Azərbaycanda olimpiya hərəkatının inkişafı tarixi prizmadan

 

 

 

(Əvvəli qəzetin 12 yanvar 2014-cü il tarixli sayında)

İnsan cəmiyyəti inkişaf etdikcə bir çox məfhumlar öz ilkin formasını və ya qəbul edilmiş rolunu, təsir obyektlərini və məqsədlərini dəyişə bilir. İdman və fiziki tərbiyə də əsrlərdən-əsrlərə inkişaf edərək özünün ilkin yaşam uğrunda mübarizə, daha sonra sağlamlıq və pedaqoji tərbiyə vasitəsi kimi funksiyalarını aşaraq, cəmiyyətdə qlobal siyasi, iqtisadi və sosial məsələlərin həllində mühüm rol oynayan çoxşaxəli və effektiv təsirə malik bir fenomenə çevrilmişdir.  İdman vasitəsilə daha firavan, sülhsevər, insan ləyaqətinə hörmətlə yanaşılan bir dünya qurmaq ideyası ətrafında inkişaf edən Olimpiya Hərəkatının müasir idmanın mənəvi dəyərləri və vəzifələrinin müəyyən edilməsində xüsusi rolu vardır.

Hər cür ayrı-seçkiliyə qəti etirazını bildirən Beynəlxalq Olimpiya Komitəsi öz universal fundamental prinsipləri ətrafında dünya dövlətləri və xalqlarını birləşdirməyə nail olmuş və müasir idmanın, həqiqətən, insan bəşəriyyətinin inkişafına xidmət etməsi üçün təşkilatlı və səmərəli şəkildə fəaliyyət göstərməyə nail olur. Beynəlxalq Olimpiya Komitəsinin səmərəli fəaliyyətinin təməli onun fəlsəfi mükəmməlliyi, hüquqi bazası və təşkilati idarəetmə prinsipləri üzərində qurulsa da, bir beynəlxalq təşkilat olaraq, hərəkatın uğurları, şübhəsiz, onun üzvləri və həmkarlarının birgə və nailiyyətlərinin cəmi ilə səciyyələnir.

Olimpiya Xartiyasında deyilir: “Milli Olimpiya komitələrinin missiyası onlara müvafiq ölkələrdə Olimpiya Xartiyası əsasında Olimpiya hərəkatının inkişafı, tərəqqisi və müdafiəsini təmin etməkdən ibarətdir.” Odur ki, bu missiyanın həyata keçirilməsi üçün üzv ölkələrdə Milli Olimpiya Komitələri cəmiyyətin ayrı-ayrı təbəqələrini, qeyri-hökumət təşkilatlarını və ən başlıcası dövlət qurumlarını qarşıya qoyulmuş məqsədə nail olmaq üçün stumullaşdırmalıdır.

Fəaliyyəti bir əsrdən artıq dövrü əhatə edən Beynəlxalq Olimpiya Hərəkatına qoşulmuş bəzi ölkələr Olimpiya fəlsəfəsinin təbliği, Olimpiya Oyunlarında iştirak və hazırlığının təşkili məsələlərində uzunmüddətli təcrübəyə malikdirlər. Lakin, dünyanın siyasi xəritəsi dəyişdikcə Olimpiya Hərəkatının üzvlərinin say tərkibi və yaxud iştirak edən xalqların dövlət mənsubiyyətində də müəyyən dəyişikliklər baş verir.

Doxsanıncı illərdə dünyada baş verən mühüm siyasi  hadisələr yeni müstəqil dövlətlərin yaranması ilə nəticələndi. Yetmiş ildən artiq bir zaman kəsiyində SSRİ-nin tərkibində birgə fəaliyyət göstərən və dünyanın ictimai-siyasi müstəvisində bir dövlətin bayrağı altında təmsil olunan on beş sovet sosialist respublikaları da bir-birinin ardınca məhz doxsanıncı illərdə müstəqillik əldə edərək, keçid dövrünün bütün siyasi, iqtisadi və sosial problemləri ilə birgə yeni həyata, böyük dünyaya qovuşmaq öz xəfif addımlarını atmağa cəhd göstərməyə başladılar. Bu dövlətlərin arasında müstəqil Azərbaycan Respublikası, o beynəlxalq təşkilatların sırasında Beynəlxalq Olimpiya Komitəsi də var idi. O zaman bir-birinə çox uzaq görünən bu iki obyekt, qarşılıqlı səylər nəticəsində bu gün böyük inkişaf yolu keçmiş və əməkdaşlıqları dünya ictimaiyyətinə nümunə göstəriləcək bir səviyyəyə çatmışdır.

Sosializm cığırı ilə Olimpimpizmə gedən yol

Ölkəmizdə Olimpiya Hərəkatına böyük önəm verilir. Cəmiyyətimizdə “Olimpiya Oyunları”, “Olimpiada” sözləri “Olimpiya Hərəkatı” və “Olimpizm” ifadələrindən daha çox işlənilir və daha aydın başa düşülür. Əlbəttə  bunun da öz səbəbləri vardır. Dörd ildən bir təşkil edilən bu möhtəşəm yarış bayramının təntənəsinin canlı yayım vasitəsilə hər kəs üçün əlçatan olması və dünya dövlətlərinin çox böyük əksəriyyətinin bu festivalda iştirakı onun dünyada daha çox tanınmasına təsir edən ən asas səbəbdir. Digər tərəfdən, Azərbaycan idmançılarının Olimpiya Oyunlarında birinci dövr iştirakı keçmiş SSRİ-nin tərkibində yaşanılan dövrə təsadüf edir və bu illərdə Sovet siyasi ideologiyasının digər “burjua” mənşəli fəlsəfi təsirlərə məruz qalmaq ehtiyatından irəli gələrək “Olimpizm” konsepsiyasının təbliği məsələləri o qədər də cəlbedici deyildi. Hərçənd, Russiya Olimpiya Oyunlarına 1900-cu ildən (II Olimpiya Oyunları, Paris) qoşulmuş, daha sonra 1908 və 1912-ci illərdə də iştirak etmişdi, 1917-ci il inqilabından və 1922-ci ildə SSRİ-nin yaradılmasından sonra Sovet İttifaqının komandası Olimpiya Oyunlarına yalnız 1952-ci ildə qoşulmuşdur.

Azərbaycan idmançıları da elə həmin ildə ilk dəfə keçmiş SSRİ-nin tərkibində XV Yay Olimpiya Oyunlarında (Helsinki, 1952) beş idmançı ilə iştirak etmiş və xalqımızın idman tarixində ilk Olimpiya medalını qazanmışlar (güləşçi Rəşid Məmmədbəyov). Bu Olimpiadada respublikamızı təmsil edən daha bir idmançı da Olimpiya Oyunlarının bürünc mükafatını qazanmağa nail olmuşdu.

II Dünya müharibəsindən sonra nüvə silahına malik dünyanın iki nəhəng dövləti – SSRİ və ABŞ arasında davam edən soyuq müharibə, bu ölkələrin hər hansı bir vasitə ilə bir-birinə təsir etmək və qüdrətini nümayiş etdirmək istəyi, eyni zamanda, qarşı tərəfin hücumuna hər an hazır olmaq tələbi, ölkələrdə əhalinin fiziki və psixoloji hazırlıq məsələlərinin daim diqqət altında olması, əhalinin bütün təbəqələrinin kütləvi şəkildə bədən tərbiyəsi və idmanla məşğul olmağa çağırışı, nəticədə hər iki ölkədə idmanın əsaslı inkişafına və dünyanın ən mötəbər idman tədbiri olan Olimpiya Oyunlarının liderliyinin də əsasən bu iki dövlətin komandaları arasında bölüşməsinə gətirib çıxardı.

Sovet hökumətinin “SSRİ xalqlarının birinci Spartakiadasının hazırlanması və keçirilməsi haqqında” qərarı müttəfiq respublikalarda, o cümlədən Azərbaycan SSR-də də bədən tərbiyəsi və idmana marağı artırır, Azərbaycan idmançılarının həm İttifaq, həm də beynəlxalq səviyyəli yarışlarda yüksək nailiyyətlər əldə etməsinə sövq edirdi. SSRİ xalqlarının Spartakiadası ölkənin Olimpiya yığması üçün ən güclü idmançıları seçmək və ölkədə bədən tərbiyəsi və idmanın inkişaf səviyyəsini müəyyən etməyə gözəl imkan yaradırdı. Melburn Olimpiadasından öncə –1956-cı ildə ilk dəfə keçirilən Spartakiada SSRİ-nin qarşıdakı oyunlara yüksək səviyyədə hazırlığını təmin etdi. XVI Melburn Olimpiadasında (1956) Azərbaycan atleti Yuri Konavalov estafet yarışlarında digər komanda üzvləri ilə birgə Olimpiadanın gümüş medalını qazandı.

1960-cı ildə Romada keçirilən XVII Yay Olimpiya Oyunlarında da Azərbaycanın iki idmançısı SSRİ Olimpiya yığmasının tərkibinə daxil edilmişdi. Onlardan biri Yuri Konavalov Melburn Olimpiadasında əldə etdiyi nailiyyəti (estafet yarışı, gümüş medal) yenidən təkrar etdi. Digər idmançımız Yevgeni Saltsin isə  vaterpol komandasının heyətində daha bir gümüş qazandı.

Növbəti XVIII Tokio Olimpiya Oyunlarında respublikamızın altı təmsilçisi Sovet Olimpiya heyətində mübarizəyə qatılmışdılar. Bu oyunlarda təmsilçilərimizin müxtəlif idman növlərində çıxış etməsi artıq daha yeni idman növlərinin Azərbaycanda inkişafının yüksəlməsindən xəbər verirdi. Bu idmançılar arasında ilk qadın olimpiyaçımız, voleybolçu İnna Rıskal da var idi. Onun komandada liderliyi nəticəsində SSRİ yığması qadınlar arasında voleybol üzrə Olimpiya Oyunlarının gümüş medalını qazandı. Sərbəst güləşçimiz Aydın İbrahimov isə yarışlarda bürünc medala layiq görüldü. İki Azərbaycan vaterpolçusunun iştirak etdiyi (Nikolay Kuyznetsov və Zenon Bortkeviç) sovet komandası da oyunların bürünc mükafatını almağa müyəssər oldu. Tokio Oyunlarında Azərbaycan təmsilçisinin Olimpiya tarixində ilk dəfə Olimpiya çempionu titulunu qazanması ilə yeni bir şanlı səhifə yazıldı. Bu sevinci xalqımıza beşnövçülük yarışlarında uğurla çıxış edən Viktor Mineyev yaşatdı.

Mexiko oyunlarında (1968) respublikamız üç qadın idmançı ilə təmsil olunurdu. Onlardan ikisi voleybolçular İnna Rıskal və Vera Lantratova Mexiko Olimpiadasının çempionları kimi vətənə döndülər. Suyatullanma üzrə çıxış edən digər idmançımızın nəticəsi yüksək olmasa da, respublikamızda su idman növlərinin və eləcə də qadınların idmanla fəal məşğul olaraq ən mötəbər yarışlarda iştirak etməsinə, sözsüz ki, gözəl nümunə idi.

XX Yay Olimpiya Oyunlarının (Münhen, 1972) Olimpiya tarixində qanlı iz qoymasına baxmayaraq (İsrail idmançıları ərəb mənşəli terrorçular tərəfindən əsir götürülmüş və azadetmə əməliyyatı zamanı 9 idmançı həlak olmuşdur), oyunlar davam etmiş və Azərbaycandan da üç idmançı yarışlarda  mübarizəyə qoşulmuşdu. Olimpiya çempionu İnna Rıskal voleybol üzrə SSRİ yığmasının tərkibində yenidən Olimpiya çempionu adını qazandı. Yüngül atlet Aleksandr Karnelyuk estafet qaçışında gümüş medal qazanaraq, Azərbaycan yüngül atletika məktəbinin ənənələrini uğurla davam etdirdi.

1976-cı ildə Kanadanın Monreal şəhərində 32 Afrika ölkəsinin boykotu ilə keçirilən XXI Yay Olimpiya Oyunlarında SSRİ olimpiyaçılarının arasında yenə də ikiqat Olimpiya çempionu İnna Rıskal vardı. O, bu dəfə dördüncü Olimpiya medalını (gümüş) qazanır. Daha iki təmsilçimiz Rəfiqə Şabanova və Lyudmila Şubina Olimpiya proqramına ilk dəfə daxil edilən həndbol idman növü üzrə Sovet İttifaqının yığma komandasının tərkibində Olimpiya çempionu adına layiq görüldülər. Bu qələbə uzun illər Azərbaycanda həndbolun populyarlığının saxlanılmasına təsir etdi.

1979-cu ildə Sovet ordusunun Əfqanıstana daxil olmasına cavab kimi, ABŞ hökuməti digər dövlətləri 1980-cı il SSRİ-nin paytaxtı Moskva şəhərində keçirilən XXII Yay Olimpiya Oyunlarını boykota çağırdı. Bu çağırışa qoşulan 65 ölkə Olimpiya Oyunlarında iştirakdan imtina etdi. Buna baxmayaraq Moskva Olimpiadası yüksək səviyyədə təşkil etdildi. Bu Olimpidada Azərbaycanın 6 idmançısı SSRİ komandasının heyətində çıxış etdi və hər biri Olimpiya mükafatı qazandı. Larisa  Savkina həndbol üzrə Olimpiya çempionu oldu. Vasili Yakuşa birnəfərlik qayıqda, Viktor Pereverzev, Gennadi Kryuçkin və Aleksandr Lukyanov akademik avarşəkmənin digər növü üzrə gümüş medallar, Tatyana Şvıqanova qadınlar arasında otüstü hokkey yarışlarında bürünc mükafat əldə etdi.

Beynəlxalq Olimpiya Komitəsinin çağırışlarına baxmayaraq, Olimpiya Oyunlarının bütün dövrlərdə qismən siyasi təsirlərə məruz qaldığı müşahidə olunmuşdur. 1980-cı il Moskva Olimpiadasının boykot edildiyinə görə 1984-cü ildə Los Ancelesdə (ABŞ) keçirilən XXIII Olimpiya Oyunlarına Sovet İttifaqı və onun sosialist müttəfiqi olan 13 ölkə qatılmadı. Beləliklə, bir olimpiya dövrü (4 il) möhtəşəm idman bayramına hazırlaşan, kommunist rejimində yaşayan atletlər olimpiyaçı olmaq imkanından məhrum oldu. Seul Olimpiya Oyunları (1988) tarixində nəzərəçarpan inkişafla xatırlanır. Bu Olimpiadada iştirakçı ölkələrin və idmançıların sayı öncəki Monreal və Moskva Olimpiya Oyunlarından təqribən iki dəfə artıq idi. Sevindirici hal odur ki, bu yarışlarda respublikamızın təmsilçilərinin də sayı əvvəlki Olimpiadalara nisbətdə böyük fərqlə artaraq 18 nəfərə çatmışdı. İdmançılarımız yeddi idman növü üzrə mübarizədə iştirak etmişdilər. Bu isə böyük irəliləyiş idi. Avarçəkmə üzrə on bir nəfər təmsilçimizdən Vasili Yakuşa (ikinəfərlik qayıqda) bürünc medal, Aleksandr Lukyanov isə (səkkiznəfərlik qayıqda) gümüş medal qazandı. Qeyd etmək lazımdır ki, sovet avarçəkənləri XXIV Yay Olimpiya Oyunlarına 1980-cı illərdə Azərbaycanda istifadəyə verilmiş “Kür”  olimpiya avarçəkmə bazasında hazırlıq keçmişdilər. Həndbolçu Elina Quseva Sovet komandasının tərkibində bürünc medal qazanaraq Azərbaycan həndbol məktəbinin növbəti dördüncü Olimpiya mükafatçısı oldu. Azərbaycan idmançıları İlqar Məmmədov və Boris Koretskinin daxil olduğu SSRİ-nin rapira üzrə komandası qızıl medala layiq ğörüldü. Sovet futbolçularının da qazandığı Olimpiya qızılından həmyerlimiz İqor Ponomaryovun simasında Azərbaycana pay düşür (qızıl medal). Beləliklə, SSRi-nin tərkibində Olimpiya Oyunlarında son çıxışından idmançılarımız Azərbaycana altı Olimpiya mükafatı - üç qızıl, bir gümüş, iki bürünc medal gətirdi. Digər idman növlərində təmsil olunan idmançılarımızdan Məhyəddin Allahverdiyev (yunan-roma güləşi üzrə üç qat dünya çempionu) bu yarışlarda dördüncü, stolüstü tennisçi Valentina Popova isə altıncı olmuşdu. Bu olimpiadada stend atıcılığı üzrə idmançımız Valeri Timoxindən də yüksək nəticə gözlənilirdi, lakin idmançımız istəyinə müvəffəq ola bilmədi.

Seul Yay Olimpiya Oyunlarında xalqımız daha bir sevinc və qürur hissini Azərbaycan güləş məktəbinin yetirməsi, həmin dövrdə Belarusiyada yaşayan Kamandar Məcidovun Olimpiya çempionu titulunu qazanması ilə yaşayır.

Beləliklə, Azərbaycanın Sovet İttifaqının tərkibindəki 36 illik Olimpiya dövrü (1952-1988-ci illər), doqquz Olimpiya Oyunlarında iştirakı şanlı səhifələrlə tarixə yazılmışdır. Azərbaycan idmançılarının Sovet Olimpiya  komandasının tərkibinə daxil edilməsi, əslində, çox ağır bir proses idi. İlk növbədə 15 respublika idmançıları arasında ən güclü olduğunu sübut etmək lazım idi. Bundan əlavə, milli mənsubiyyətlə bağlı seçim qarşısında xalqımızın nümayəndələri heç də üstün mövqeyə malik olmurdular. Bütün bunlarla yanaşı, müstəqil Azərbaycan Respublikasının idman şərəfini möhtəşəm Olimpiya Oyunlarında layiqincə qorumaq üçün xalqımızın kifayət qədər böyük potensialı, mütəxəssisləri, idmançıları, təcrübəsi və qələbə əzmi vardı və bu potensial yalnız düzgün idarə olunduqda yenidən möhtəşəm nailiyyətlər əldə olunmasına şərait yaratdı.

(ardı var)

Səlhət ABBASOVA,

 fəlsəfə doktoru, Azərbaycan Respublikasının fəxri bədən tərbiyəsi və idman işçisi


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında