boykotuna səbəb olan yarışlara çözüldü. Cənubi Afrika, Şimali Koreya və Kuba oyunlara yenidən qatıldı. Almaniya bir bayraq altında birləşərək yarışlara qoşuldu və SSRİ-nin dağılması ilə on iki keçmiş sovet respublikası Müstəqil Dövlətlər Birliyinin (MDB) komandası şəklində Olimpiya Oyunlarında iştirak etməli oldu. Post-sovet respublikalarının müstəqillik əldə etmələrinə baxmayaraq, suveren dövlət kimi Barselona Olimpiadasında iştirak edə bilməməsinin səbəblərindən biri idmançıların oyunlara lisenziya qazanmaq uğrunda çıxış etdikləri yarışlarda hələ müstəqil dövlətlərini təmsil edə bilmədikləri, digər səbəb isə dövlətlərin Milli Olimpiya komitələrinin Beynəlxalq Olimpiya Komitəsi tərəfindən hüquqi qurum kimi tanınmaması idi. Bunun üçün tələb olunan prosedurların həyata keçirilməsi vaxt baxımından mümkün olmamışdı. Bunları nəzərə alaraq Beynəlxalq Olimpiya Komitəsi keçmiş sovet respublikalarının idmançılarını MDB komandası şəklində, Beynəlxalq Olimpiya Komitəsinin bayrağı altında iştirakına icazə verdi. Oyunlar zamanı komanda yarışlarında Beynəlxalq Olimpiya Komitəsinin bayrağı və himninin, şəxsi birinciliklərdə isə idmançının təmsil etdiyi ölkənin bayrağının və himninin istifadə edilməsi qərarlaşdırılmışdı. XXV Yay Olimpiya Oyunlarının açılış mərasimində MDB komandası Beynəlxalq Olimpiya Komitəsinin və birlik üzvü olan ölkələrin bayraqları altında meydana daxil oldular.
Azərbaycan idmançıları Nazim Hüseynov, Valeri Belenki, İlqar Məmmədov, Valeri Timoxin və Valentina Papova tarixdə ilk dəfə Olimpiya stadionundan müstəqil Azərbaycan dövlətinin bayrağı altında keçdilər. Sadəcə bu keçidin yenicə dövlət müstəqilliyi qazanmış xalqımız üçün nə qədər dəyərli və ilhamverici olduğunu xatırlamaq özü də insana yenidən ruh və həyəcan hissləri yaşadır.
Dünyanın ən mötəbər idman yarışında əldə etdiyi qızıl medalla müstəqil dövlətimizin bayrağını ucaltmaq və himnini səsləndirmək şərəfi cüdoçumuz Nazim Hüseynova nəsib oldu. Digər idmançımız Valeri Belenki gimnastika yarışlarında komanda hesabında birinci yer tutaraq qızıl, şəxsi hesabda isə üçüncü yer tutaraq bürünc medal qazandı. Bu nəticələr xalqımızın müstəqillik tarixinin ilk şanlı salnamələrindən idi. Keçid dövrünün ağır sosial-iqtisadi problemləri, torpaqlarının işğalı və qeyri-stabil siyasi durumun gərginliklərini yaşayan xalqımız üçün bəşəriyyətin belə mötəbər tədbirində müstəqil dövlətinin bayrağının ucaldığını görmək, dahi Üzeyirbəy Hacıbəylinin xalqımızın coşqu dolu ruhunu şövqlə ifadə etdiyi müstəqil Azərbaycan Respublikasının himninin bütün dünyaya səsləndirilməsini müşahidə etmək kövrək addımlarla irəliləyən dövlətimizin gələcəyinə, əzmkarlıqla hər cür çətinliyi dəf etməyin mümkün olmasına inam və ruh yüksəkliyi idi. Qələbəyə inam hissi bu dövrdə xalqımız üçün hər şeydən vacib idi.
Azərbaycanın müstəqil dövlət kimi Olimpiya Oyunlarında ilk dəfə təmsil olunması müasir Olimpiya Oyunlarının yüz illik yubileyinə təsadüf etdi. 1896-cı ildə yenidən bərpa edilmiş I Olimpiya Oyunlarından (Afina, Yunanıstan) düz bir əsr sonra, say etibari ilə XXVI olan Olimpiada Amerika Birləşmiş Ştatlarının Atlanta şəhərində (1996-cı il) təşkil edilmişdi. 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsi artıq Azərbaycan Milli Olimpiya Komitəsini rəsmi olaraq tanıdığından bu möhtəşəm idman bayramının açılış mərasimində Azərbaycan Respublikasının adı ilk dəfə müstəqil dövlət kimi səsləndi, ölkəmiz öz bayrağı altında iyirmi üç idmançı ilə təmsil olundu. Əslində, bu rəqəmin özü də böyük irəliləyiş idi.
Təbii ki, bu irəliləyişlərə təkan verən əsaslar ölkəmizin ictimai siyasi həyatındakı ciddi dəyişikliklərlə bağlı idi. 1993-cü ildə xalqın təkidi ilə ölkə rəhbərliyinə qayıtmış Heydər Əliyevin apardığı daxili və xarici siyasət nəticəsində respublikada sabitlik yaranır, dövlət quruculuğu istiqamətində ciddi addımlar atılirdı. Görülən qlobal işlər çərçivəsində gənclərin problemləri və idman sahəsinin, demək olar ki, dağıdılmış maddi texniki bazası və sisteminin yenidən bərpası məsələləri də uzaqgörən siyasətçinin diqqətindən kənarda qalmadı. 1993-cü ilin oktyabrında ümumxalq səsverməsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilmiş Heydər Əliyev artıq 26 iyul 1994-cü il tarixdə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin yaradılması haqqında fərman imzaladı. Bu fərmanla yeni yaradılmış nazirliyin başlıca fəaliyyət istiqamətləri müəyyən edilmiş, müstəqil dövlətin amallarına cavab verən mütərəqqi gənclər qüvvəsinin hazırlanması üçün tələb olunan dəstəklə yanaşı, ölkədə bədən tərbiyəsi sahəsində milli proqramın həyata keçirilməsi, bədən tərbiyəsi və idmanın kütləviliyinin artırılması, maddi texniki bazasının inkişaf etdirilməsi, beynəlxalq idman əlaqələrinin genişlənməsi və s. kimi məsələlər də dövlət gənclər və idman siyasətinin əsasını təşkil etdiyi vurğulanırdı. Gənclər və İdman Nazirliyinin müəyyən olunmuş vəzifələrinin icrasına göstərdiyi səylər, eləcə də qarşıdakı Atlanta oyunlarına hazırlıq haqqında Azərbaycan Respublikasının Prezidentinin 1995-ci ildə verdiyi xüsusi sərəncamın yerinə yetirilməsi sayəsində idmançılarımız ciddi hazırlıq keçərək, lisenziyalar və xüsusi iştirakçı dəvətləri əldə edə bilmiş, XXVI Yay Olimpiya Oyunlarında ilk dəfə iştirak edəcək Azərbaycanın Olimpiya komandasının heyətinə daxil olmuşlar.
1995-ci il martın 5-də ölkə Prezidenti Heydər Əliyevin idman ictimaiyyəti ilə görüşdə etdiyi çıxışı və Barselona Olimpiya Oyunlarının qalibi Nazim Hüseynovun “Şöhrət” ordeni, digər on iki nəfər idmançının isə “Tərəqqi” ordeni ilə təltif olunması haqqında verdiyi fərman respublikada bədən tərbiyə və idman sahəsinin inkişafına dövlətin xüsusi diqqət yetirdiyini bir daha təsdiqləyərək, bu sahədə çalışan həm mütəxəssislər, həm də idmançılara yeni ruh verdi. 1996-cı ilin iyununda ilk milli Olimpiya komandamızın Antlantaya yolasalma mərasimi də unudulmaz anlar kimi xatirələrə həkk olundu. Ulu öndər o tədbirdə olimpiyaçılarımıza belə mötəbər yarışda iştirak etməyin xalqımız üçün əlamətdar hadisə olduğunu və idmançılarımızın uğurlarına inandığını söyləmişdi. Bu görüşdə idmançılarımız da qələbə uğrunda səylə çalışacaqlarına və ölkəmizi ləyaqətlə təmsil edəcəklərinə and içdilər.
İdmanın müxtəlif növlərində çıxış edən olimpiyaçılarımız (yüngül atletika, Yunan-Roma güləşi, sərbəst güləş, cüdo, boks, ağır atletika, qılıncoynatma, üzgüçülük, suya tullanma, atıcılıq idman növü) həqiqətən əzmlə çalışaraq idmansevərlərin xatirəsində iz qoymağı bacardılar. Belə idmançılarımızdan boksçu Ədalət Məmmədov, cüdoçu Zülfiyyə Hüseynova, atıcı İradə Aşumova, güləşçi Məmməd İbrahimov təmsil etdikləri idman növü üzrə ən yaxşı on idmançı sırasında yer aldılar. Olimpiya Oyunlarında ilk dəfə iştirak edən komandamız üçün bu, şübhəsiz, yüksək nəticə idi. Lakin xalqımız idmançılarımızın Olimpiya Oyunlarından mükafatla dönəcəklərinə inanır və müstəqil dövlətimizin bayrağının uzaq Amerikada dünya xalqlarının gözü qarşısında ucalaçağı anı səbirsizliklə gözləyirdi. Nəhayət, bu xöşbəxt anı sərbəst güləş üzrə idmançımız, o zaman ikiqat Avropa çempionu Namiq Abdullayev xalqımıza bəxş etdi. Böyük əzmkarlıq və professionallıq nümayiş etdirən güləşçimiz finalda bolqar güləş məktəbinin nümayəndəsinə məğlub olaraq Olimpiya Oyunlarının gümüş mükafatına layiq görüldü. Bu Olimpiyadada idmançılarımızın əldə etdiyi naliyyətlər artıq ayrıca olaraq Azərbaycan Respublikasının adına qeyd olundu, bu isə xalqımızın tarixində yeni salnamə idi. 197 iştirakçı dövlət arasında 61-ci yeri tutmaq, şübhəsiz, böyük qələbə idi. Bu qələbə Azərbaycan xalqı və rəhbərliyi tərəfindən layiqincə dəyərləndirildi. Olimpiya mükafatçısı Namiq Abdullayev Azərbaycan Prezidenti tərəfindən yüksək dövlət mükafatı, “Şöhrət” ordeni ilə təltif edildi.
1996-cı ildə Azərbaycan idman tarixində daha bir əlamətdar hadisə yer almışdı. Bu, Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin yaradılması və ilk dəfə olaraq Milli Paralimpiya Komandasının Yay Paralimpiya Oyunlarında iştirakı idi. Cəmi iki idman növü (atletika və pauerlifting) və iki idmançı ilə (Aleksandr Antofi və Gündüz İsmayılov) X Yay Paralimpiya Oyunlarından (Atlanta, 1996) başlanan bu yol sonralar şanlı zəfər yoluna çevriləcəkdi.
Atlanta Olimpiya və Paralimpiya Oyunlarından sonra ölkənin idman ictimaiyyəti bu mötəbər idman tədbirinə hazırlığın çox ciddi bir proses olduğunu dərk edərək, mövcud imkanları təhlil edib, çatışmazlıqları aradan qaldırılmasının operativ yolları araşdırmağa başladı. Hərçənd, ölkədə dövlətin idman siyasətini həyata keçirən qurum—Gənclər və İdman Nazirliyi fəaliyyət göstərirdi və qarşıya qoyulmuş məsələləri optimal surətdə həll etməyə çalışırdı. Lakin keçid dövrünün çoxsaylı problemlərinin həllində, baxımsızlıq üzündən yararsız hala düşmüş idman qurğuları, qaçqınların yerləşdirilməsi məcburiyyətindən fəaliyyət istiqamətini dəyişmiş idman bazaları, sosial təminat problemləri ucbatından ölkəni tərk etmiş idman mütəxəssisləri və idmançıları Vətənə qaytarmaq üçün tələb olunan təxirəsalınmaz tədbirlər beynəlxalq idman təşkilatlarının tələblərinə müvafiq iş qurmaq bacarığı olan mütəxəssislərin hazırlanması, bədən tərbiyəsi və idmanın təşkilati və hüquqi bazasının təkmilləşdirilməsi və s. kimi məsələlərin çözülməsində yardımçı ola bilən ictimai quruma ehtiyac var idi. Növbəti Olimpiya Oyunlarına lisenziyaların əldə edilməsi üçün hazırlığın müvəffəqiyyətli olması üçün elə dərhal bitmiş Olimpiyadadan sonra fəaliyyətə başlanmalı idi. Təəssüf ki, o dövrdə mövcud olan Milli Olimpiya Komitəsinin fəaliyyəti qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün qənaətbəxş deyildi və bu vəziyyət respublikanın idman ictimaiyyətini narahat edirdi. Nəhayət, 1997-ci ilin iyul ayında Milli Olimpiya Komitəsinin Baş Məclisində qəbul edilmiş qərar ölkəmizdə Olimpiya hərəkatının, eləcə də ümumilikdə bədən tərbiyəsi və idmanın inkişafında kəskin dönüş yaranmasına səbəb oldu. O zaman Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyev idman ictimaiyyətinin təklifini qəbul etdi və Milli Olimpiya Komitəsinin Baş Məclisində keçirilmiş seçkilərin nəticəsinə əsasən bu qurumun yeni prezidenti seçildi. Bu seçimlə ölkəmizdə bədən tərbiyəsi və idman sahəsinin yeni dirçəliş dövrü başlandı.
1997-ci il 23 dekabr tarixində “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə mindi. Bu hadisə bədən tərbiyəsi və idmanın hüquqi bazasını təmin edərək, bu sahənin gələcək inkişafının möhkəm təməlini qoydu. 1998-ci ilin fevral ayında isə növbəti XXVII Sidney Yay Olimpiya Oyunlarına (2000) hazırlıqla bağlı dövlət başçısı Heydər Əliyev xüsusi sərəncam imzaladı. Sərəncamla yardılmış təşkilat komitəsi və Nazirlər Kabineti idmançılarımızın Sidney Olimpiya Oyunlarına hazırlıqla bağlı Milli Olimpiya Komitəsinin təqdim etdiyi xüsusi proqramlara əsasən, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsini təmin etməli idi. Bu isə idmançıların və idman mütəxəssislərinin dövlət qayğısı altında hədəfə doğru peşəkarcasına irəliləmələrinə zəmanət verirdi.
Belələliklə, dövlətin ölkədə sağlam həyat tərzinin təbliğinə və Olimpiya hərəkatının inkişafına göstərdiyi diqqət günbəgün artmaqda idı. 1998-ci ildə Yeniyetmələrin Respublika Oyunlarının keçirilməsinə start verməklə ölkədə gənc nəslin bədən tərbiyəsi və idmandan kütləvi şəkildə yararlanmasına dövlət tərəfindən xüsusi dəstək verildiyini və bu fəaliyyətin təkmilləşdirilməsinə aidiyyatı təşkilatların cavabdeh olduğu bir daha diqqətə çatdırıldı. Bütün bunlarla yanaşı, Milli Olimpiya Komitəsinin rəhbərliyi ölkədə idmanın maddi-texniki bazasının möhkəmləndirilməsinə və beynəlxalq idman əlaqələrinin genişləndirilməsinə böyük səy göstərir və təbii ki, bu fəaliyyət beynəlxalq idman ictimaiyyətinin gözündən yayınmır, əksinə, Milli Olimpiya Komitəsinin Beynəlxalq Olimpiya Hərəkatına fəal inteqrasiyasına kömək edirdi. Artıq Azərbaycan beynəlxalq idman tədbirlərinin keçirilməsinə ev sahibliyi etmək etimadını qazanmışdı. Olimpiya Oyunlarına lisenziya almaq uğrunda müxtəlif beynəlxalq yarışlarda iştirak etmək üçün idmançılara hər cür şərait yaradılırdı. Bunun nəticəsi olaraq XXVII Sidney Yay Olimpiya Oyunlarına komandamızın tərkibi 31 idmançıdan ibarət idi.
(ardı var)
Səlhət ABBASOVA,
fəlsəfə doktoru, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi
© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.