2013 – Azərbaycan idmanı tarixində medallarla ən zəngin il

 

Ötən il həmvətənlərimizin beynəlxalq yarışlarda 782 dəfə fəxri kürsüyə yüksəlmələri ölkədə idmana dövlət qayğısının daha bir parlaq təzahürüdür

Azərbaycan idmançıları artıq tarixin növbəti səhifəsinə çevrilmiş 2013-cü ili yüksək nəticələr və təbii ki, yaxşı əhval-ruhiyyə ilə başa vurmuşlar. Həmvətənlərimiz ötən il müxtəlif miqyaslı yarışlarda, o cümlədən dünya və Avropa çempionatlarında, Ümumdünya Universiadasında, İslam Həmrəyliyi Oyunlarında və digər mötəbər startlarda üst-üstə 782 medal qazanmışlar ki, bu da ölkəmizin idman tarixində rekord göstəricidir.

İdmanımızın ən yaxşı nümayəndələrinə təqdim olunmuş  medallardan 280-i qızıl, 233-ü gümüş, 269-u isə bürünc mükafat olmuşdur. Müqayisə üçün  diqqətinizə çatdıraq ki, ötən il 2012-ci ildəkindən (735 medal) 47 artıq medal qazanılmışdır. Sevincini yaşadığımız 782 medaldan 296-sı, o cümlədən 101 qızıl mükafat olimpiya növləri üzrə yarışlarda, 486-sı qeyri-olimpiya növləri üzrə turnirlərdə əldə olunmuşdur. Bu isə bizdə idmanın olimpiya və qeyri-olimpiya növləri arasında heç bir fərq qoyulmadığını, onların hamısının inkişafına gündəlik qayğı və diqqət göstərildiyini təsdiq edir.

Bu gün geriyə boylanıb 2013-cü ildə keçilmiş yolu, qazanılmış nailiyyətləri xatırlayarkən ilk növbədə böyüklər arasında cüdo və boks üzrə dünya çempionatları yada düşür. Avqustda tatami ustamız Elxan Məmmədov əfsanəvi Pelenin vətəni Rio-de-Janeyroda təşkil edilən dünya çempionatında 100 kq çəki dərəcəsində bütün rəqiblərindən yaxşı hazırlıq və yüksək ustalıq nümayiş etdirərək ölkəmizə qızıl medal qazandırdı.

Tarixi nailiyyət idi! Cüdonun Azərbaycanda inkişaf etdirildiyi uzun illər ərzində heç vaxt təmsilçimiz bu növdə dünya çempionu ola bilməmişdi. Bu boşluğu uzaq Braziliyada Məmmədov doldurdu. İndi dünya idmanında ən parlaq simalardan biri olan Elxan əvvəllər dünya çempionatında bürünc mükafat qazanmış, digər mötəbər yarışlarda, o cümlədən “Qran-Pri”lərdə fərqlənmiş, Pekin və London Olimpiya Oyunlarında ölkəmizin şərəfini qorumuşdu. Ötən il avqustun 31-dən isə o, Azərbaycanda cüdo üzrə ilk dünya çempionu adı daşımağa başlamışdır.

Elxan Məmmədovun fəxri kürsünün zirvəsinə məhz Rio-de-Janeyroda yüksəlməsi çox yaxşı əlamətdir. İki ildən sonra XXXI Yay Olimpiya Oyunları məhz bu şəhərdə təşkil olunacaq və belə hesab edə bilərik ki, təmsilçilərimiz Olimpiada - 2016-ya aparan yolda artıq öz kəsərli sözlərini demişlər.

Cüdo kimi çox sevimli və populyar idman növündə Olimpiya oyunları çempionlarımız var idi. Barselona - 22-də Nazim Hüseynov Müstəqil Dövlətlər Birliyinin yığma komandası heyətində bu növdə ilk azərbaycanlı olimpiya çempionu kimi tarixə düşmüşdü, Pekin - 2008-də Elnur Məmmədli müstəqil Azərbaycan Respublikasına  olimpiya qızılı qazandırmışdı. Bu gün isə bütün ölkəmiz cüdoçu dünya çempionumuzun uğurundan böyük qürur duyur.

Boksçularımız böyük qələbənin sevincini Qazaxıstanın keçmiş paytaxtı Almatıda yaşadılar. Orada keçirilən dünya çempionatında birdən-birə üç rinq ustamız çıxışlarını medalla başa vurdu. Məhəmmədrəsul Məcidov (91 kq-dan yuxarı) və Cavid Çələbiyev (56 kq) çempion adı qazandılar, Teymur Məmmədov (91 kq) bürünc mükafatçı oldu.

Əgər Məcidovla Məmmədov əvvəllər də dünya rinqində fərqlənməyi, 2011-ci ildə paytaxtımızda böyük maraq və xoş bir həyəcanla izlədiyimiz dünya çempionatında müvafiq surətdə qızıl və gümüş medallar qazanmağı bacarmışdılarsa, Çələbiyev öz idman həyatında ən böyük hünəri məhz Qazaxıstanda  göstərmiş, belə mötəbər yarışda əla nəticəsi və qızıl medalı ilə hamını yaxşı mənada təəccübləndirmişdir. Cüdo kimi, boksun da dünya idmançılarının ən ali məclisi Olimpiya oyunları proqramında xüsusi yeri olduğunu nəzərə alsaq, gündən-günə yaxınlaşmaqda olan Rio-de-Janeyro Olimpiadasını böyük nikbinliklə gözləyə bilərik.

Azərbaycan boksçularının olimpiya sınaqlarında da baş rollardan birini oynayacaqlarına ümid etməkdə haqlıyıq. Ölkədə digər növlər kimi, boksun da inkişafı üçün yaradılmış gözəl şərait belə bir qənaətə gəlməyə, çempionlarımızın sıralarının durmadan genişlənəcəyinə, medallarımızın sayının artacağına ümid etməyə ciddi əsas verir. Yığma komandamızın Almatıda dünya çempionatında ümumi hesabda Qazaxıstan və Kubadan sonra üçüncü yeri tutması çox şeyə sübutdur.

Bax beləcə, Məcidov 2013-cü illə ikiqat dünya çempionu kimi vidalaşdı, Çələbiyev də həyatında ən mötəbər qələbəsinə ötən il sevindi, Məmmədov isə dünya çempionatlarının ikiqat mükafatçısı oldu. Əgər Məhəmmədrəsulla Teymurun London Olimpiadası - 2012-dən Azərbaycana bürünc medalla qayıtdıqlarını da xatırlasaq, rinq ustalarımız, həqiqətən, əsl yüksəliş dövrü yaşayırlar.

Bu üç boksçu və cüdoçu Elxan Məmmədov 2013-cü ili bir də ona görə həmişə xoş əhval-ruhiyyə ilə xatırlayacaqlar ki, respublika Gənclər və İdman Nazirliyinin mütəxəssisləri ilin ən yaxşı on idmançısını müəyyənləşdirərkən onların adlarını birincilər sırasında çəkmişlər.

Yeri gəlmişkən, həmin siyahıda ötənilki uğurlarından böyük zövq aldığımız idmançılarla yanaşı, digər cüdoçu, dünya çempionatının bürünc mükafatçısı Orxan Səfərov, sərbəst güləş üzrə dünya çempionatının finalçısı Xetaq Qazyumov, ağırlıqqaldıranların dünya çempionatında bürünc medal qazanmış Firudin Quliyev, onun kimi dünya çempionatında fəxri kürsünün bürünc pilləsinə yüksəlmiş taekvandoçu Radik İsayev, paralimpiyaçılar arasında cüdo üzrə ikiqat Avropa çempionu İlham Zəkiyev və ili Avropa çempionu kimi başa vurmuş karateçi Rafael Ağayev də yer almışlar.

Ötən ilin ən mötəbər kompleks yarışları Kazanda (Rusiya) keçirilmiş Ümumdünya Yay Universiadası və İndoneziyanın Palemanqa şəhərində təşkil olunmuş İslam Həmrəyliyi Oyunları da idmanımızın böyük qələbələri ilə yadda qalmışdır. İstər Tatarıstan paytaxtında universiada dəsrlərindən əla qiymətlər alaraq 4 qızıl, 5 gümüş və 7 bürünc medal qazanmış tələbələrimiz, istərsə də İndoneziyada starta çıxan idmançılarımız ölkəmizin idman şərəfini layiqincə qorumuş, Azərbaycanın idman tarixinə yeni parlaq səhifələr yazmışlar.

Təsadüfi deyil ki, nümayəndə heyətlərimiz Ümumdünya Universiadasından və İslam Həmrəyliyi Oyunlarından qayıtdıqdan sonra ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti cənab İlham Əliyev idmançıları və onların məşqçilərini qəbul edərək, qazandıqları uğurları yüksək qiymətləndirmiş, idmanımızın beynəlxalq nüfuzunu daha da artırdıqları üçün onlara təşəkkürünü bildirmiş, çempionlara və mükafatçılara yeni-yeni qələbə və medallar arzulamışdır.

Prezident İlham Əliyevin ötən ilin noyabr ayında kişilərdən ibarət şahmat komandamızın üzvləri ilə görüşü də uzun müddət xatirələrdən silinməyəcək. Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Eltac Səfərli, Rauf Məmmədov və Qədir Hüseynovdan ibarət komandamız Varşavada 40-a qədər ölkənin iştirakı ilə keçirilən Avropa çempionatında Azərbaycanı qızıl medallarla sevindirmiş və qrossmeysterlərimiz Polşa paytaxtından Bakıya qayıdan kimi respublikamızın rəhbəri çempionları qəbul edib onları böyük qələbə münasibətilə təbrik etmişdi.

Xatırladaq ki, Varşavada müvəffəqiyyətdən sonra Azərbaycan komandası ikiqat Avropa çempionu olmuşdur. Mahir şahmat ustalarımız 2009-cu ildə Serbiyanın Novi-Sad şəhərində keçirilmiş qitə birinciliyində qazandıqları uğuru dörd il sonra Polşada inamla təkrar etdilər.

Təəssüf ki, yeni ilin ilk günlərində ölkəmizin ən nüfuzlu şahmatçılarından biri, 2009-cu ilin çempion komandasının üzvü, beynəlxalq qrossmeyster Vüqar Həşimovun vaxtsız vəfat etməsi şahmat qələbəsindən doğan sevincə bir kədər çaları da qatdı.

Şahmat komandamızın 2013-cü ildə Azərbaycanın ən yaxşı komandası hesab edilməsi də düzgün seçimdir. Yeni ildə də qrossmeysterlərimizi, xüsusən də onların lideri Şəhriyar Məmmədyarovu bir sıra məsul yarışlar gözləyir. Ötən il sürətli şahmatda dünya çempionu olmuş, FİDE-nin “Qran-Pri” yarışlarının yekununda iddiaçıların bu ilin mart ayında keçiriləcək turnirinə vəsiqə qazanmış Məmmədyarov planetin ən hörmətli qrossmeysterlərindən biri kimi öz böyük uğurlarını daha da artırmaq əzmindədir.

Bütün əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də Azərbaycanda yeni-yeni olimpiya idman kompleksləri inşa edilib gənclərin istifadəsinə verilmiş, idmanın maddi-texniki bazası daha da möhkəmləndirilmişdir. Hazırda respublikamızda fəaliyyət göstərən 40-dan çox bir-birindən yaraşıqlı kompleks idmanın, demək olar, bütün növlərinin nümayəndələrinə təcrübəli məşqçilərin rəhbərliyi altında səmərəli məşq etmək, öz ustalıqlarını artırmaq imkanı verir. İdman komplekslərinin böyük zövqlə, beynəlxalq tələblər səviyyəsində inşa olunması xarici mütəxəssislər tərəfindən də yüksək qiymətləndirilir. Bununla əlaqədar məşhur qrossmeyster, Gürcüstan gənclər və idman nazirinin müavini Zurab Azmayparaşvili ötən il müsahibələrindən birində demişdir ki, Azərbaycanda əksər idman kompleksləri yenidir və XXI əsrin standartlarına uyğun inşa edilmişdir. Novi-Sadda Avropa çempionu adı qazanmış şahmat komandamızın kapitanı olmuş Azmayparaşvilinin həmin müsahibədə söylədiyi daha bir fikir də bizim üçün çox qiymətlidir: Mən bir şahmatçı kimi hesab edirəm ki, 2016-cı ildə Ümumdünya Şahmat Olimpiadasını keçirmək hüququ qazanması Azərbaycanın ən böyük nailiyyətidir.

Həqiqətən, Azərbaycan idmanı əsl inkişaf, tərəqqi, böyük qələbələr yolundadır və bu yolun bundan sonra da yüksək fəallıq, işgüzarlıq, ruh yüksəkliyi şəraitində davam etdirilməsi üçün yaxşı zəmin yaradılmışdır. Elə idmanımızın 2014-cü ilə uğurla başlaması da olduqca xoş əlamətdir. Yeni ilin birinci həftəsində Azərbaycanın qadınlardan ibarət milli voleybol komandası Bakıda keçirilən dünya çempionatının seçmə turnirində Serbiya, İsrail və Estoniya yığmaları ilə mübarizədə hər üç rəqibinə qalib gələrək final mərhələsində oynamaq hüququ qazandı. Hər hansı bir işdə ilə  yaxşı başlamaq isə mühüm şərtdir. Voleybol ustalarımıza bu ilin sentyabrında İtaliyada keçiriləcək dünya çempionatının final mərhələsini də tam hazırlıqla qarşılamağı arzulayaq.

Yeni il idmanın digər növləri üzrə də mötəbər yarışlarla zəngin olacaq. İndi biz fevralın 7-də Soçidə başlanacaq Qış Olimpiya Oyunları ərəfəsindəyik. Olimpiadada ölkəmizi beş idmançı - iki fiqurlu konkisürən və üç nəfər dağ xizəkçisi təmsil edəcək.

Bu il Azərbaycanın idman həyatında ən mühüm istiqamətlərdən biri də, heç şübhəsiz, birinci Avropa Oyunlarına hazırlığın həlledici mərhələsi olacaq. Bu kompleks yarışlar, artıq hamıya məlum olduğu kimi, ilk dəfə keçiriləcək və onun təşkili hüququnun gözəl paytaxtımız Bakıya etibar olunması Azərbaycanın hər bir vətəndaşının qəlbini iftixar hissi ilə doldurur, hamımız Avropa Olimpiya Komitəsinin (AOK) ölkəmizə göstərdiyi yüksək etimada görə qürur duyuruq. Ötən ilin oktyabr ayında Azərbaycanın qonağı olmuş AOK-un prezidenti Patrik Hikke Avropa Oyunlarına hazırlıqla bağlı keçirilən mətbuat konfransında Bakının bu mötəbər yarışa təşkilatçılıq etməsini mühüm hadisə hesab etmişdir.

Həmin mətbuat konfransında 2015-ci il iyunun 12-dən 28-dək Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlığın yüksək səviyyədə getdiyini qeyd edən cənab Hikke Azərbaycanda dövlətin idmana göstərdiyi qayğını xüsusi vurğulayaraq demişdir ki, Azərbaycan dövlətinin başçısı İlham Əliyevin Milli Olimpiya Komitəsinin prezidenti olması burada idman siyasətinin düzgün istiqamətdə aparılmasından xəbər verir.

AOK birinci Avropa Oyunlarının Bakıda keçirilməsinə qərar verdikdən dərhal sonra bu böyük idman bayramına mütəşəkkil hazırlığa başlanılmışdır və qarşıdakı yarışlar üçün yeni-yeni idman kompleksləri inşa olunur. Azərbaycanın birinci xanımı, Milli Məclisin deputatı, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban xanım Əliyevanın başçılıq etdiyi Avropa Oyunlarına hazırlıq üzrə təşkilat komitəsi bu istiqamətdə işləri ardıcıl surətdə, məqsədyönlü şəkildə həyata keçirir. Oyunlar üçün inşa olunan Olimpiya stadionu, Su İdmanı Sarayı və digər idman bazalarında, eləcə də başqa sahələrdə 2015-ci ilin qitəmizdə ən mühüm idman hadisələrindən biri olacaq Birinci Avropa Oyunlarına hazırlıq tam surətdə davam edir. Şübhəsiz, həmişə olduğu kimi, gələn ildə qonağımız olacaq bütün idmançılar, məşqçilər, mütəxəssislər, ayrı-ayrı idman təşkilatları və federasiyalarının rəhbərləri, beynəlxalq idman dairələrinin nümayəndələri Bakıda tarixdə ilk Avropa Oyunlarının yüksək səviyyədə təşkilindən, burada onlara göstəriləcək əsl Azərbaycan qonaqpərvərliyindən öz vətənlərinə zəngin təəssüratla qayıdacaqlar.

Oqtay BAYRAMOV,

 “Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında