Kimi sevinir, kimi də...

"Qarabağ"ın Avroliqada aləmə səs salan, Azərbaycanda uşaqdan böyüyədək hamını sevincdən göylərə qaldıran, Avropada da rəğbətlə qarşılanan zəfər yürüşündən ruhlanan klublarımız ötən şənbə günü starta çıxan 19-cu milli çempionatımıza yüksək əhval-ruhiyyə ilə başlamışlar.
Başqa cür ola da bilməz. Ağdam klubunun beynəlxalq meydanda böyük uğurları onları da Avropada qəhrəmanlıq göstərməyə, mərhələ ardınca mərhələ adlamağa sövq edir. Gələn ilin yayında növbəti avrokuboklarda iştirak etmək hüququnu isə yenicə başlanmış Azərbaycan premyer liqasında yalnız uğurlu çıxışlar sayəsində qazanmaq mümkündür. Bunun üçün, əlbəttə, elə birinci turdan möhkəm xal ehtiyatı yaratmaq qayğısına qalmaq lazımdır.
Çempionatda topa ilk zərbə həmişə zəngin futbol ənənələri ilə fəxr etdiyimiz, ancaq təəssüf ki, son illər çətin günlər yaşamış və yaxşı ki, nəhayət, yenidən "yüksək cəmiyyətə" qayıtmış qədim Gəncədə endirilmişdir. Orada yerli "Gəncə" baş məşqçi kimi köhnə tanışımız makedoniyalı mütəxəssis Qyoko Hacıyevskinin çalışdırdığı "Simurq"u qəbul etmişdir. Oyundan sonra hər iki komandada sevinc və məyusluq hissləri qonşuluq etmişdir. Zaqatalalılar hesabı açsalar da üstünlüyü axıradək qoruya bilmədiklərinə, gəncəlilər isə evdə çempionata qələbə ilə başlamaq imkanını itirdiklərinə görə təəssüflənmişlər - 1:1.
Həmin axşam bu oyundan iki saat sonra başlanan və qollarla zəngin olan "Bakı" - AZAL (ötən çempionatda "Olimpik-Şüvəlan" adı ilə çıxış edirdi) görüşü Nazim Süleymanovun "təyyarəçilərinin" indi alman məşqçi Vinfred Şaferin başçılıq etdiyi paytaxtın eyniadlı klubu üzərində qələbəsi ilə yadda qalacaq - 3:2. Bu oyunun qəhrəmanı AZAL-ın 28 yaşlı litvalı hücumçusu, iki qolun müəllifi Qvidas Yuşka olmuşdur. Maraqlıdır, görəsən, onun keçmiş SSRİ çempionatlarında dəfələrlə "Neftçi"nin oyunlarını idarə etmiş məşhur hakim Romualdas Yuşka ilə qohumluq əlaqəsi varmı?
"Xəzər-Lənkəran" - "Qəbələ" qarşılaşmasında da rəqibləri meydana yeni əcnəbi baş məşqçilər - müvafiq surətdə rumın Mirça Rednik və ingilis Toni Adams çıxarmışlar. Rednik öz taleyindən razı qala bilər. Lənkəran klubu onun Azərbaycan çempionatında debütünü qələbə ilə qeyd etmişdir - 1:0.
Start turunun ikinci günü keçirilən qalan üç oyunda da hakimlər iki qələbə və bir heç-heçə qeydə almışlar. Turun mərkəzi görüşündə "Neftçi" və "Qarabağ" komandaları hərəyə bir xalla kifayətlənmişlər - 1:1. Bunu bir-birinə layiq rəqiblərin oyununda qanunauyğun nəticə hesab etmək olar. Bakılılar da, Ağdam futbolçuları da çempionata 3 xalla başlamaq üçün çox qüvvə sərf etsələr də, bir-birinin müqavimətini qıra bilmədilər.
Turun digər iki görüşündə bir illik fasilədən sonra yenidən premyer liqada çıxış etmək hüququ qazanmış MOİK "Muğan"ı Salyana məğlubiyyətlə yola salmış (3:2), "Turan" isə Tovuzda son çempionumuz "İnter"ə uduzmuşdur - 0:3. Çempionatda böyük hesabla ilk qələbə də məhz bu görüşdə qeydə alınmışdır.
İkinci turun oyunlarının təqvimdə avqustun 14-15-nə təyin edildiyini də diqqətinizə çatdıraq. Hələlik isə bu görüşlər ərəfəsində kimi sevinir, kimi də...

{nl}

Oqtay BAYRAMOV, "Xalq qəzeti"


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında