İlin ən mötəbər şahmat hadisəsi - Ümumdünya Olimpiadası

Bu ilin ən mötəbər idman hadisələrindən biri, şübhəsiz, Ümumdünya Şahmat Olimpiadası olacaq. Sentyabrın 20-dən oktyabrın 4-dək Rusiyanın Xantı-Mansiysk şəhərində keçiriləcək bu çox mötəbər yarışda 158 ölkə, o cümlədən Azərbaycan komandalarının (həm kişilər, həm də qadınlar) iştirak edəcəyi gözlənilir.
Artıq Olimpiadanın saytında görüşlərin cədvəli də verilmişdir. Açılış mərasimi sentyabrın 20-nə təyin edilmişdir. Ertəsi gün rəqiblər birinci turun görüşlərində qarşılaşacaqlar. Sonuncu, 11-ci "raundun" oyunları oktyabrın 3-də keçiriləcəkdir.
Təşkilatçılar iki istirahət günü də nəzərdə tutmuşlar. Ümumdünya Olimpiadasının iştirakçıları sentyabrın 26-da və oktyabrın 2-də "döyüşlərdən" azad olub, bir qədər nəfəslərini dərmək imkanı qazanacaqlar. Oktyabrın 3-də yarışların bağlanış mərasimində medalları və təbrikləri hansı ölkə komandalarının qəbul edəcəyini isə biz elə həmin gün keçiriləcək axırıncı turdan sonra biləcəyik.
Yeniyetmə olimpiyaçılar Sinqapurda görüşürlər
Sinqapurda Yeniyetmələrin I Yay Olimpiya Oyunları start ərəfəsindədir. İlk dəfə təşkil olunan bu Olimpiada bir növ böyük ustaların yaxın ehtiyat qüvvəsinə baxışa çevrilib, müxtəlif ölkələrdə gənc idmançılarla aparılan işin səviyyəsi haqqında aydın təsəvvür yaratmalıdır.
"Mükəmməllik, dostluq və hörmət" devizi ilə keçiriləcək Olimpiya oyunlarının iştirakçıları arasında, əlbəttə ki, azərbaycanlı yeniyetmələr də olacaqlar. Onlar 12 nəfərlə təmsil olunub, sərbəst güləş, yunan-Roma və qadın güləşi, ağırlıqqaldırma, taekvondo, boks, cüdo və avarçəkmə yarışlarında medallar uğrunda mübarizə aparacaqlar.
Sinqapur startlarında Azərbaycanın şərəfini 3 boksçu, 2 sərbəst güləşən və bir o qədər yunan-Roma güləşçisi, habelə qadın güləşi, ağırlıqqaldırma, taekvondo, cüdo və avarçəkmə yarışlarının hərəsində 1 idmançı qoruyacaqdır. Təmsilçilərimizdən birinci olaraq mübarizəyə avqustun 15-də "klassiklər" qoşulacaqlar. Növbəti iki gündə xalça üzərində onları qadın güləşçimiz və sərbəst guləşənlər əvəz edəcəklər. Sonra isə bacarıqlarını nümayiş etdirmək növbəsi digər idmançılarımıza çatacaq.
Azərbaycan şahmatçısı liderlər qrupunda
Azərbaycanlı Gülnar Məmmədova Polşada keçirilən 20 yaşınadək şahmatçılar arasında dünya birinciliyinin növbəti turunda almaniyalı rəqibini məğlubiyyətə uğradaraq turnir cədvəlində üçüncü mövqeyə yüksəlmişdir. Yeddi turdan sonra təmsilçimizin 5,5 xalı vardır.
Sloveniyalı lider Anna Muziçuk 6,5 xal toplamışdır. İkinci yeri tutan Nəfisə Muminova (Özbəkistan) 6 xala malikdir. Bu yarışda digər təmsilçimiz Xəyalə Abdulla 4 xalla 23-cü yerdədir. Dünən keçirilən səkkizinci turda Gülnar Məmmədovanı qaralarla Gürcüstan şahmatçısı Sopiko Quramişvili ilə görüş gözləyirdi.
Oğlanların turnirində isə həmyerlilərimizin işləri o qədər də yaxşı getmir. Yeddi görüşdə hərəyə 4 xal qazanan Vasif Durarbəyli, Eltac Səfərli və Vüqar Rəsulov turnir cədvəlinə başçılıq edən Dmitri Andreykindən (Rusiya) iki xal geri qalırlar. Ülvi Bacarani 3,5 xal toplamışdır.

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında